Baxiş sayı: 2484
Dərc olunub: 19/12/2021 - 09:00
Bölmə: Manşet
ABŞ başda olmaqla Qərb ölkələri Kremlə xəbərdarlıqla bildirirlər ki, əgər o, Ukraynaya hücum edərsə, Rusiyaya qarşı 2014-cü ildəkindən daha sərt maliyyə-iqtisadi sanksiyalar tətbiq olunacaq. Kreml yaxşı başa düşür ki, əgər onlar ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq maliyyə sisteminin təsirindən çıxmasalar, Rusiyanı daim təhlükə gözləyəcək. Ona görə də Rusiya bu problemlərin öhdəsindən gəlmək üçün iqtisadi cəhətdən özündən dəfələrlə güclü olan şərq qonşusu Çinə meyllənərək, onunla eyni mövqedən çıxış edir.Hazırda Rusiyaya qarşı sanksiya tətbiq olunması məsələsi dünya informasiya məkanının aktual mövzusudur.
”AzPolitika.info” sözügedən mövzu ilə əlaqədar beynəlxalq mətbuatda gedən bəzi fikirləri oxuculara təqdim edir.
Böyük Britaniyanın “Financial Times” qəzetinin
“Amerikanın Rusiyaya qarşı sanksiyasının öz təsir həddi var” başlıqlı məqaləsində deyilir: ”ABŞ Dövlət katibi Entoni Blinken bəyan edib ki, Ukraynaya təcavüz olunarsa Rusiyaya qarşı əvvəllər tətbiq olunan sanksiyalardan daha sərtləri tətbiq ediləcək. Bu tədbirlər sırasında rublun digər valyutalara konvertasiya olunmasını əngəlləmək, Rusiyanı SWIFT ödəmə sitemindən çıxarmaq, dövlət istiqrazlarının alınmasına məhdudiyyətlər qoymaq və “Şimal axını-2” qaz boru kəmərindən imtina etmək var.
Qloballaşma səbəbindən iqtisadi sanksiyaların səmərəliliyi aşağı düşüb. Çünki sanksiyalara məruz qalan təşkilatlara öz ticarətlərinin yönünü dəyişdirməyi təklif edən Çin “qara şahzadə”yə çevrilib.ABŞ Venesuela hökumətini devirmək məqsədi ilə bu ölkənin dövlət neft şirkətinə qarşı sanksiya tətbiq etsə də, onlar Rusiyanın “Rostneft” şirkəti vasitəsilə Çinə neft satırlar. İran da sərt sanksiyalar altındadır, ancaq Çin bu ölkədən neft almaqda davam edir. Bəs, əgər iqtisadi sanksiyalar lazımi təsir göstərmirsə, onda ABŞ nə üçün bundan istifadəni davam etdirir?
“Tafts Universiteti”nin (Tufts University) beynəlxalq məsələlər üzrə professoru
Den Drezner bildirib ki, sanksiyalar Amerikanın zəiflədiyini göstərir, onun düşmənləri artıq əvvəlki kimi Vaşinqtondan qorxmurlar. Sanksiyalar ABŞ əleyhdarlarında düşmən reaksiyası doğurur, müttəfiqləri isə qıcıqlandırır, sanksiya tədbirləri günahsız sadə insanların üzərinə yük kimi düşür. Ona görə də Amerika maliyyə sisteminə qarşı alternativ axtarırlar”.
Amerikanın “Bloomberg“ portalının “ABŞ Avropanı Rusiya enerji və bank sektoruna qarşı sanksiya qoyulmasının vacibliyinə inandırmağa çalışır” adlı məqaləsində qeyd edilir ki, ABŞ-ın istəklərinə baxmayaraq, bu məsələdə Avropa Birliyi ölkələri arasında yekdillik yoxdur. Həmin məqalədə deyilir: ”Mənbələrin məlumatına görə, siyahıdakı bəzi mümkün sanksiyalar içərisində Rusiyanın SWIFT ödəmə sisteminə girişini əngəlləmək də var. Lakin həmin tədbir xeyli problemlidir, çünki bu, qlobal enerji daşıyıcıları bazarında böyük kəsintilərə səbəb ola bilər. Narahatçılığın digər səbəbi isə Vladimir Putinin enerji resurslarının qiymətinin yüksəlməsi fonunda Avropaya təbii qaz tədarükünü dayandırması riski ilə bağlıdır. Xatırladaq ki, Rusiya Avropanın istehlak etdiyi qazın 40 %-ni təmin edir. ABŞ Almaniyanı Rusiya Ukraynaya təcavüz edərsə, ”Şimal axını-2” qaz boru kəmərini dayandırmağa çağırır. Berlindəki yeni hökumət bu məsələ ilə əlaqədar hələ ki, öz mövqeyini açıq ifadə etməyib. Amma Avropa Bilriyi ölkələri arasında vəziyyətin dəyərləndirilməsi ilə bağlı nəzərə çarpacaq fikir ayrılığı var. Məsələn, Pribaltika ölkələri və Polşa gərginlik ocağına yaxın olduqları üçün təhlükə hiss edirlər. Onlardan fərqli olaraq, digər Avropa ölkələri daha nikbin ovqatdadır. İstənilən sanksiya zərfini qəbul etmək üçün Avropa Birliyi ölkələri arasında yekdillik tələb olunur.”
Honkonqda dərc edilən ”South China Morning Post” qəzeti “Amerikan maliyyə sistemindən asılılığı azaltmaq üçün Çin və Rusiya öz ticarət şəbəkələrini yaratmağa çalışırlar” adlı məqaləsində Rusiya və Çinin bu istiqamətdəki birgə səylərinə yer verir. Qəzet yazır: ”Si Çzinpin Putinə deyib ki, qonşu ölkədəki uzunmüddətli sabitliyin dəstəklənməsi baxımından həmişə Rusiyanın yanında olmağa hazırdır. Putin isə öz növbəsində Tayvan məsələsində Pekini dəstəklədiyini bildirib. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov “TASS” İnformasiya Agentliyinə deyib ki, ”online-sammit”in gedişində Si Çzinpin və onun rusiyalı həmkarı Vladimir Putin Rusiya və Çin arasındakı ticarət əməliyyatlarına xidmət etmək üçün müstəqil maliyyə strukturunun formalaşdırılması səylərinin aktivləşdiriməsinin vacibliyinə xüsusi diqqət ayırıblar. O, əlavə edib ki “üçüncü ölkələr” bu struktura təsir edə bilməyəcək”.
Rasim Əliyev“AzPolitika.info”