Qazaxıstanın Alma-Ata şəhərindən həyacanlı xəbərlər daxil olmaqda davam edir. Son məlumatlara görə ölkə üzrə internet yenidən kəsilib, Alma-Ata küçələrində intensiv atəş səsləri və partlayışlar eşidilir. Qazaxıstan hakimiyyəti baş verənləri “terrorçu elementlərə qarşı xüsusi əməliyyat” kimi təqdim edir, lakin dinc nümayişçilərə qarşı atəş açılmasını əks etdirən görüntülər də var.
Xəbərlərə görə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Akademiyasının binası ətrafında şiddətli atışmalar olub. Orada akademiyanın rəisinin öldürüldüyü bildirilir. Məlumata əsasən akademiya rəisi binaya hücum edən silahlılarla atışmaya girən kursantlara başçılıq edirdi.
Bu arada əsasən Rusiya ordusunun desantçılarından ibarət olmaqla KTMT sülhməramlı qüvvələrinin Qazaxıstana yeridilməsi davam edir. Elə nümayişçilərə atəş açanların da əsasən rusiyalı muzdlular olduğu haqda xəbərlər var. Qazaxıstan prezidentinin administrasiya rəhbərinin müavini Dauren Abayev isə bildirib ki, KTMT qüvvələri “mühafizə funksiyalarını” yerinə yetirəcəklər və bilavasitə “terrorçu elementlərə qarşı əməliyyatlarda” iştirak etmirlər.
Bildirilir ki, Alma-Atanın silahlılardan təmizlənməsi əməliyyatını “Arıstan”, “Arlan”, “Berkut” xüsusi təyinatlı dəstələri və Müdafiə Nazirliyinin bölmələri həyata keçirir.
Qazaxıstan Daxili İşlər Nazirliyinin yaydığı son məlumata görə, iğtişaşlarda ölən hüquq-mühafizə orqanları əməkdaşlarının sayı 18-ə çatıb, yaralananların sayı 750-ni keçir. Habelə onlarla silahlının öldürüldüyü bildirilir, lakin öldürülənlərin sayının daha çox olduğu haqda xəbərlər var.
virtualaz.org