“CİN ŞÜŞƏDƏN ÇIXIB, KTMT ÇƏTİN Kİ, ONU YERİNƏ QAYTARA BİLSİN...” - “Nazarbayev Lukaşenko kimi Rusiyanın təsirindən çıxmağa cəhd göstərib və...”

10-01-2022, 16:44   




Analitiklər Qazaxıstanda yaşanan gərgin hadisələrin mümkün səbəbləri ətrafında və bundan sonra nələrin gözləndiyi barədə geniş müzakirələr aparırlar.
Dünya mətbuatında gedən siyasi icmallarda Rusiyanın Qazaxıstanı tam nəzarətə götürmək planından tutmuş, ölkədəki klanların qarşıdurmasına və hansısa digər xarici faktorlara kimi müxtəlif səpkili səbəblər və versiyalar irəli sürülür.
”AzPolitika.info” Qazaxıstan mövzusunda beynəlxalq KİV-lərdə gedən bəzi məqalələri təqdim edir.
Məsələn, Xorvatiyanın “Advance” analitik portalı “Qazaxıstandakı total böhranın analızi” başlıqlı məqaləsində sözügedən ölkədə baş verənlərin hansısa böyük hadisənin başlanğıcı ola biləcəyini qeyd edir: ”Qazaxıstanda vəziyyət kəskin və ciddi şəkildə gərginləşib. Bəs, əslində orada nə baş verir? Əsas versiyaya görə, təbii qazın qiyməti kəskin qaldırıldıqdan sonra iğtişaşlar meydana gəlib və prezident Tokayev təlaş içərisində hökuməti buraxıb, ardınca Rusiyanın başçılıq etdiyi “Kolektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı” adlı hərbi bloku ölkədəki vəziyyəti “sabitləşdirməyə”çağırıb.
Böyük əraziyə malik Qazaxıstan geostrateji cəhətdən çox mühüm ölkədir, çünki o, Rusiya və Çin kimi böyük dünya dövlətləri ilə həmsərhəddir. Bundan başqa Qazaxıstanda böyük faydalı qazıntı yataqları var və bunlardan biri də uran mədənləridir. Bu gün üçün uran elementi çox vacibdir, çünki hazırda bütün dünya yeni enerji növlərindən istifadəyə keçmək istəyir. Sözsüz ki, bu mənada uran çox əhəmiyyətli rol oynayır. Gəlin rəqəmlərə göz gəzdirək. Bizim əlimizdə 2018-ci ilin məlumatları var. 2018-ci ilin məlumatına əsasən Qazaxıstan həmin il 21 705 ton uran çıxarıb. Qazaxıstanın ardınca 7001 tonla Kanada, sonra isə 6517 tonla Avstraliya gəlir. Yəni, Qazaxıstan uran satışında prinsipial rol oynayır. Əgər bu ölkədə nələrsə baş verərsə, o zaman bu hadisələr bütün dünyaya təsir göstərəcək və uzunmüddətli sabitsizlik dövrü yaşanacaq.
Bəli, artıq “cin şüşədən çıxıb”, KTMT ordusu çətin ki, onu öz yerinə qaytara bilsin. 2019-cu ilə kimi Qazaxıstanda yalnız bir prezident vardı - nüfuzlu və güclü Nursultan Nazarbayev. Elə həmin il Nazarbayev hakimiyyəti indiki prezident Tokayevə ötürdü. Ancaq Nazarbayev uzağa getmədi, o, Qazaxıstan Təhlükəsizlik Şurasının sədri postunu özü üçün saxladı. Beləliklə də, Nazarbayev kölgədə dayanaraq ölkəni idarə edirdi.
Əslində, bizim bu gün Qazaxıstanda gördüklərimiz siyasi-xronoloji planda Belarusu xatırladır.

Düzdür, Qazaxıstandakı vəziyyət daha təhlükəli səviyyədədir. Heç kimə sirr deyil ki, Nazarbayev Lukaşenko kimi Rusiyanın təsirindən çıxmağa cəhd göstərib və hansısa anda hətta Putinə münasibətdə tənqidi mövqe də tutub. Postsovet Orta Asiyasında heç kim Rusiyaya qarşı bunu etməyə cəsarət göstərməyib. Məlum olduğu kimi, məhz Belarusdakı etirazlardan sonra Lukaşenko təlaş içərisində Rusiyanın qanadı altına qayıtdı.
Nazarbayev ABŞ ilə münasibətləri möhkəmləndirib və məhz ABŞ-ın iri transmilli şirkəti olan “Chevron” Qazaxıstanda ən böyük neft hasilatçısıdır. Qazaxıstan müsəlman ölkəsidir(ölkə əhalisinin 72 faizi müsəlmandır), amma buna baxmayaraq, o da digər postsovet müsəlman dövlətləri kimi dünyəvi ölkədir. Lakin bu, Qazaxıstan ərazisinin radikallaşmaması anlamına gəlmir. Həm də ki, indiki böhran bunun üçün ən yaxşı fürsətdir. Belə bir ssenaridən Rusiya və Çin çox qorxur.
Qazaxıstan Prezidenti Tokayev iddia edir ki, etirazçı kütlə içərisində xaricdə yaxşı təlim keçmiş terrorçular var. Aydındır ki, Tokayevdən belə bir bəyanat gözlənilən idi, çünki ölkənin hakim elitasını xilas etmək və KTMT-yə müraciət etmək üçün ona bu cür arqumentlər gərəkdir.
Bəs, xarici faktor aktivdirmi? Bunu demək çox çətindir.

İndiki böhran yenicə başlayıb, amma xarici güclərin yaranmış vəziyyətdən istifadə etməyə heç olmasa, cəhd göstərməməsini təsəvvür etmək çətindir, axı son aylar gücünü tamamilə Ukrayna sərhədinə yönəltmiş Rusiyanın imkanlarını parçalamq istiqamətində yaxşı fürsət yaranıb. Bütün bunların hamısı hansısa böyük hadisənin başlanğıcı ola bilər, yəni bu, gözlənilən iğtişaşların uzun illər ərzində sakit qalmış Orta Asiya ərazisinə yayılmasıdır.”
Fransanın “Les Echos” qəzeti “Putin nəyə görə Qazaxıstana müdaxilə edir?” başlıqlı məqaləsində yazır: ”Rusiya ordusu qazax rejiminə köməyə tələsir, çünki Kreml “böyük rus azlığının” yaşadığı qonşusunun xaosa qərq olmasına imkan verə bilməz. Qazaxıstan hadisələri müşahidəçiləri və həmçinin də Kremli qəflətən yaxalayıb. “Fransa beynəlxalq münasibətlər institutunun”(French institute of international relations) rus dünyası üzrə mütəxəssisİ Tatyana Kastueva-Janın sözlərinə görə, bu ölkə indiyədək sabitlik və Putinin xoşladığı avtoritar modernləşmə modelinin nümunəsi idi.

Rejimi yıxmağa çalışan nümayişçilər tərk edilmiş polis postlarından silah arsenalını qarət etdikdən sonra Qazaxıstan rəhbərliyi hərbi kömək üçün Köllektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət edib. Rusiya ordusunun bu ölkəyə girməsi hakimiyyətdən devrilmiş Nursultan Nazarbayevin otuz il ərzində qurduğu ölkə suverenliyini və həm də Qazaxıstanın Rusiya, Qərb və Çin arasında balans siyasətini tamamilə heçə endirdi.
Əhalisi çox olmayan Qazaxıstan Moskva üçün böyük geosiyasi əhəmiyyət daşıyır. Əgər əməliyyat siyasi risk daşıyarsa, onda hərbi vasitədən daha az istifadə olunmağa çalışılacaq. Silahlı nümayişçilər Rusiya tankları qarşısında çətin ki, duruş gətirsinlər. KTMT qoşunlarının Qazaxıstana müdaxiləsi uzun sürməyəcək. Ona görə də Moskva üçün “Əfqanıstan 1979” mövzusu hədsiz şişirdilmiş söhbətdir. Beləliklə, hələlik heç nə Vladimir Putini onun üçün prioritet olan Ukrayna məsələsindən yayındıra bilməz.”

Britaniyanın tanınmış “The Guardian” qəzeti isə “Putin Qazaxıstanda riskə gedir” başlıqlı məqaləsində KTMT-nin Qazaxıstandakı əməliyyatlarının risk daşımasına toxunur: ”Sovet İttifaqının başçılıq etdiyi Varşava paktı haqqında istehza dolu lətifədə deyilir ki, bu, dünyadakı yeganə hərbi alyansıdır ki, özü özünə hücum edib. Belə ki, təşkilatın tankları 1968-ci ildə islahatçı hərəkata qarşı savaşmaq üçün Praqaya girmişdilər. Qazaxıstana qoşun yeridən Rusiyanın rəhbərlik etdiyi KTMT-nin bu davranışı Sovet İttifaqının 1968-ci ildəki “Praqa baharı”nı və 1956-cı ildəki “Macarıstan inqilabı”nı yatırdarkən olduğu kimi, böyük səs-küy yaradıb.
Müştərək müdafiə paktı kimi düşünülmüş KTMT yarandığı 1999-cu ildən indiyədək birilkdə hələ heç bir əməliyyat keçirməyib. İndi bu təşkilat üzv ölkələrin birində baş verən daxili iğtişaşları yatıracaq.
KTMT baş katibi “RİA Novosti” agentliyinə bildirib ki, sülhməramlıların sayı 2500 nəfərə yaxındır və lazım gəldiyi təqdirdə, bu kontingent gücləndiriləcək. Putin ümid bəsləyə bilər ki, KTMT tezliklə Qazaxıstanda qayda-qanun yarada biləcək və öz növbəsində Qazaxıstanın Moskvaya minnətdarlıq borcu olacaq. Lakin unutmayaq ki, bu əməliyyat çox ciddi risk də daşıyır.”
Vaqif Nəsibov
“AzPolitika.info”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.