Almaniyanın Höttingen şəhərindəki Primat Tədqiqatları İnstitutunun alimləri koronavirusun “Omikron” ştammına qarşı əsas anticisimlərin faydasız olduğunu sübut ediblər.Cebhe.info xəbər verir ki, onlar infeksiyanın bu variantının əvvəlkilərdən daha sürətli yayıldığını bildirir və bütün dünyada dominant rolunu proqnozlaşdırırlar. Yanvarın 8-də Kiprdə əvvəllər müəyyən edilmiş, “Delta” və “Omikron”un xüsusiyyətlərini özündə birləşdirən yeni hibrid COVID-19 ştammı qeydə alınıb.
Kipr Universitetinin Biotexnologiya və Molekulyar Virusologiya Laboratoriyasının rəhbəri, əvvəllər Kipr Səhiyyə Nazirliyi yanında Pandemiya ilə Mübarizə üzrə Elmi Məsləhət Şurasına rəhbərlik etmiş Leontios Kostrikis bu mutasiyanın xüsusiyyətlərindən danışıb.
“Biz əvvəllər yalnız “Omikron” ştammı ilə yoluxma halları zamanı aşkar edilmiş xeyli sayda mutasiya tapdıq”, - deyə Kipr Universitetinin Biotexnologiya və Molekulyar Virusologiya Laboratoriyasının rəhbəri Leontios Kostrikis deyib. Kostrikis əlavə edib ki, Kiprdə “Deltakron” ştammı 25 nümunədə aşkar edilib. Onlardan 11-i COVID-19 ilə xəstəxanaya yerləşdirilən xəstələrə aiddir. Qalan yoluxma halları digər vətəndaşlarda qeydə alınıb. Rusiyanın əməkdar həkimi, epidemioloq Gennadi Onişenko koronavirusun yeni hibrid ştamının təhlükəsini şərh edib. O, “Deltakron”un zərərinin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) alimləri tərəfindən qiymətləndiriləcəyini vurğulayıb.
“Virus ştammları bir-biri ilə qarşılıqlı əlaqədə ola bilməz, onlar öz aralarında deyil, bizə qarşı mübarizədə yaranır və əmələ gəlir. Çox güman ki, burada “Omikron”un sələfində olan mutasiyaların qorunub saxlanmasından danışmaq olar”, - deyə Gennadi Onişenko vurğulayıb.
Onişenko xatırladıb ki, COVID-19-la mübarizənin ən effektiv üsulu peyvənd və revaksinasiyadır. Epidemioloq qeyd edib ki, koronavirus pandemiyasına 2022-ci ilin mayında son qoyula bilər. COVID-19-un yeni ştammlarının heyvan mühitinə daxil olması virusun ciddi mutasiyalarına və xəstəliyin yeni alovlanmasına səbəb ola bilər. Bunu isə Ural Federal Dairəsinin baş profilaktoloqu, Profilaktik Tibb Mütəxəssisləri Cəmiyyətinin elmi direktoru, tibb elmləri doktoru Sergey Tokarev və mikrobioloq, Rusiya Elmlər Akademiyasının akademiki Vitali Zverev deyib. Tokarev həm insanlarda, həm də heyvanlarda “Omikron” ştammını izləməyə çağırıb:
“Çünki birbaşa və dolanma zoonoz ötürülmə ilə bir gün müəyyən bir super mutant meydana çıxa bilər". O əlavə edib ki, mutasiya potensialı zəngindir, ona görə də pandemiya “Omikron”la bitməyə bilər.
Qeyd edək ki, bu gün Azərbaycanda da koronavirusun “Omikron” ştammı 12 nəfərdə aşkarlanıb. Bu barədə Səhiyyə Nazirliyi İcbari Tİbbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.
COVID-19 infeksiyası və onun ştammları ilə bağlı bizi nə gözləyir? Bu təqdidatlara əsasən, gələcək üçün hansı proqnozlar vermək mümkündür? Dünya “super mutant” təhlükəsi ilə üz-üzədirmi?Yaranmış suallarla bağlı
Cebhe.info-ya danışan həkim-infeksionist Mərdan Əliyev deyib ki, “Omikron”un virusun sonunu gətirəcəyi fikri daha məntiqlidir:
“Əslində, “Omikron”un pandemiyanın sonunu gətirməsinə ümidlər çoxdur. Bu, daha məntiqlidir. Çünki bu mutasiya daha çox immunitet formalaşdırır. Buna görə yeni ştamm əmələ gəlsə də, həmin immunitet yeni ştammlara qarşı qoruyucu olur. “Omikron” toplum immuniteti formalaşdırdığı və virulent patogenliyi zəif olduğu üçün daha çox ümid var ki, pandemiyanın sonunu gətirsin. Çünki bu, daha çox yuxarı tənəffüs yollarının infeksiyasını törədən fəsli, mövsümü infeksiyalara oxşayır. Bu, o halda belə olmaya bilər ki, “Omikron” sürətlə yenidən mutasiyaya uğrayar və “Omikron”un dominant olmadığı ölkədə başqa bir mutasiya meydana çıxar. Bu ehtimal isə inandırıcı deyil”.Həkim hər an yeni ştammın meydana çıxmasının mümkün olduğunu qeyd edib:
““Super mutant” təhlükəsi də ola bilər. Məsələn, Avropanın bir çox ölkəsində “Omikron” dominantdır. Əgər bu “Omikron” bizdə geniş yayılanadək başqa bir yeni ştamm meydana çıxarsa, o zaman vəziyyət dəyişə bilər. Böyük ehtimalla hələki bütün ölkələrdə “Omikron” ştammı sürətlə artıb, çoxalır və dominant olur. Bu, bizdə də belə olacaq”.İnfeksionist Mərdan Əliyev yaxın günlərdə ölkəmizdə yoluxma sayında artımın olacağını bildirib:
“Artıq bu ştamm bizdə də aşkarlanıb və yoluxma sayına təsir edəcək. Yenidən yoluxma sayında artımları gözləmək olar. Mütləq şəkildə, xüsusilə, fərdi qaydalara, maskalardan daha düzgün istifadə etməklə, toplum yerlərə girməməklə ciddi əməl etmək lazımdır. İndi 12 nəfərdə tapılıb, böyük ehtimal ki, həmin 12 nəfərin hərəsi də bir neçə nəfəri virusa yoluxdurubdur. Beləcə artan sırayla gedəcək”.Günay Şahmar
Cebhe.info