"KTMT Qazaxıstandakı situasiyaya operativ və nizamlı reaksiya verə bildi".Bunu Rusiya Prezidenti Vladimir Putin KTMT ölkələri rəhbərlərinin videokonfrans formatında keçirilən sammitində çıxışı zamanı deyib:
“Biz başa düşürük ki, Qazaxıstan dövlətçiliyinə yaranmış bu təhdid yanacağın qiymətinin artmasına görə baş qaldırmış kortəbii mitinqlərlə bağlı deyildi, onunla bağlı idi ki, situasiyadan daxili və xarici qüvvələr istifadə etmişdi".Putin qeyd edib ki, Qazaxıstanda baş verənlər keçmiş sovet respublikalarının daxili işlərinə birinci və axırıncı müdaxilə cəhdi deyil:
“KTMT xətti ilə görülən tədbirlər aydın şəkildə göstərdi ki, biz evimizdə situasiyanı qarışdırmağa imkan verə bilmərik və rəngli inqilablar adlanan ssenarinin reallaşmasına imkan verməyəcəyik. Kasım-Jomart Tokayevin qeyd etdiyi kimi, onların Qazaxıstana hücumu, mahiyyətcə isə ölkəyə hücumu, təcavüz aktı idi, mən də bununla tam razıyam. Bu hücuma ləngimədən cavab vermək lazım idi”.Görünən odur ki, Vladimir Putin bu açıqlaması ilə digər dövlətlərə də barmaq silkələdi. O, əslində bu fikirləri ilə planlarını da bir daha nümayiş etdirdi.
Maraqlıdır, bu açıqlamanın əsas məqsədi nədir?Bununla bağlı sabiq diplomat, politoloq Fikrət Sadıqov
Cebhe.info-ya deyib ki, Putin postsovet məkanında özünü əsas oyunçu hesab edir:
“Belə görünür ki, hər hansı bir postsovet respublikasında Moskvanın xoşuna gəlməyən bir hadisə baş versə, Rusiya qoşunlarını ora yeritməyə hazırdır.Aydındır ki, KTMT qoşunlarının əsas nüvəsi məhz Rusiya qüvvələridir. Əslində, KTMT nizamnaməsində qeyd olunub ki, hər hansısa üzv ölkəyə xarici təhlükə yaransa müdaxilə oluna bilər. Lakin Qazaxıstana hansısa xarici təhlükənin olması bəlli deyil. Hətta heç kim ora xarici qüvvələrin iştirak edərək, dövlət çevrilişinə cəhd göstərdiyini əminliklə deyə bilməz.Düşünürəm ki, burada müəmmalı məqamlarda çoxdur. Vladimir Putin əvvəlcədən hamını xəbərdar edir ki, Rusiya hər zaman öz maraqlarını müdafiə etməyə hazırdır. O deyir ki, hansısa keçmiş Sovet dövlətində buna oxşar hal yaransa, KTMT qüvvələri ora yeridilə bilər”.Politoloq bildirib ki, Azərbaycanın KTMT-nin üzvü olmadığını da nəzərə almaq lazımdır:
“Çünki Azərbaycan kifayət qədər peşəkar və diplomatik addımlarını atır. Biz əlimizdən gələni edirik ki, belə bir təhlükə ölkəmizdə yaranmasın”.Elmir
Cebhe.info