Qazaxıstan iğtişaşlarının arxasında duran Ablyazov kimdir?

17-01-2022, 13:18   




Rusiya, Ukrayna və Qazaxıstan tərəfindən beynəlxalq axtarışa verilmiş BTA Bankın keçmiş rəhbəri Muxtar Ablyazov Qazaxıstandakı müxalifət və etiraz aksiyalarının lideri olduğunu bildirib. O, Nursultan Nazarbayevin həbsi üçün milyonlarla dollar, etirazçılara 100 min dollar, etirazçılara tərəf keçəcək polis əməkdaşlarına isə 50 min dollar vəd edib.
Maraqlıdır, Moskva Mühəndislik Fizika İnstitutunun məzunu necə oliqarx, sonra isə qaçaq və müxalifətçi oldu?
Axar.az Muxtar Ablyazov haqqında məlumatı təqdim edir.
Qazaxıstanın keçmiş energetika, sənaye və ticarət naziri, sahibkar Muxtar Ablyazov həm də siyasi bloger kimi tanınır. O, Moskva Mühəndis Fizika İnstitutunu nəzəri fizika ixtisası üzrə bitirib. Universiteti bitirdikdən sonra Qazax Dövlət Universitetində kiçik elmi işçi, mühəndis vəzifələrində çalışıb. 1990-cı ildə Almatıdakı işindən çıxıb və bizneslə məşğul olub. “Mədinə” adlı kiçik müəssisəsinin direktoru, daha sonra “Astana-Holdinq” şirkətinin təsisçisi və prezidenti və KEGOC milli şirkətinin prezidenti olub. O, Qazaxıstan BTA Bankının direktorlar şurasının sədri vəzifəsində də çalışıb.
1998-ci ilin aprelindən 1999-cu ilin oktyabrınadək Nurlan Balqımbayevin hökumətində Qazaxıstanın energetika, sənaye və ticarət naziri olub. 1999-cu ilin oktyabrında o, Nazarbayev idarəetmə üsullarının sistemli islahatlar aparılmasını qeyri-mümkün etdiyini qeyd edərək, istefa verib. Elə həmin ildə Ablyazov mənimsəmədə, vəzifə səlahiyyətlərindən sui-istifadədə və cinayətkar dəstə yaratmaqda ittiham olunub.
O, direktorlar şurasının sədri olduğu müddətdə BTA Bankdan 7 milyarddan çox dollar mənimsəməkdə ittiham olunurdu. 2001-ci ilin noyabrında Qazaxıstanın Demokratik Seçimi hərəkatının yaradıldığını elan edib. Siyasi hərəkatın üzvləri dövlət vəzifələrindən uzaqlaşdırılaraq cinayət təqibinə məruz qalıblar. 2002-ci ilin martında Ablyazov həbs edilib. O, 6 il həbs cəzası alıb. Məşhur beynəlxalq insan haqları təşkilatları Ablyazovu vicdan məhbusu elan ediblər. 2003-cü il fevralın 13-də Avropa Parlamenti Ablyazova dəstək verən xüsusi qətnamə qəbul edib. Ablyazov 2003-cü ildə azadlığa buraxılıb. O, siyasətlə məşğul olmayacağı vədi müqabilində əfv olunub.
Milliləşdirilmiş BTA Bank London Ali Məhkəməsində Ablyazova qarşı mülki iddialar qaldırılıb. 2011-ci ilin yayında sahibkar Böyük Britaniyada siyasi sığınacaq alıb, lakin məhkəmə prosesi o qədər də uğurlu alınmayıb. 2012-ci ilin əvvəlində Ablyazov əmlaklarının siyahısını verməkdən imtina etdiyinə görə məhkəmə onu təqsirli bilib və 22 ay müddətinə azadlıqdan məhrum edib. Ablyazov həbsini gözləməyərək CAR pasportu ilə ölkəni tərk edib. London Ali Məhkəməsi ondan BTA Banka dəymiş zərərə görə 2,1 milyard dollar təzminat almaq qərarı verib. Eyni zamanda, o, “Bank Turan Alem” ASC-nin idarə heyətinin sədri Yerjan Tatişevi öldürməyi sifariş verməkdə ittiham olunaraq, Qazaxıstanda təqsirli bilinib və qiyabi olaraq ömürlük həbs cəzasına məhkum edilib. 2013-cü ilin iyulunda Fransa polisinin xüsusi təyinatlıları Ablyazovu Kann ətrafındakı villalardan birində həbs edib. Fransa hakimiyyəti onu Ukraynaya və ya Rusiyaya ekstradisiya etməli idi. Onun Qazaxıstanda olarkən, Rusiya və Ukraynada da şirkətlər açaraq, saxtakarlıq etdiyi bildirilir.
2016-cı il dekabrın 9-da Fransa iş adamının siyasi motivlərlə təqib edildiyini nəzərə alaraq onun ekstradisiyası ilə bağlı qərarı ləğv edib, ertəsi gün Muxtar Ablyazov üç il yarım qaldığı Fransa həbsxanasından azad edilib. Onun hazırda Paris şəhərində yaşadığı bildirilir.
2020-ci ildə o, siyasi qaçqın statusu alıb. Ablyazov Qazaxıstanın Demokratik Seçimi hərəkatını canlandıraraq, ölkədəki siyasi rejimi dəyişmək, prezidentlik institutunu ləğv etmək və Qazaxıstanın Baş naziri olmaq niyyətində olduğunu bildirib.
Muxtar Ablyazovun adı daha böyük məbləğdə çirkli pulların yuyulmasında da hallanır. Onun hazırda varidatının həcmi dəqiq bilinmir. Qazaxıstan hakimiyyətinin məlumatına görə isə BTA Bankdan 7,5 milyard dollar vəsait oğurlayıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.