Xəbər verdiyimiz kimi, Bakı Apellyasiya Məhkəməsində gəlinini öldürərək meyitini hissələrə bölüb, zibil qutularına atmaqda təqsirləndirilən İdris Məhərrəmovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.Hakim Ziya Şirinovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası yanvarın 27-nə təyin edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Məhərrəmov 18 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Həmçinin, aparılan istintaq prosesi nəticəsində qayınata mərhum gəlininin gözlərinə bıçaqla zərbə endirdiyini, qulağını və digər nahiyələrini kəsdiyini deyib. Lakin mərhumun ailəsi İdris Məhərrəmovun verdiyi ifadənin doğruluğuna inanmır.
Mərhum Banı Məhərrəmovanın bacısı İlkanə Əsədova bu barədə
Cebhe.info-ya danışıb. O, bacısının gözlərinin bıçaqlanması faktını təsdiq etməyib və ilginc iddia ilə çıxış edib. Bildirib ki, bacısının qayınatası onun gözlərini ovub çıxarıb:
“Idris Məhərrəmov deyir Banının gözlərini deşik- deşik edib, amma bacımın gözlərini ovub. Bacım boğulub, bu zaman ürəyi partlayıb dünyasını dəyişib. Biz kimə güvənək?! Məcburuq ki, canlı yayım açıb, hər şey barədə açıq danışaq. Məhkəməni niyə tez bağladılar? Məsələ bizi qane etmir”.İlkanə Əsədova bildirir ki, bacısının meyitinin şəklini morqda praktika keçən tələbə qızlardan biri ona göndərib. Şəkildə bacısının gözləri yerində, lakin ovulmuş vəziyyətdə olub: “
Morqda olan təcrübəçi tələbə qızlardan biri ilə danışmışam. Həmin qız mənə morqdan bacımın meyitinin şəklini gödərdi, baxdım. Məndə həmin xanımın səsi də var. Bacımın qayınatasının ifadəsi bir- birini tutmur. Mən istintaq işini bilmirəm, amma kənardan baxanda görürəm ki, hər şey ortadadır”.Qeyd edək ki, 2021-ci il yanvarın 27-də saat 01:00 radələrində Nəsimi rayonu 4-cü mikrorayon ərazisində yerləşən məişət tullantılarının atılması üçün nəzərdə tutulmuş zibil qutularında beş ədəd torbada doğranmış vəziyyətdə naməlum qadın meyitinin hissələri aşkar edilib. İstintaq-əməliyyat tədbirləri nəticəsində aşkar edilən naməlum qadın meyitinin 1989-cu il təvəllüdlü Məhərrəmova Banı Xudayar qızı olması və hadisəni isə zərərçəkmişin qayınatası - 1946-cı il təvəllüdlü İ.Məhərrəmov tərəfindən törədildiyi müəyyənləşdirilib. Belə ki, İ.Məhərrəmov gəlinin baş nahiyəsindən çəkiclə vurub, çoxsaylı bıçaq zərbələri yetirərək, onu xüsusi amansızlıqla qəsdən öldürüb, daha sonra mətbəx bıçağı və balta ilə meyiti ayrı-ayrı hissələrə parçalayaraq torbalara yığıb məişət tullantılarına atıb. Onun barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 245-ci (qəbir və ya meyit üzərində təhqiredici hərəkət) maddələri ilə ittiham irəli sürülüb.
Şəlalə Babayeva
Cebhe.info