ABŞ regionda gərginliyin artdığı bu günlərdə Ukraynadakı səfirliyinin əməkdaşlarının yaxınlarına ölkədən çıxmağı əmr edib.
Bir müddətdir ki, Rusiyanın Ukrayna sərhədlərinə qoşun yığması onun bu ölkəyə hücuma hazırlaşdığı təəssüratını yaradıb. Hərçənd Rusiya Ukraynanı işğal etməyi planlaşdırdığına dair iddiaları təkzib edir.
ABŞ Dövlət Departamenti Ukraynadakı səfirliyinin vacib işi olmayan əməkdaşlarının da ölkəni tərk etməsinə icazə verib.
ABŞ rəsmiləri Ukraynadakı ABŞ vətəndaşlarına ölkədən çıxmağı tövsiyə edib.
Dövlət Departamentinin rəsmi açıqlamasında bildirilib ki, Rusiyanın Ukraynaya qarşı ciddi hərbi əməliyyatlar planlaşdırdığına dair xəbərlər var.
Dövlət Departamenti davam edən gərginlik və "ABŞ vətəndaşlarına qarşı təzyiq potensialı" səbəbindən amerikalılara Ukrayna və Rusiyaya səyahət etməmək barədə xəbərdarlıq edib.
"Rusiyanın Ukraynaya qarşı ciddi hərbi əməliyyatlar planlaşdırdığı barədə məlumatlar var," - Dövlət Departamentinin məsləhətçisi bildirib.
Qurumun rəsmisi AFP xəbər agentliyinə bildirib ki, səfirlik hələ də açıqdır, lakin Ağ Evdən dəfələrlə xəbərdarlıq edilir ki, işğal "istənilən vaxt" ola bilər.
Onlar bildiriblər ki, hökumət "belə bir vəziyyətdə ABŞ vətəndaşlarını evakuasiya etmək iqtidarında olmayacaq".
BBC-nin müxbiri Barbara Plett Usher bildirir ki, ABŞ-ın bu addımı böhranların Amerika diplomatlarına zərər vura biləcəyi zaman Dövlət Departamentinin tətbiq etdiyi bir sıra ehtiyat tədbirlərinin bir hissəsidir.
NATO-nun hərbi müdafiə alyansının rəhbəri təqribən 100.000 rus əsgərinin sərhədə cəmləşməsindən sonra Avropada yeni qarşıdurma riski ilə bağlı xəbərdarlıq edib.
ABŞ Prezidenti Joe Biden tərəfindən təsdiqlənən 90 tonluq hərbi yardımın ilk hissəsi Kiyevə gətilib. Bu barədə ABŞ-ın Ukraynadakı səfirliyi bildirir.
"Ukrayna təhlükəsizliyinin təminatı üçün bu yaxınlarda Prezident Biden tərəfindən təsdiqlənmiş yardım paketinin bir neçə partiyasından birincisi bu gecə Kiyevə gətirilib," - səfirliyin Twitter-dəki açıqlamasında deyilir.
Məlumata əsasən, Kiyevə gətirilən yükə təxminən 200 min funt (təxminən 90 ton - red.) ölümcül silahlar, o cümlədən cəbhə xəttində "Ukraynanın müdafiəçiləri üçün" döyüş sursatları da daxildir.
Rusiyanın sərhəddə 100 min əsgəri var, lakin Moskva işğal planını inkar edir. Prezident Vladimir Putin təkid edib ki, Ukraynaya NATO-ya üzv olmağa icazə verilməməlidir.
Ötən cümə günü Rusiyanın Ukraynaya müdaxilə edəcəyi ilə bağlı xəbərlərin artdığı bir vaxtda ABŞ-ın dövlət katibi Entony Blinkenlə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş keçirilib.
Bundan əvvəl Blinken Moskvaya xəbərdarlıq edib ki, hər hansı bir qüvvə Rusiya-Ukrayna sərhədini keçərsə, bunun ağır nəticələri olacaq.
O, həmçinin NATO-nun Şərqi Avropada hərbi fəaliyyətdən əl çəkməsini istəyir.
Entony Blinken-in Lavrovla görüşü onun ABŞ-ın müttəfiqlərini rəsmi Moskvaya qarşı sanksiyalara dəstəyi artırmağa çağırmasından sonraya təsadüf edir.
Berlində Britaniya, Fransa və Almaniya rəsmiləri ilə müzakirələrdən sonra cənab Blinken cümə axşamı deyib ki, Rusiyanın Ukraynaya müdaxiləsinə icazə verilməsi "hamımızı bu qitənin və bu şəhərin ikiyə bölündüyü daha təhlükəli və qeyri-sabit bir zamana geri qaytaracaq... hamının başının üstündə hərtərəfli müharibə təhlükəsi var".
Dövlət Departamentinin rəsmiləri bildiriblər ki, cənab Blinken gərginliyi azaltmaq üçün cənab Lavrova "diplomatik yoldan kənar çıxış" təklif etməyə çalışacaq.
Böyük Britaniyanın Xarici İşlər Naziri Liz Truss da cənab Putini dəhşətli insan itkisinə səbəb olacaq "böyük strateji səhvə yol verməzdən əvvəl dayanmağa və Ukraynadan geri çəkilməyə" çağırıb.
Moskva israr edir ki, Ukraynaya hücum etmək niyyətində deyil, lakin NATO-nun genişlənməsinə qarşı "dəmir-beton" hüquqi təminat istəyir. Ötən həftə ABŞ və NATO rəsmiləri bunun müzakirəsindən belə imtina ediblər.
Prezident Vladimir Putin Qərbə bir sıra tələblər irəli sürərək təkidlə bildirib ki, Ukrayna heç vaxt NATO-ya üzv olmasın və müdafiə alyansı şərqə doğru genişlənməsini dayandırsın.