Xəbər verdiyimiz kimi, bir neçə gün öncə məhkəmə sabiq səfir Eldar Həsənovun əmlaklarının müsadirə olunması barədə qərar çıxarıb.Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə qəbul edilən hökmə əsasən, Eldar Həsənova 10 il həbs cəzası verilib.
Hökmə əsasən, həmçinin təqsirləndirilən şəxsin üzərinə həbs qoyulmuş aşağıdakı əmlakları müsadirə ediləcək:
-Sabunçu rayonu, Nardaran qəsəbəsində bağ evi və torpaq sahəsi;
-Nəsimi rayonunda yerləşən mənzil;
-Nərimanov rayonunda yerləşən mağaza; Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən torpaq sahəsi;
-Xətai rayonunda yerləşən fərdi yaşayış evi; Monteneqroda yerləşən mənzil.
Cinayət işi üzrə zərərçəkmiş qismində tanınmış Xarici İşlər Nazirliyinin nümayəndəsi məhkəmədə çıxış edərək 18 milyon 500 min manatın mülki iddia və digər zərərçəkmiş qismində tanınmış Maliyyə Nazirliyinin nümayəndəsi də dəymiş ziyanın tam ödənilməsi təmin edildi.
Xatırladaq ki, Eldar Həsənov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla həbs edilib.
Sabiq səfir, Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub.
Ümumiyyətlə, son 1 il ərzində bir çox məmurun bu və ya digər səbəblərdən təqsirkar bilinərək əmlakların müsadirə edilməsinə qərar verilib.
Cebhe.info son bir ildə əmlakına müsadirə qoyulan məmurları araşdırıb:
*Ötən ilin noyabr 22-də Yevlaxın keçmiş icra başçısı Qoca Səmədov külli miqdarda mənimsəmə, rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə saxtakarlığı kimi əməllərdə təqsirli bilinərək, özünə və yaxınlarına məxsus xeyli evlər, torpaq sahələri, obyektlər müsadirə olunub.Qoca Səmədovun müsadirə edilən əmlakları bunlardır:
-Hər birinin 377 min və 220 min manat dəyəri olan iki mənzil;
-Yevlax şəhərində 63 min 700 manat və 57 min 400 manatlıq iki obyekt;
-Yevlaxın Qoyunbinəsi kəndində ümumi dəyəri 61 min 800 manatlıq beş müxtəlif torpaq sahəsi;
-Rayonun Havarlı kəndində 18 min manatlıq torpaq sahəsi;
-Goranboy rayonunun Aşağı Ağcakənd kəndində cəmi 50 min 950 manat qiyməti olan üç ayrı torpaq sahəsi;
-Elə həmin kənddə 0.37 hektar ərazi və orada tikilmiş iki fərdi yaşayış evi – dəyəri 321 min manat;
-Yevlax şəhəri, Aran qəsəbəsində 200 min manatlıq "Su səsi" restoranı;
-Yevlax rayonunun Salahlı kəndində 2 min 159 kvadratmetrlik, 228 min manat dəyərində obyekt;
-Tikintisi yarımçıq qalmış, 251 min manatlıq ikimərtəbəli uşaq bağçası.
Habelə Qoca Səmədovun 30 min manat nağd pulu da müsadirə olunub.
Məhkəmədə Yevlax Rayon İcra Hakimiyyəti 1 milyon 546 min, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki "DOST" İş Mərkəzi isə 58 min manatlıq mülki iddia qaldırıb. Şəki Ağır Cinayətlər Məhkəməsi bu iddiaları təmin edib. Hökmə əsasən, keçmiş icra başçısı və yaxınlarının müsadirə olunan mülkiyyətinin bir hissəsi adları çəkilən qurumlara dəymiş ziyanın ödənilməsinə yönəldiləcək. Qalan hissə isə dövlət nəfinə keçiriləcək.
O cümlədən tikintisi yarımçıq qalmış uşaq bağçasının da dövlət nəfinə köçürülməsinə qərar verilib.
12 yanvar Şəki Apellyasiya Məhkəməsinin qərarına əsasən, Q.Səmədovun 7 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 6 ilə endirilib.
*Ötən ilin 21 dekabr tarixində daha öncə ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin əmlakları müsadirə edilib.Bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə elan olunan hökmdə bildirilib.
Qeyd olunub ki, onun Xətai rayonunda, İsmayıllı rayonunda yerləşən evləri müsadirə edilib, bank hesabına həbs qoyulub.
KİV-ə Dəstək Fondunun 24.2 milyon yeyintiyə görə saxlanılan icraçı direktoru Vüqar Səfərlinin bu əmlakları müsadirə edilib:
-“Mercedens Benz ML 350”, “Volksvagen Tuareg” və “Toyota Land Cruser” markalı avtomobilləri
-Xətai, Binəqədi və İsmayıllı rayonlarında toplam 10-dan çox yaşayış və torpaq sahələri (8000 kv m-dən çox)
-Banklarda toplam 1 000 000 AZN depoziti.
Məhkəmənin hökmünə əsasən, Vüqar Səfərli 10 il 6 ay azadlıqdan məhrum olunub.
*Ötən ilin 28 dekabr tarixində Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun bacanağının müsadirə edilən əmlaklarının siyahısı məlum olub.Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Həsənovun cinayət işi üzrə təqsirləndirilən bacanağı Ədalət Vəliyevə məxsus Bakı şəhəri, Yasamal rayonu, 525 məhəllə, Mətbuat prospekti, 23 ev ünvanında yerləşən ümumi sahəsi 12 535,9 kv/m-dən ibarət olan, dəyəri 36 milyon manatlıq əmlakı və prokurorluğun depozit hesabına qoyulmuş 1 milyon manat pul vəsaiti müsadirə olunub.
Məlumata görə, bu əmlak Ə.Həsənovun oğlu Şamxal Həsənovun adına olub. İstintaq dövründə o, əmlakı iş üzrə təqsirləndirilən Ə.Vəliyevə bağışlayıb. Daha sonra əmlakın üzərinə həbs qoyulub. Məhkəmə isə əmlakın müsadirə edilməsi ilə bağlı hökm çıxarıb.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Vəliyevə şərti cəza verilib.
*21 sentyabr “Azərxalça” ASC-nin İdarə heyətinin sabiq sədri Vidadi Muradovun əmlakına həbs qoyulub.Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Belə ki, istintaq zamanı dövlətə dəymiş ziyanın ödənilməsi məqsədilə təqsirləndirilən şəxs Vidadi Muradov və onun ailə üzvlərinin adlarına olan ümumi dəyəri 30 milyon 587 min manat təşkil edən yaşayış və qeyri-yaşayış sahələri, habelə “Azər-İlmə” MMC-nin səhm paylarının və aktivlərinin üzərinə məhkəmə qərarı ilə həbs qoyulması təmin edilib.
V.Muradov 2021-ci il noyabrın 5-də vəfat edib. Hazırda məhkəmədə hüquqi varis kimi onun həyat yoldaşı çıxış edir.
Bu ilin yanvarın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri, ev dustaqlığında vəfat edən Vidadi Muradovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Vüqar Quliyev çıxış edib.
Prokuror çıxışında təqsirləndirilən şəxsin barəsində irəli sürülən ittihamların sübut və dəlillərlə, həmçinin aparılan ekspertizalarla təsdiq edildiyini deyib. O, V.Muradova verilmiş maddələrlə onun təqsirli bilinməsini təklif edib.
Dövlət ittihamçısı söyləyib ki, V.Muradov məhkəmə istintaqı dövründə vəfat etdiyi üçün ona cəza təyin edilməməlidir.
Qeyd olunub ki, İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətindən verilmiş 640 min 922 manat məbləğində mülki iddianın ödənilməsi təmin edilməlidir.
Prokuror bildirib ki, mərhum V.Muradovun Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən 14 saylı evin 5 nömrəli mənzilin üzərinə qoyulmuş həbs götürülməlidir. Üzərinə həbs qoyulan və müsadirə edilən digər əmlaklar isə dəymiş ziyanın ödənilməsinə yönəldilməlidir.
Prosesdə zərərçəkmiş qismində tanınan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi cinayət əməli nəticəsində təqsirləndirilən şəxs tərəfindən vurulan 640 min 922 manat məbləğində maddi ziyanının dövlət büdcəsinə ödənilməsinə, həmçinin Binəqədi Rayon Məhkəməsinin qərarları ilə 19 milyon 144 min 554 manat məbləğində əmlaklar və 11 milyon 442 min 490 manat məbləğində olan səhm paylarının aktivlərinin satışından əldə olunann gəlirlər vergi orqanlarına ödənilməsini xahiş edib.
Qeyd edək ki, Vidadi Muradov Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib. O, vəzifədə olduğu müddətdə 3.5 milyon manat vəsaiti mənimsəməkdə şübhəli bilinirdi.
Naibə
Cebhe.info