Dmitro Dubasa elə gəlirdi ki, daha müharibələrdə iştirak etməyəcək.
Lakin indi ABŞ Rusiyanın Ukraynaya qarşı geniş miqyaslı hücuma keçəcəyi barədə xəbərdarlıq edir və veteran könüllü döyüşçü bunu nəzərə almaya bilməz.
"Keçən həftə çox narahat idim, hətta kömək almaq üçün psixoloq həkimimlə görüşdüm", - o etiraf edir.
Aylardır Ukraynanın Qərb müttəfiqləri Rusiya qoşunlarının sərhəddə toplaşmasına işarə edir. Xaricdəki hərbi təhlilçilər Vladimir Putinin öz qoşunlarını Kiyevə necə yönəldəcəyini göstərən saysız-hesabsız sayda ox nişanları ilə işarələnmiş xəritələr tərtib edib.
Ehtimal edilən belə müdaxilələrin istiqamətində yerləşən ukraynalılar hücumun baş verəcəyinə o qədər də çox inanmırlar.
Ancaq müharibə barədə bütün söhbətlər narahatedicidir.
"Rusiya hər an qoşunlarını bir neçə günə sərhədə toplayıb hücuma keçə bilər. Odur ki, onun indiki hazırlığı elə bir fərq etmir", - Kiyevdəki mənzilində danışan Dmitro söyləyir.
2014-cü ildə, ticarətdə işlədiyi dövrdə, Rusiyanın dəstəklədiyi qüvvələrə qarşı şiddətli döyüşlər başlayanda Dmitro şərqə axışan könüllü əsgər bölmələrinə qoşuldu. 2015-ci ildən bəri atəşkəs rəsmən elan olunsa da, müntəzəm olaraq pozulur və toqquşmaların qəfil eskalasiyası təhlükəsi həmişə mövcuddur.
Dmitro indi dinc həyat tərzinə qayıdıb, səngərdə keçirdiyi vaxtı ona qonaq otağında qəhvə masası kimi istifadə edilən, yenidən rənglənmiş və köhnə sursat sandığı xatırladır.
İndi, o, mümkün olan ən pis ssenariyə hazırlaşaraq əsəblərini sakitləşdirib: avtomobilinin bakını yanacaqla doldurub, ərzaq ehtiyatı alıb, hərbi hazırlığını gücləndirmək üçün ərazi müdafiə qüvvələri sıralarına yazılıb.
Qərb kəşfiyyatı Vladimir Putinin Kiyevi mühasirəyə almaq da daxil, müxtəlif planlarının olduğunu yazır.
Prezident Volodimir Zelenski də daxil olmaqla Ukrayna rəsmiləri əhalinin vahiməyə düşə biləcəyindən ehtiyat edərək, bu qəbildən olan proqnozların əhəmiyyətini azaltmağa çalışırlar.
Bu arada, şəhər məktəblərində bomba təhlükəsi və hava hücumundan müdafiə təlimləri keçirilir, sosial mediada kritik anlarda evakuasiyaya hazır olmaq üçün "çantanı götür, qaç" prinsipinə əsaslanan hazırlıq dərəcəsinə dair rəsmi təlimatlar yayılır.
İnsanlar isə hərbi əməliyyat zonasından çıxış marşrutlarını tərtib etməyə başlayıblar. Həmin marşrutların əksəriyyəti mümkün qədər tez bir zamanda avtonəqliyyatda qərb istiqamətində hərəkət etməyi nəzərdə tutur.
Hətta təqaüdçülər də həftəsonu məşqlərə qoşulurlar. Təlimlər Kiyevin kənarındakı meşəlik ərazidə, döyüş meydanını imitasiya edən beton fabrikinin xarabalıqlarında keçirilir.
Rəsmi kontraktın bağlanması üçün kişilərin yaşı artıq keçib, lakin hərbi təlimatçılar onları da rədd etmirlər.
61 yaşlı Vasil Nazarov təlimdə fasilə zamanı dincələrkən deyir ki, "Qərb müttəfiqlərimiz bizə silah verdikdən sonra rusiyalıların indi müdaxilə edəcəyini" düşünmür.
Vasil Nazarov ilk dəfədir bu təlimlərdə iştirak edir, odur ki, ona hələlik taxtadan kəsilmiş "silah" verilib.
"Düşünmürəm ki, onlar Kiyevə gəlib çatsınlar, lakin biz buna hazır olmalıyıq", - o əlavə edir.
"Mənim fikrimcə, Qərbin sərt sanksiyalar hədəsi Putini dayandıracaq", - Serhi Kalinin adlı digər bir kişi çəkdiyi siqaretin kötüyünü qar komasına ataraq deyir.
64 yaşlı Serhi Kalinin hərbi xidmətdə bir neçə onillik bundan əvvəl olub. Odur ki, indi hərbi hazırlığını təkmilləşdirmək üçün təlimlərə qoşulub.
"Düşmən bizim sərhədimizdədir", - o deyir. - "Odur ki, hamı hazır olmalıdır".
Özəl Priamyi telekanalında Rusiyanın Ukrayna ilə sərhədə 100 minə yaxın hərbçi yerləşdirməsi indi "bir nömrəli mövzuya" çevrilib.
Aparıcı Taras Berezovets Rusiya Prezidentini "qəfil addımlar atan birisi" kimi təsvir edir və Putinin "Ukraynanın heç vaxt suveren bir dövlət olmadığı" fikrini daim səsləndirməsindən narahatdır.
"Putin Sovet liderlərinin Şərqi Avropada onilliklər ərzində yürütdüyü siyasəti təkrarlayır, xalqı öz seçim hüququndan məhrum etmək istəyir", - jurnalist deyir.
Taras Berezovets-in özünün tərcümeyi-halı bu münaqişənin mürəkkəbliyini əks etdirir: onun ilk dili rus dili olub, çünki, o, əslən Rusiyanın 2014-cü ildə Ukraynadan qanunsuz ilhaq etdiyi Krımdandır.
Lakin cənab Berezovets deyir ki, onun kökləri onu nə Moskva yönümlü, nə də hər hansı "Rusiya dünyası"nın bir hissəsi yönümlü etmir.
"Biz öz seçimimizi 2014-cü ildə etdik: biz Rusiya "imperiyasının" bir hissəsi olmaq istəmirik", - o qətiyyətlə deyir. - "Aİ və ya NATO-ya qoşulmaq şansı olmasa belə, bizim hədəfimiz Qərb sivilizasiyasının bir hissəsi olmaqdır, bu da qanunun aliliyi, söz azadlığı deməkdir. Bunlar ukraynalıların mübarizə aparmağa hazır olduqları şeylərdir".
Qərb kəşfiyyatının hesabatlarına baxmayaraq, Dmitro Dubas və dostları Ukraynanın gələcəyi ilə bağlı miqyaslı döyüşlərin yaxın zamanda baş verəcəyini düşünmürlər.
Veteranlar hər ehtimala qarşı ailələrini təhlükəsiz yerə göndərməyi planlaşdırdılar və döyüşçülərin harada görüşəcəklərini və necə silahlanacaqlarını müzakirə edirlər.
Lakin bununla yanaşı onlar hazırda gündəlik işlərinə kökləniblər, daha onların iradəsindən asılı olmayan xarici təhlükəyə yox.
"Ukrayna üçün ən böyük başağrısının Rusiya ilə qonşuluq olması məşhur bir stereotipdir", - Dmitro mətbəxində yaxın dostları və həmkarları ilə oturub söhbət edərkən deyir.
Onun veteran könüllü həmkarı, ölkəsinin artıq üzləşdiyi və geridə qoyduğu bir çox böhranları sadalayır: 1986-cı ildə Çernobıl nüvə fəlakətindən tutmuş iki inqilabdan sonra şərqdəki müharibəyə qədər.
"Ukraynada ətrafdakı hər şeyin alov içində olması normaldır", - Artyo gülümsəyərək deyir.
"Hər gün, hər saat müharibə haqqında düşünsən, sadəcə dəli olarsan", - Yuliya adlı başqa bir dost da söhbətə qatılır.
"Axı, biz nə qədər istəsək də, Rusiyanı başqa yerə köçürə bilmərik. Bu, bizim qonşumuzdur və bunu nəzərə alaraq
yaşamalıyıq"/.bbc.com/