300 min dolları dəri çantaya doldurdu, üstünə göy-göyərti yığıb nazirliyə apardı “VÜSAL ƏLƏKBƏROV BUNU GÖRƏNDƏ GÜLMƏKDƏN UĞUNDU...”

16-02-2022, 12:21   



Ötən ilin oktyabrından etibarən Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) İstintaq Baş İdarəsinin rəisi Mövlam Şıxəliyev və onunla birlikdə mühakimə olunan istintaq idarəsinin rəis müavini Yasin Məmmədov, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilir.
virtualaz.org-un xəbərinə görə, prosesdə zərərçəkmiş Namil Rzayev dindirilib. O, ifadəsində “Texnikabank”da əmanəti olduğunu, M.Şıxəliyevin rəhbərliyi altında  “Texnikabank”da araşdırmalar başlandıqda Vüsal Ələkbərov tərəfindən MTN-nə çağırıldığını deyib. Zərərçəkmiş ifadəsində M.Şıxəliyevi polis əməkdaşı işləyən xalası oğlunun vasitəsilə tanıdığını söyləyib.

“Dedi şefin siyahısında adı olanlar 1 milyon dollar verməlidir...”
 “Şəhərdə ofisim var idi. Ofisin yanındakı binada Mövlam Şıxəliyev yaşayırdı. Ara-sıra onu görürdüm. Günlərin birində Vüsal Ələkbərov məni MTN-ə çağırdı. Dedi ki, sizi “Texnikabank” işi ilə bağlı həbs edəcəyəm. Məndən bir milyon pul tələb etdi. Dedim, Mövlam Şıxəliyevlə tanışlığım var, get çatdır, de ki, görüşmək istəyirəm. Vüsal Ələkbərov Mövlam Şıxəliyevin otağına getdi, az sonra qayıdıb gəldi. Dedi ki, Mövlam Şıxəliyev səni gözləyir. Mövlam Şıxəliyevin kabinetinə gəldik, məni çox yaxşı qarşıladı, xeyli söhbət elədi. Sonra siyahı göstərib dedi ki, bu, Eldar Mahmudovun siyahısıdır, sənin də adın bu siyahıda var. Şefin siyahısında olanlar bir milyon dollar pul verməlidirlər” – zərərçəkmiş ifadəsində belə deyib.

Zərərçəkən deyir ki, M.Şıxəliyevdən  cinayətinin nədən ibarət olduğunu, nəyə görə ondan bu qədər pul tələb edildiyini soruşub. MTN generalı “Texnikabank”a pul qoymusuz, bir faiz yazdırıb, iki-üç faiz almısız” deyə cavab verib: “Dedim müqavilə var, orada yazılıb ki, bir  faiz pul almışam. Mövlam Şıxəliyev dedi ki, pulu verməsən, həbs ediləcəksən, adın Eldar Mahmudovun siyahısındadır. O qədər pulumun olmadığını dedim. Mənə Eldar Mahmudovun yanına gedib onunla danışacağını bildirdi.  Bir qədər sonra gəlib dedi ki, 700 min dollar verəcəksən, barəndə cinayət işi başlanmayacaq”.
 “Vüsal dedi ki, aldığın çantanın içinə göy-göyərti yığ, gətir...”
 N.Rzayevin ifadəsinə görə, MTN-də ona fikirləşmək üçün vaxt veriblər. Növbəti dəfə M.Şıxəliyev özü onun işlədiyi ofisə gəlib. Deyib ki, Eldar Mahmudovla danışmışam, 500 min dollar verəcəksən, bundan aşağı qiymət yoxdur.

 ”Tanışlarım Nizami Kazımovu, Hüseyn Səfərovu “Texnibank”a əmanət qoyduqlarına görə qanunsuz olaraq həbs etmişdilər deyə, qorxdum. Ona görə məcbur olub razılaşdım. “Funikulyor”un yanında mənzilim vardı, onu satdım. Vüsala zəng vurub pulu hazırladığımı dedim. Dedi ki, “28 May”da mağaza var, get oradan dəri çanta al. Vüsal dəri çantanın 250 dollara olduğunu dedi. Gedib çantanı aldım.  Vüsal zəng elədi ki, aldığın çantanın içinə göy-göyərtini yığ, gətir. Elə başa düşdüm ki, pulu çantaya qoyandan sonra üstünə göyərtini ona görə yığdırır ki, kənardan baxan olarsa çantada göyərti olduğunu zənn etsin. 300 min dolları çantaya qoydum, üstünə də göyərti yığıb apardım. Vüsal pulu alanda gülməkdən uğundu, dedi ki, göyərti deyəndə dollar nəzərdə tutub. Yerdə qalan 200 min dolları da şəxsən Mövlam Şıxəliyevə verdim”, - zərərçəkən bildirib.
Vüsal Ələkbərov
Dövlət ittihamçısı zərərçəkmişdən pulu iki hissədə verməsinin səbəbini soruşub. N.Rzayev deyib ki, pulu iki hissəyə ayrıb verməyi ona M.Şıxəliyev tapşırıb: “Dedi ki, 300 mini Vüsal Ələkbərova ver, qalan pulu mənə verərsən. Amma bu haqda kimsə bilməsin. Bunun müqabilində Mövlam Şıxəliyev öz adına bir məktub yazdırmışdı. Həmin məktubda mən Mövlam Şıxəliyevdən xahiş edirdim ki, “Texnikabank”a qoyduğum əmanətin qaytarılmasına köməklik göstərsin. Lakin Mövlam Şıxəliyev məni aldatdı, “Texnikabank”dakı əmanətimi qaytarmadı”.
MTN - Milli Talama Nazirliyi
Daha sonra şahid qismində zərərçəkmişin qohumu Hüseyn Mustafayev dindirilib. Şahid N.Rzayevlə şərikli biznesləri olduğunu deyib: “Mövlam Şıxəliyev və ətrafındakılar Milli Təhlükəsizlik Nazirliyini Milli Talama Nazirliyinə çevirmişdilər. Namili hədələyib ondan pul tələb edirdilər. O da məcbur olub pulu yığmaq üçün evini satdı. Vüsal dəri çanta aldırdı, pulu içinə yığdıq, üstünə də göyərti yığıb aparıb vedik. 200 min dolları da Namil Mövlam Şıxəliyevin özünə verdi”.

Şahid deyib ki, pulu alarkən M.Şıxəliyev N.Rzayevə “Texnikabank”dakı əmanətinin ona qaytarılacağına söz verib: “Namil sonra dedi ki, Mövlam Şıxəliyev onu aldadıb, 200 min dolları alsa da, bank hesabındakı pulları ona qaytarmayıb”.
Dövlət ittihamçısı zərərçəkənin və şahidin ifadəsi ilə bağlı V. Ələkbərovun mövqeyini xəbər alsa da, sonuncu ifadə verməkdən imtina edib.
 Mövlam Şıxəliyev: “Mən kim olmuşam ki?..”
Eyni təkliflə dövlət ittihamçısı M.Şıxəliyevə də müraciət edib. M.Şıxəliyev istintaqa nəzarət edən prosessual şəxs olmadığını deyib: “Mən ancaq təşkilatçı idim. Müstəntiqlər kimi istəsəydilər çağırıb dindirə bilərdilər. Namil Rzayevin çağırılmasından məlumatsız olmuşam. Kabinetimdə onunla görüşməmişəm. İstintaqa nəzarət baş prokurorun 1-ci müavinində idi. Mən kim olmuşam ki? Kimin tutulması, kimin də buraxılması barədə məlumatlı olsam da, tutulub buraxılma ilə bağlı göstəriş verməmişəm. Namil Rzayevdən 200 min dollar alınması ilə bağlı deyilənlər də yalandır”.
Zərərçəkən Zaur Əliyev M.Şıxəliyevdən dostluq münasibətində olduğu şəxsin, yəni N.Rzayevin, qohumu H.Mustafayevin hansı səbəbdən onun əleyhinə ifadə vermələrini soruşub. M.Şıxəliyev isə “suala cavab vermirəm, ifadə verməkdən imtina edirəm”deyib.
Məhkəmə prosesi fevralın 22-də davam edəcək.
Virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.