Rusiya Ukrayna sərhədinə hərbi texnika yığmağa davam edərkən Dövlət Duması müstəqilliklərinin tanınmasıyla bağlı "DXR" (Donetsk Xalq Respublikası) və "LXR"-ın (Luqansk Xalq Respublikası) müraciətlərinə baxmağa hazırlaşır.
Avropa və ABŞ siyasətçiləri isə yaxın günlərdə Rusiyanın Ukraynaya hücum edəcəyi ehtimalından danışırlar. İkincisinin sərhədyanı Xarkov vilayətində də müharibədən danışırlar, amma bununla bağlı hər hansı hazırlıq prosesi gözə dəymir.
"Nə işimiz var, nə pulumuz. Müharibə də yoxdur. Yaxşısı budur, siz belyaş alın", - Xarkovdan bir saatlıq məsafədə və Rusiya sərhədindən cəmi 10 kilometr aralıda yerləşən Volçansk şəhərinin bazarındakı bir qadın belə deyir.
Bazar ertəsi olduğu üçün bazarda adam azdır. Ona görə də bekarçılıqdan darıxan satıcı qadın uzun-uzadı bizimlə söhbət edir, gənclərin işləmək üçün Polşa və Çexiyaya axışdığını deyir.
O, müharibə olacağına qətiyyən inanmır. Bu haqda danışanda elə hərarətli jestlər edir ki, arxasındakı taxta altlıqlarda yatmış iki pişik qorxub geri çəkilir.
Mərkəzi meydanda "Ten Men" pivə zavodunun direktoru Nikolay Vasilyeviçlə görüşürük. Bu müəssisə Ukraynada ən yaxşılarından hesab olunur, məhsulu ölkənin bütün böyük şəhərlərinə göndərilir, amma Volçanskda bu zavodun pivəsini almaq mümkün deyil: yerlilər daha sadə və daha ucuz olanlara üstünlük verirlər.
"Mən Volçanskı gələcəyin şəhəri hesab edirəm. Ümumiyyətlə, gələcək kiçik şəhərlərindir. İnsanın təbiətdə və harmoniyada yaşamaq istəyini məhz burda reallaşdırmaq olar. Böyük şəhərlərdə insan tənhadır, guşənişin həyat sürür. Volçanskda isə hamı bir-birini tanıyır", - Nikolay Vasilyeviç belə deyir.
O danışır ki, 2014-cü ilə qədər Rusiyanın sərhədə ən yaxın Şebekino rayonundan və Belqorod şəhərindən insanlar Ukrayna məhsulları almağa gəlirlərmiş.
"Rusiyayla münasibətlərin pisləşməsinə "bazarçıların" rəyini öyrənin. Hamısı şikayətlənəcək. "Hadisələrə" qədər ruslar gəlib böyük həcmdə alma, albalı, gilas alırdılar. Hətta sadəcə çörək və digər adi məhsulları da. Bizdə hər şey dadlı və daha ucuzdur. Onlar dadlı bişirə bilmirlər, nə üçünsə onlarda alınmır", - sonuncunu Nikolay Vasilyeviç gülərək deyir.
Volçansk sakinlərinin çoxu zavod direktorunun zarafatla "kontrabas" adlandırdığı sərhədlərarası ticarətdən pul qazanıb: Rusiyaya məhsul aparıb ordan çən dolusu benzinlə qayıdıblar - sərhədin o tərəfində benzinin qiyməti həmişə Ukraynadakından ucuz olub.
Münaqişə başlayandan sonra Ukraynanın şərqində sərhəddən keçən insanların və maşınların sayında kəskin azalma baş verib, sonrasa Volçankaya ən yaxın "Pletyonovka" sərhəd məntəqəsindən bircə nəfər də buraxmayıblar. Bu, şəhər sakinlərinin qazancını ciddi dərəcədə azaldıb.
Nikolay Vasilyeviçin sözlərinə görə, münaqişə böyüdükcə, insanların ovqatı da dəyişib: əvvəlcə "LXR" və "DXR"-in yaradılmasında Rusiyanın əli olduğuna inanmayıblar, sonra gənclərin çoxu ATO zonasından keçib və indi Volçanskda vətənpərvərlik ovqatı 2014-cü ilə qədər olduğundan xeyli çoxdur.
"Xüsusi adamlar" qərar veriblər ki, şeytanın durduğu yerdə kilsə ola bilməz və ona görə də Leninin heykəli olmuş yerə taxta xaç vurublar.
Nikolay Vasilyeviç deyir ki, son vaxtlar Qərb Kütləvi İnformasiya Vasitələri və siyasətçiləri Rusiyanın tezliklə hücum edə biləcəyi ehtimalından daha çox yazsalar da, Volçansk sakinləri kütləvi şəkildə Ukraynanın qərbinə axın etməyiblər. O, özü də hələ ki harasa getməyi planlaşdırmır:
"Adi adamlar hara qaçsınlar? Adi adamlar alman işğalı zamanı da necəsə yaşamışdılar. Bundan başqa, Volçansk özəl sektor şəhəridir. İnsanlar kartof becərirlər, zirzəmiləri var. Necəsə yaşayacaqlar. Ancaq necə? Məlum deyil".
Biz şəhərin əvvəllər Leninin adını daşıyan, indisə Kafedral adlanan küçəsində gəzişirik:
"Köhnə kilsənin yerində Leninin heykəli vardı. Onu yıxdılar və təkrar kilsə tikmək istədilər. Ancaq xüsusi adamlar dedilər ki, şeytanın durduğu yerdə kilsə olmayacaq. Başqa yerdə tikdilər. Heykəlin yerində isə indi taxta xaç var".
Qəflətən Nikolay Vasilyeviç səkidə əl ağacıyla gedən bir nəfəri səsləyir, sonra da onu mənə təqdim edir: "Bizim yazıçımızdır! Artıq xeyli kitab yazıb".
84 yaşlı Viktor Bondarenko onun dediklərini təsdiqləyir, son bir ildə altı kitab, o cümlədən, tanışları vasitəsilə Donbas münaqişəsi ərazisindəki ukraynalı döyüşçülərə göndərməyə hazırlaşdığı vətənpərvər şeirlər toplusu yazdığını bildirir.
"Mən müharibədən qorxmuram" deyən yazıçı Vladimir Putin haqqında kəskin ifadələr işlədir:
"Torpaqları toplayır. Öz Sibiriylə məşğul olaydı: orda yüz kilometrlərlə məsafədə bir mağaza tapılmır, bu gəlib Ukraynaya soxulub. Yeri gəlmişkən, mən Putinə şeir də yazmışam, amma siz onu dərc etməyin, orda onun haqqında çox pis sözlər var".
Nikolay Vasilyeviç yazıçıyla vidalaşır və biz yolumuza davam edirik. Hamının bir-birini tanıdığı bu kiçik şəhərdə addımbaşı ona salam verirlər. Yerlilərin fəxri olan aqreqat zavodunun yanında zavod direktoru daha bir tanışını - şəhər qəzetinin keçmiş redaktoru İqor İvanoviçi səsləyir:
"Şəhərdə niyə panika olmadığını və niyə heç kəsin çıxıb getmdiyini qonaqlarımıza de".
Keçmiş redaktor zarafatla cavab verir:
"Bu, psixoloji sabitlikdən və əhalimizin siyasi prosesləri yaxşı anlamasından xəbər verir".
Şəhərdən çıxıb Rusiya sərhədinə doğru irəliləyirik. Yolun vəziyyətindən hiss olunur ki, burdan əvvəlki qədər çox maşın keçmir. Şəhərdən çıxışda bir vaxtlar DOSAAF-ın (OADKYC - Orduya, Aviasiyaya, Donanmaya Könüllü Yardım Cəmiyyəti) uçuş məktəbinə məxsus olmuş, hazırda istifadə edilməyən aerodrom var. Ötən əsrin 80-ci illərində məktəbi Zaporojyeyə köçürüblər, az sonra o bağlanıb, Volçanskdakı kol-kos basmış aerodromda isə onlarla köhnə təyyarə və vertolyot qalıb.
Onların içindən qiymətli şeyləri çıxarıblar, bəzi hissələrini metallom üçün kəsib götürüblər, boş korpuslardan ibarət aerodromsa yerli ziyarət yerinə çevrilib: Xarkovdan və Ukraynanın digər şəhərlərindən bura şəkil çəkdirmək üçün gəlirlər, hətta kimsə salamat qalmış texnikalardan birinin üstünə "Məni qırma. Vertolyotcığaz" sözlərini də yazıb.
Aerodromdan sərhədə cəmi 5 kilometrdən də az məsafə var. Həmin aralıqda Ukrayna nömrəli mobil telefona bu ölkənin Moskvadakı səfirliyinin ünvanı yazılmış SMS gəlir: burda Rusiyanın mobil rabitə qüllələrinin siqnalı Ukraynanınkıların siqnalından daha güclüdür.
Ölkədə bir neçə il əvvəl bloklanmış Rusiya kanallarına da Volçanskda çox rahatlıqla baxmaq olur.
"Xüsusilə də pis havalarda. Çünki hava pis olanda Ukrayna kanallarını tutmaq praktiki olaraq mümkün deyil, Rusiyanınkılarsa əla göstərir", - Nikolay Vasilyeviç bunu gülə-gülə deyir.
Sərhədə aparan yolun hər iki tərəfində qarlı çöllər var, hərbçilər heç yerdə gözə dəymir.
"Əvvəllər yolu təmir etmirdilər ki, insanlar Rusiyaya tez-tez getməsinlər. Sonra təmir etdilər, amma gediş-gəliş birdəfəlik kəsildi", - Nikolay Vasilyeviç yenə zarafat edir.
Volçanska qonşu olan qəsəbələrin birində Milli Qvardiyanın hərbi hissəsi yerləşir, ancaq Rusiyanın tezliklə hücum edəcəyi barədə söhbətlər başlayandan sonra şəhərdə hərbi geyimli insanların çoxalması müşahidə edilməyib.
Sərhədin lap yaxınlığında sığorta şirkətinə məxsus qapısı mismarlanmış köşk və bir vaxtlar kafe kimi istifadə olunmuş, üstünə "Gürcü aksentli Ukrayna mətbəxi" yazılmış kiçik vaqon var.
Sərhədçilər - Dneprdən olan çağırışçı və onun komandiri deyirlər ki, bu hissədə sərhəd iki ildir ki, bağlıdır, şəkil çəkmək qadağandır, icazə üçün Xarkovdakı rəhbərliyə müraciət etmək lazımdır.
"Burda son aylarda vəziyyət dəyişməyib. Əlbəttə, aydındır ki, silahımız təkcə avtomatlardan ibarət deyil və biz həmişə istənilən ssenariyə hazırıq. Gücləndirilmiş rejim? 2014-cü ildən bəri bu rejimdəyik. Adətən, jurnalistlər qızışdırırlar, amma biz buralarda qeyri-adi heç nə görmürük. Elə sərhədin o biri tərəfində də. Bizdə sakitlikdir: dovşanlar, bəzən də qabanlar qaçışırlar".
Şimaldan gözlənən hücuma qarşı hansısa xüsusi hazırlıq işlərinə rast gəlmədən sərhəddən uzaqlaşırıq. Ukrayna hökumətinin Rusiyayla sərhədə "divar" çəkəcəyi barədə açıqlamasını xatırlayıb Nikolay Vasilyeviçdən planın aqibətini soruşuruq.
O gülümsəyərək belə cavab verir:
"Hə, "divar" üçün çınqıl daşıdılar. Nə qədər adam düzülmüşdü o çınqılın üstünə! Pul da verdilər, çınqıl da daşıdılar, amma heç bir nəzarət yoxuydu axı".
Qonşu sərhəd keçid məntəqəsində - Simferopol yolundakı "Qoptovka"da da oxşar vəziyyətdir. Amma bu məntəqə işləməyə davam edir və burdan sərhədi keçmək mümkündür.
Xarkovla Qoptovka arasındakı məsafə 50 km-dən bir qədər azdır. 2014-cü ilə qədər burda fasiləsiz gediş-gəliş olub: bu yolla Rusiyadan Krıma gediblər. İndi yol bomboşdur: nə hərbçilər var, nə nəzarət məntəqələri, nə də DAM-ın növbətçi postları. Bir vaxtlar mallar və turistlər üçün əsas giriş-çıxış nöqtəsi olan bu yer hazırda ölü vəziyyətdədir. Onunla birlikdə yol kənarlarındakı infrastruktur - yanacaqdoldurma stansiyaları, kiçik mağazalar və qəhvəxanalar da tədricən ölməkdədir.
Sərhəddən bir kilometr aralıda isə tırların tıxacı başlayır: Ukrayna, Azərbaycan, Qırğızıstan, Moldava nömrəli yük maşınları növbəyə durublar. Onların arasında Rusiya nömrəli bircə maşın da yoxdur.
Əvvəllər "Kazak Lopanı" dəmiryolu stansiyasında - sərhəddən sonrakı ilk stansiyada Ukrayna gömrüyü vardı və perronda gecə-gündüz şıdırğı alver gedir, qarğıdalıdan və alkoqoldan tutmuş paltara qədər hər şey satılırdı.
İndi qəsəbə ölmüş kimi görünür, evlərin çoxunun qapısı mismarlanıb, stansiyada əliavtomatlı bir sərhədçi var-gel edir, gömrük binasının qapısına qıfıl vurulub.
Ən çox adamın - düz 5 təqaüdçünün olduğu yer kilsədir. Binanın qapısına kilsə bağlıykən gələn ziyarətçilər üçün Mixail atanın nömrəsi yazılmış elan vurulub.
Sərhədə yaxın Qranov qəsəbəsi isə daha canlı təsir bağışlayır. Burda maşınlara rast gəlmək olur, bir neçə evin sobası yanır.
Biz donmuş qış yoluyla Rusiya sərhədinə qədər gedib çıxırıq - nə gücləndirmə, nə də sərhədçilər var. Sağda və solda - kilometrlərlə uzanan çöllərdə hər hansı qoşun yerləşdirilməyib.
Yerlilər xatırlayırlar ki, əvvəlki illərdə yayda rusiyalılar sərhədi hətta velosipedlə də keçirdilər; belqorodlular Xarkova, adətən, ərzaq və ya paltar almaq, ya da istirahət günlərində kinoya getmək üçün gəlirdilər.
Hazırda sərhəd keçid məntəqəsi də boşdur, bu tərəfə adlayan cəmi iki piyada gözə dəyir. Yol kənarındakı kafedə oturmuş yaşlı qadın mövcud siyasi duruma görə narahat olan yeganə insandır:
"Siz Rusiyadan gəlirsiz, yoxsa ora gedirsiz? Bu gün qərar çıxdı ki, daha kişiləri ordan bura buraxmayacaqlar. Deyirlər, çevriliş olacaq. Bizi aparacaqlar, Kiyev təkbaşına qalacaq".
Ukraynanın Sərhəd Xidməti Rusiyadan gələn kişilərin sərhəddən buraxılmayacağı xəbərini təkzib edib. Ancaq yaxın günlərdə çətin ki, kimsə bunu praktikada yoxlamaq istəsin./BBC.com/