UKRAYNA SƏRHƏDİNDƏ VƏZİYYƏT GƏRGİNLƏŞDİ - Zelenski sərhədə yollanıb + VİDEOLAR

17-02-2022, 15:21   



Bu gün səhərdən başlayaraq, Ukraynanın Luqansk vilayəti istiqamətində vəziyyət gərginləşib.
“AzPolitika.info” xəbər verir ki, öncə qondarma LNR-ə istinad edən Rusiya mətbuatı Ukrayna Silahlı Qüvvələrinin separatçıların mövqelərini atəşə tutduğunu bildirib. Ardınca isə Ukraynanın rəsmi orqanları Rusiyanın dəstəklədiyi separatçıların Ukraynanın nəzarətində olan yaşayış məntəqəsini top atəşinə tutduğunu bəyan edib.
Xəbərdə deyilir ki, Luqansk vilayətinin ukraynanın nəzarətində olan eyni adlı kəndinin artileriya atəşinə məruz qalması nəticəsində uşaq bağçasına top mərmisi düşüb. İki mülki şəxs xəsarət alıb. Kəndin yarısının işıqsız qaldığı və əhalinin təhlükəsiz əraziyə köçürüldüyü bildirilir.
Bu arada Ukrayna Prezidenti Volodimir Zelenski öz “insatqram” səhifəsində Donbas istiqamətinə, ölkə Silahlı Qüvvələrinin mövqelərinə yollandığını yazıb və bununla bağlı video yerləşdirib. Prezident paylaşımında bildirib ki, “Donbasda vəziyyət sakit deyil” və əraziyə yollanması dövlət sərhədlərinin qorunması şəraitinin yoxlanması ilə bağlıdır.






Qeyd edək ki, ABŞ administrasiyasındakı mənbə ABC News kanalına bildirib ki, “qoşunların geri çəkilməsi” barədə xəbərlərdən sonra Rusiya Ukrayna sərhədlərinə daha 7 min nəfərlik qüvvə cəmləşdirib.
“Rusiya Ukrayna sərhədləri boyu öz hərbi iştirakını son günlər daha 7 min nəfər hərbçi ilə genişləndirib, üstəlik onların bir hissəsi ötən gün fevralın 16-da gəlib”, - yüksək rütbəli mənbə bildirib.

Bundan əvvəl ABŞ dövlət katibi Entoni Blinken də Rusiya qoşunlarının geri çəkilməsini hələlik qeydə almadıqlarını açıqlamışdı.
Bu arada virtualaz.org-ın məlumatına görə, Böyük Britaniya kəşfiyyatı qeydə alıb ki, Rusiyanın dərinliklərindən Ukrayna sərhədlərinə əlavə zirehli texnika kalonları, döyüş vertolyotları və səhra hospitalları daşınır. Böyük Britaniya kəşfiyyatının rəhbəri Cim Hokenhall bildirib ki, Moskvanın qoşunların geri çəkilməsinə dair bəyanatlarına baxmayaraq regionda cəmləşmə davam edir.
“Biz Rusiyanın qoşunlarını Ukrayna sərhədlərindən geri çəkməsinə dair sübutları görməmişik. Rusiyanın hazırda kifayət qədər hərbi gücü var ki, Ukraynaya müdaxiləni həyata keçirsin”, - Hokenhall bildirib.

Ukraynalı jurnalist Yuri Butusov da sərhədboyu cəmləşmənin davam etdiyini yazır. “Situasiya olduqca təhdidedicidir. Belə şey hətta 2014-cü ildə olmamışdı. Qoşunların geri çəkilməsi müşahidə olunmur, hazırda Ukrayna sərhədlərinin bilavasitə yaxınlığında 56 batalyon-taktiki qruplaşması var. Daha 13 batalyon isə sərhədin 400 kilometrə qədər məsafəsində yerləşdirilib. Onların ehtiyat qüvvə olduğu təxmin edilir, zərurət yaranarsa bir neçə günə sərhədə gətiriləcək”, - jurnalist bildirib.
Onun məlumatına görə əsas cəmləşmə şimal sərhədlərində müşahidə olunur. 14 batalyon-taktiki qruplaşması Voronej vilayətinin Valuyki rayonunda cəmləşib, buradan Luqansk vilayəti istiqamətində hücum gözlənilir. Xarkov istiqamətində 4 batalyon-taktiki qruplaşması var, Kiyev istiqamətində isə 9 batalyon-taktiki qruplaşması cəmləşdirilib.
Xatırladaq ki, daha əvvəl ABŞ kəşfiyyatı hücumun fevralın 16-da başlayacağını bildirirdi. Lakin bu proqnoz gerçəkləşmədi, bununla belə ABŞ rəhbərliyi hücumun “istənilən vaxt”, o cümlədən hazırkı həftə ərzində başlaya biləcəyini bildirir.
“AzPolitika.info” 
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.