ABŞ arzusuna çatdı, Rusiya dəhşətli səhv etdi: Oyun başladı

22-02-2022, 13:44   




09:07
Rusiya lideri Vladimir Putinin Luqansk və Donetskdəki qondarma qurumları tanıması və bu ərazilərin qorunması üçün rus ordusuna “sülhməramlı missiya” çərçivəsində o torpaqlara girməsini tapşırması hansı anlama gəlir?
Əksəriyyət Putinin bu əsəb savaşından qalib ayrıldığı və “Qordi düyünü”nü qılıncla kəsdiyini düşünür, itirənin isə yalnız Ukrayna olduğu qənaətindədir.
Əslində isə heç də hər şey göründüyü kimi deyil.
ABŞ aylardır buna çalışır və Rusiya ordusunun Ukraynaya girməsinə nail olmaq istəyirdi. Çox güman ki, rus ordusu artıq bugündən başlayaraq, Donbasa daxil olacaq. Bunun üçün bütün hazırlıqlar da tamamlanıb: Belarusdan Krıma qədər Rusiya ordusu Ukraynanı dövrələmişdi, indi həmin qüvvələrin əhəmiyyətli hissəsi Donbas bataqlığına daxil olacaq.
ABŞ arzusuna çatdı: iki slavyan dövləti arasında çatı geridönməz səviyyəyə qaldırdı! Putin dünənki çıxışında Ukrayna dövlətçiliyini ən ağır sözlərlə aşağıladı, bu dövlətin ümumiyyətlə rus torpaqları üzərində, bolşeviklər tərəfindən qurulduğunu bildirdi və ukraynalılar üçün heç vaxt unudulmayacaq təhqirlər səsləndirdi.
Ukrayna əhalisinin sayı 37 milyon civarındadır (2019 statistikasına görə), Donbasda yaşayanların əhəmiyyətli hissəsini və son ildə Ukraynadan köçənləri də çıxandan sonra tam 30 milyonluq bir əhali qalır. Bu, ətrafında bütün konfliktlərin içərisində olan və hər il sayı 1 milyon azalan 140 milyonluq Rusiya üçün dəhşətli düşməndir. Bu dövlətin 300 minə yaxın hərbi qüvvəsi var, son vaxtlar ciddi şəkildə silahlı qüvvələrini təkmilləşdirib və qüdrətli bir ordu qura bilib.
Rusiya Donetsk və Luqanskın da məsuliyyətini üzərinə götürməklə, növbəti ağır xərc və hərbi konfliktə cəlb edildi. Bu, Rusiya ətrafında neçəncidir? Gürcüstan, Qazaxıstan, Dnestryanı, Yaponiya ilə adalar probleminin və sairin ardınca Ukrayna kimi çox ciddi bir konfliktə ordu ilə daxil olmaq Rusiya üçün nə deməkdir?
Ukrayna heç vaxt ərazi bütövlüyündən əl çəkməyəcək, dünya isə büsbütün Rusiyanın üzərinə gələcək. Rusiyanın ətrafında konflikt yaratdığı ölkələr də Rusiya siyasətlərini gücləndirəcəklər.
Qərb ən ağır sanksiyaların tətbiqinə başlayacaq, ucsuz-bucaqsız Rusiyada mərkəzdənqaçma meyilləri güclənəcək, separatizm Rusiyanın daxilinə yayılacaq və ölkə bu iqtisadi-siyasi-etnik təzyiqlər önündə sürətlə çökməyə başlayacaq.
Rusiyada əhali artımı yoxdur, Şərqdən Qərbə qədər uzanan böyük torpaqlarında məskunlaşmağa adam tapmır, imperiya iddiaları səbəbindən sərmayə sürətlə ölkədən çıxır. Rusiya faktiki olaraq bir müddətdən sonra qeyri-rusların məmləkətinə çevriləcək.
Vyetnamda, Koreyada ABŞ-la savaşmaq, Latın Amerikasında ABŞ sərhədinə çıxmaq SSRİ-yə baha başa gəlirdi, ancaq Əfqanıstan SSRİ-nin çöküşünün bünövrəsini qoydu.
İndi də Ukrayna Rusiyanın çöküşünün sürətlənməsi üçün olduqca böyük tələdir. Bu tələdən çıxmaq, Rusiyanı geri qaytarmaq və xilas etmək artıq mümkün deyil.
Nə vaxta qədər Rusiya bu insani, iqtisadi resursları sümürən prosesə tab gətirə biləcək?
Rubl hətta Putin canlı yayımda Donetsk və Luqansk qondarma qurumlarını tanımağa hazırlaşarkən ucuzlaşmağa başladı, artıq bir dollar 80 rublu keçib. Proqnozlara görə, ən qısa müddətdə dollar Rusiyada 100 rubla çatacaq və birjaların çöküşü, iqtisadiyyatın iflic olmasının şahidi olacağıq.
ABŞ-ın yalnız orduya ayırdığı vəsait (770 milyard dollar) Rusiyanın ümumilikdə büdcəsindən 2 dəfədən də artıqdır. Təkcə Maskın sərvəti Rusiyanın illik büdcəsinə bərabərdir. ABŞ ilə hansı uzunmüddətli mübarizə aparmaq olar ki?
ABŞ aylardır məhz Rusiyanı bu uzunmüddətli prosesə sürükləmək üçün əsəb müharibəsi aparırdı. Rusiyanın əsəbi tap gətirmədi, ötən həftə ərzində Baydenin açıqlama və zəngləri nəhayət, bu qürurlu rus liderini özündən çıxartdı.
ABŞ Rusiyanı böyük, dağıdıcı və fəlakətli oyuna saldı...
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.