Rusiya prezidenti Vladimir Putin son həftələrdə təkcə Ukrayna və Rusiyaya yox, bütün dünyaya uzunmüddətli təsiri olacaq bəzi mühüm qərarlar qəbul edib. O bunu təkbaşına edib, yoxsa kimlərləsə məsləhətləşib? Bəzi analitiklərin də dediyi kimi, Moskvanın militarist mövqeyi güc strukturlarının rəhbərlərinin Putinə təsirinin nəticəsidirmi?
Rusiyanı "super prezidentlik respublikası" adlandırmaq olar. Çünki ölkə idarəçiliyində ən vacib qərarları ən böyük gücə və səlahiyyətə sahib Vladimir Putin verir.
Ancaq bu qədər geniş səlahiyyətlərə malik olmasına baxmayaraq o, yaxın çevrəsindəkilərlər, xüsusən də uzun müddətdir bir yerdə çalışdığı və ən çox güvəndiyi şəxslərlə də məsləhətləşir. Bu şəxslər arasında təhlükəsizlik xidmətlərinin təcrübəli və radikal mövqeli məmurları da var.
Rusiyada "silovik" ("Sila" rusca güc deməkdir) adlandırılan bir sıra təhlükəsizlik və hüquq-mühafizə orqanları var. Postsovet dövründə Vladimir Putin öz karyerasına bu təşkilatlardan birində - Rusiya Federal Təhlükəsizlik Xidmətində (FSB, keşmiş KQB) başlayıb. Putin hakimiyyətə gələndən sonra "silovik"lərin ölkə siyasətinə təsiri artıb.
Rusiyanın daxili və xarici siyasətinin ən mühüm qərarları, adətən, Təhlükəsizlik Şurasının iclaslarında qəbul edilir.
Ümumilikdə 30 üzvü olan bu şura FSB və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri, parlamentin hər iki palatasının rəhbərləri və baş nazir də daxil olmaqla, yüksək rütbəli "silovik"lərdən ibarətdir.
Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, Rusiya Təhlükəsizlik Xidmətinin (FSB) rəhbəri Aleksandr Bortnikov və Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin Vladimir Putini uzun illərdir tanıyan, 1970-ci illərdə Leninqradda (indiki Sankt-Peterburq) onunla birlikdə işləyən şəxslərdir.
Xarici siyasətlə bağlı qərarların qəbulunda Putin bu üç şəxsin, o cümlədən, müdafiə naziri Sergey Şoyqunun və xarici işlər naziri Sergey Lavrovun fikirlərinə xüsusi dəyər verir. Heç çübhəsiz, bunlar Putinə ən yaxın olan məmurlardır.
Putinin rəhbərlik etdiyi Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev onun komandasında ən öndə olan və ən radikal şəxsdir. Putin və Patruşev 1970-ci illərdə Leninqrad KQB-sində birlikdə çalışıblar. 1999-cu ildə Patruşev FTX rəhbəri postuna - Putinin yerinə gətirilib və 2008-ci ilə qədər bu vəzifədə çalışıb. Deyilənə görə, o, Putinin ən çox dəyər verdiyi adamdır.
Bəlkə də belə deyil, kim bilir? Bəlkə də onun ən yaxın sirdaşı və məsləhətçisi Rusiyanın hərbi kəşfiyyat idarəsi GRU-ya da rəhbərlik edən, 2018-ci ildə keçmiş rus agenti Sergey Skripalı Britaniyada və 2020-ci ildə siyasətçi Aleksey Navalnını Sibirdə zəhərləməkdə ittiham olunan Rusiya müdafiə naziri Sergey Şoyqudur. Bəzi mənbələr qeyd edirlər ki, 90-cı illərdə Putin və Şoyqunun münasibətləri daha sərin olub, amma 2000-ci illərdə ortaq bir dil taparaq yaxınlaşıblar və hətta dostlaşıblar. Onlar müntəzəm olaraq ikilikdə Şoyqunun doğulduğu Sibirə tətilə gedirlər.
FSB-nin rəhbəri Aleksandr Bortnikov da Vladimir Putinlə birlikdə Leninqrad DTK-sında işləyib. Onu bu vəzifəyə - Patruşevin yerinə 2008-ci ildə təyin ediblər. Bortnikov çoxillik təcrübəsi olan əks-kəşfiyyat agentidir. Təşkilatın əməkdaşları deyirlər ki, Putin digər informasiya mənbələri arasında ən çox FSB-nin kəşfiyyat məlumatlarına inanır.
Daxili İşlər Nazirliyi və Baş Prokurorluq kimi qurumlara da təsiri olan FSB-nin sturkturuna Britaniya xüsusi əməliyyat qüvvələrinin (SAS) Rusiyadakı ekvivalenti kimi tanınan "Alfa" və "Vımpel" kimi elit xüsusi təyinatlı qrupları da daxildir.
Xarici işlər naziri Sergey Lavrov radikallıq baxımından Bortnikovun əksidir. Ən təcrübəli rus diplomatlarından biri olan Lavrov 2004-cü ildən bəri - yəni iyirmi ilə yaxındır ki, nazir kreslosunda oturur. Rusiya liderinin Lavrova böyük hörmət bəslədiyi deyilir, baxmayaraq ki, o, Putinin tələbə yoldaşı olmayıb və onunla birlikdə təhlükəsizlik orqanlarında çalışmayıb. Yaxın çevrəyə aid olmayan Lavrov bu hörməti peşəkarlığı, uzun karyerası boyunca səhvə yol verməməsi və əzmkarlığı sayəsində qazanıb.
Bortnikov və Patruşev kimi, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin də Leninqradda Putinlə birlikdə işləyib. Tutduğu vəziyəfə baxmayaraq o, BBC-nin müxbiri Stiv Rozenberq də daxil olmaqla, bir sıra media orqanlarının nümayəndələrinə müsahibələr verdiyi üçün daha çox dövlət qulluqçusu kimi tanınır. Narışkini şəxsən tanıyanlar deyirlər ki, o, Putinə çox sadiqdir, zabit olduğu üçün əmrlərə tabe olmağa və ehtiyatlı davranmağa öyrəşib. Narışkinin təhlükəsizlik xidmətindəki keçmişi, iti zəkası və peşə təcrübəsi Putinin yaxın ətrafına kömək edib. Bildirilir ki, Putin onun kəşfiyyat məlumatlarına da inanır.
Ukraynanın şərqindəki iki separatçı bölgənin müstəqil respublikalar kimi tanınması tələbi Təhlükəsizlik Şurasında müzakirə olundu və bu iclas qurumdakı dinamika haqqında mühüm informasiyalar verdi.
BBC-nin Şərqi Avropa üzrə müxbiri Sarah Rainsford iclası hər kəsin öz rolu və ssenarisi olduğu tamaşanın bir hissəsi kimi qiymətləndirir:
"Rusiyanın yüksək rütbəli məmurları bir-bir mikrofona yaxınlaşıb Putinin eşitmək istədiklərini demək üçün formasız bir yarımdairə şəklində oturmuşdular".
"Biz anlamalıyıq ki, Təhlükəsizlik Şurası, adətən, komanda yoldaşı olmayan insanların iclasıdır. Onların bir-biriləriylə toqquşması qaçılmazdır. Bu adamların iclasda dedikləri təkcə düşündükləri deyildi, həm də oyundakı yerlərini saxlamaq cəhdiydi" - Karnegi Fondunun Moskva şöbəsinin eksperti Alexander Baunov belə deyir.
Görüşdə o da aydın göründü ki, Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri üzərində böyük təsirə malikdir, onları açıq şəkildə danlaya və ələ sala bilir, uzunmüddətli dostluqları onlara çox az müdafiə təmin edir.
Görüşdə Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin təklif etdi ki, üsyançı bölgələrin müstəqilliyini tanımazdan əvvəl "Qərb tərəfdaşlarına daha bir şans" verilsin. Amma uzunmüddətli işgüzar münasibətlərinə və hətta, ola bilsin, şəxsi dostluqlarına baxmayaraq "açıq danışmadığına" görə Putin onu sərt bir şəkildə danladı.
Görünür, bu təklif Narışkindən dəstək çıxışı gözləyən Putini açıq-aşkar narahat etmişdi. Kəşfiyyat rəisi isə ciddi şəkildə qayğılı görünürdü.
"Həqiqətən də bundan ən çox zərər çəkən Narışkin oldu. Onu təəccübləndirdiyinə görə Putin Narışkinin gözünü qorxutdu; rəisin dostu yox, xidmətçisi olduğunu nümayiş etdirdi" - Kraliyyət Birləşmiş Xidmətlər Müdafiə və Təhlükəsizlik Tədqiqatları İnstitutunun əməkdaşı Mark Galeotti öz "Twitter" hesabında belə yazıb.
Təhlükəsizlik Şurasının digər üzvləri Narışkin qədər təzyiq hiss etmədilər.
Müdafiə naziri Şoyqu, xarici işlər naziri Lavrov və FSB sədri Bortnikovdan iki dəfə çıxış etmələri istəndi.
Ukraynanın şərqindəki rusiyayönlü separatçıların tanınmasında israrlı olan Şoyqu və Bortnikov daha cəsarətli çıxışlar etdilər, Lavrovsa diplomatik səylərin davam etdirilməsinə tərəfdar olduğunu bildirdi.
Görüş istisna bir şəkildə Rusiya dövlət televiziyasında da yayımlandı. Adətən, Təhlükəsizlik Şurasının iclasları qapalı keçirilir. Sözügedən yayımın canlı olduğu bildirilsə də, bununla bağlı bəzi şübhələr də dilə gətirildi. Videonu diqqətlə araşdıran müşahidəçilər bəzi iştirakçıların saatlarındakı vaxtın yayım saatına uyğun gəlmədiyini vurğuladılar.
Ehtimal olunur ki, Putin təkcə təhlükəsizlik orqanlarının nümayəndələri və xarici işlər naziriylə yox, Təhlükəsizlik Şurasının daxilindəki və hətta xaricindəki digər mühüm fiqurlarla da təkbətək görüşlər keçirib.
Rusiya mətbuatının tanınmış imzalarından olan politoloq Yevgeni Minçenko uzun illərdir ki, Rusiya elitasıyla bağlı araşdırmalar aparır; "Politburo 2.0" adlandırdığı, Putinin yaxın çevrəsindəki şəxslər haqqında hesabatlar hazırlayır.
O, 2021-ci ilə aid son hesabatında bu şəxslər arasında Moskva meri Sergey Sobyanin və dövlət neft şirkəti "Rosneft"in rəhbəri İqor Seçinin də olduğunu qeyd edir.
Milyarder qardaşlar Boris və Arkadi Rotenberqlər Vladimir Putinin yaxın uşaqlıq dostları və etibarlı sirdaşları kimi də tanınırlar. Bu həftə Britaniyanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar onlara da şamil edilib. 2020-ci ildə "Forbes" jurnalı Rotenberq qardaşlarını ölkənin ən zəngin ailəsi adlandırıb./bbc.com/