Rusiyanın Ukraynada başlatdığı müharibənin altıncı günü peykdən çəkilən fotolarda Rusiya ordusunun Kiyevə doğru irəlilədiyi görünür. Peyk təsvirləri təxminən 65 km uzunluğunda hərbi avtomobillər və zirehli texnikadan ibarət konvoyu aşkar edib.
Şahidlərin dediyinə görə, Rusiya qoşunları Ukraynanın cənubundakı Xerson şəhərinə qurudan hücuma başlayıb. Gecədən ölkənin bütün iri şəhərlərində partlayış səsləri eşidilib.
Rusiyanın hücumu nəticəsində 352 nəfər həlak olub. 1600-dən çox yaralı olduğu bildirilir. Bu günə kimi azı 14 uşaq ölüb. Ukrayna rəsmiləri rəqəmlərin arta biləcəyini ehtimal edir.
Hərbi əməliyyatların başlanmasının altıncı günü Sumi, Xarkov, Kiyev, Çerniqov və Xerson ətrafında döyüşlər davam edir. Bütün bu şəhərlər Ukraynanın nəzarəti altındadır. Donetsk vilayətində və Kaxovka bölgəsində döyüşlər davam edir.
Rusiya və Ukrayna nümayəndə heyətləri bazar ertəsi Belarus sərhəddində sülh danışıqları aparıblar, lakin yaxın günlərdə yenidən görüşmək öhdəliyindən başqa heç bir razılıq əldə edilməyib.
Ukrayna Prezidentinin sözlərinə görə, hətta sülh danışıqları davam edərkən Rusiya qoşunları Xarkov, Kiyev və Çerniqov da daxil olmaqla şəhər və qəsəbələri atəşə tutmağa davam ediblər.
Rusiya tərəfi bəyan edib ki, hücumlarda mülki obiyektlər və insanlar hədəfə alınmır, ancaq Ukraynanın hərbi infrastrukturuna zərbələr endirilir.
Prezident Volodimir Zelenski Ukraynanın üzərindəki hava sahəsində uçuşa qadağan zona yaratmağa və Rusiyanı BMT Təhlükəsizlik Şurasının daimi üzvlüyündən çıxarmağa çağırış edib.
Zelenski Ukrayna rəsmiləri ilə birgə formal olaraq Avropa İttifaqına üzvlüklə bağlı rəsmi müraciəti imzalayıb. Ən azı səkkiz Aİ ölkəsi artıq Ukraynanın üzvlüklə bağlı müraciətini dəstəklədiklərini bildiriblər.