“Əslində, müharibələrdə hücum edən tərəfin itkiləri həmişə qarşı tərəfdən şişirdilmiş şəkildə göstərilir”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik-leytenant Elxan Şıxəliyev deyib.
O, Ukrayna tərəfinin Rusiyanın itkiləri barədə açıqladığı məlumatları şərh edib.
Xatırladaq ki, Ukrayna Baş Qərargahının məlumatına görə, döyüşlərdə Rusiya tərəfi 5.300 hərçisini itirib
“Müdafiə olunan tərəf itkiləri görə bilirmi, əlinin altındadırmı, saya bilirmi? Bəli, bunları edir. Amma hücum edən tərəf öz əsgərlərini harada itdi-batdı, bu barədə gündəlik məlumatı ala bilmir.
Rusiyanın Ukrayna ərazisində olan itkiləri haqqında dəqiq məlumatı olmaya bilər, çünki dəqiq rəqəmlər sonra onlara daxil olacaq. Amma Ukrayna öz ərazisindədir, itkiləri görür, sayır, sosial şəbəkələrdə yayımlayır, statistikasını aparır. Ona görə də, həqiqətə yaxın rəqəmlər verə bilər, o səbəbdən ki, o görür, çünki onun ərazisindədir, gündəlik döyüşlər də o ərazidədir”.
Ekspert əlavə edib:
“Amma rəqəmlərdə şişirtmə sayı mümkündürmü? Təbii. Bu, informasiya müharibəsi olduğu üçün Ukrayna tərəfi şişirdilmiş, Rusiya isə azaldılmış rəqəmlər göstərəcək. 4 günün içərisində Rusiyanın hərbi hədəflərinə, ən azı taktiki-operativ və strateji səviyyədə gəlib çatmaması onu göstərir ki, itkiləri çoxdur və irəliləyə bilmir.
Hücum tempi zəifləyib. Başqa yerlərdə hücum edən bölmələri digər qüvvələr dəstəkləməlidir, lakin bu da vaxt aparır deyə, müharibə Rusiyanın planlaşdırdığı kimi getmir. Onlar, sadəcə uzaqmənzilli operativ taktiki raketlərlə hədəfləri vura bilir, zərbənin dəqiqliyi isə mübahisəli məsələdir”.
Hərbi ekspertin sözlərinə görə, bu savaşda Ukrayna da itkilər verir və itkilər daha çox mülki əhali arasındadır:
Hər zaman hücum edən tərəf müdafiə olunandan 3 dəfə daha çox itki verməlidir. Bu, hərb elminin əsaslarında da belədir. Çünki hücum edən tərəf açıqdadır, sahədədir, müdafiə olunan isə gizlənə bilir.
Şəhərlər vurulur, əhali bunkerlərdə, metro stansiyalarına sığınıb. Ukraynada artıq hər kəs əlisilahlıdır və ruslar mülki şəxsi hərbi hədəfdən ayırd edə bilmir. Onlar gözlənilmyən fors-major halına düşüblər”.
“Bu məsələlər Rusiya hərbi-siyasi elitasında böyük narahatlıq yaradır. Çünki görürlər ki, quru qoşunlarının potensialı ilə Ukrayna məsələsini həll etmək mümkün deyil. Ona görə də, artıq başlayıblar nüvə barəsində blef etməyə. Çünki sahədə konkret hədəflərə çata bilmirlər. Vaxt keçir, itkilər artır. Ukraynaya NATO-nun gizli dəstəyi də artır. Müharibənin gedişatı Ukraynanın lehinə dəyişir”, - deyə o qeyd edib.
Rafi MÜSLÜMOV