Ukraynaya hücum edən Rusiya Ordusu paytaxt Kiyevə zərbələr endirir. Rusiya lideri Vladimir Putin nüvə silahı ilə təhdid edir.Cebhe.info xəbər verir ki, belə bir vaxtda son iddialara görə, Rusiya Ordusu Ukraynada termobarik silahlardan istifadə edir.
Rusiya və Ukrayna nümayəndə heyətləri dünən Belarusda danışıqlar aparsalar da, Rusiyanın Xarkovda mülki əhalini hədəf almasına reaksiyalar getdikcə artır.
Hətta danışıqlar zamanı 11 mülki şəxsin öldürülməsi, məktəblərin və xəstəxanaların dağıdılması göstərir ki, danışıqlar əslində imitasiyadır.
Hücum zamanı Rusiyanın kaset bombalarından istifadəsinin ən azı 11 mülki şəxsin ölümünə, 44 nəfərin yaralanmasına səbəb olduğu bildirilib.
Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın beynəlxalq müharibə cinayətləri törətdiyini bildirərək, tribunalda mühakimə olunmalı olduğunu söyləyib. Belə bir zamanda Ukraynanın ABŞ-dakı səfiri daha narahatedici açıqlama ilə gündəmə gəlib.
O bildirib ki, Rusiya tərəfi termobarik silahdan istifadə edib.
Səfir Oksana Markarova ABŞ Konqresində keçirilən iclasda hətta sübutları təqdim edib:
"Rusiya Cenevrə Konvensiyasına görə qadağan olunmuş vakuum bombasından istifadə ediblər. Rusiyanın Ukraynada yaratdığı dağıntılar böyükdür".Bu bombalar bədəni və daxili orqanları məhv edir. Havadakı oksigendən istifadə edərək yüksək istilik əmələ gətirən partlayışa səbəb olan bu bomba adi bir bombadan daha uzun müddət partlayaraq ətrafa dəhşətli ziyan vurur.
Rusiya kaset bombalarından və vakuum bombalarından istifadəni təsdiqləsə, beynəlxalq məhkəmələrdə araşdırma aparıla və rəsmi Moskva ciddi cəza ala bilər.
Xatırladaq ki, ABŞ-ın ən güclü qeyri-nüvə silahlarından olan vakuum bombasından İŞİD-ə qarşı istifadə etdiyi də iddia edilmişdi.
Xəzər
Cebhe.info