Volodimir Zelenski məşhurluğun zirvəsinə yumoristik serialdakı Prezident roluna görə yüksəlmişdi.
Sonrakı həyatı həmin rolun davamı oldu - 2019-cu ildə o, həqiqətən də Prezident seçildi. İndi Zelenski 44 milyonluq bir ölkənin lideri kimi paytaxt Kiyevi mühasirəyə almış Rusiya ordusuyla üz-üzədir.
"Xalqın xidmətçisi" adlı həmin serialda o, korrupsiyaya qarşı sərt monoloqu internetdə yayılandan sonra Prezident seçilmiş təvazökar tarix müəllimini canlandırırdı. Siyasətçilərin fəaliyyətindən məyus olmuş xalq bu hekayədə özünü görmüşüdü.
Zelenski partiyasını da "Xalqın xidmətçisi" adlandırdı və seçki kampaniyasında siyasətdə təmizlik, şərq bölgələrində sülh yaratmağı vəd etdi.
Hazırda 44 yaşlı Prezident Rusiyanın Ukraynaya hücumunun və "soyuq müharibədən" sonra Qərblə Rusiya arasında yaranmış ən dərin beynəlxalq gərginliyin mərkəzindəki adama çevrilib.
Ukraynanın müdafiəsi üçün Qərbə müraciət edən Zelenski xalqın panikaya düşməməsi istiqamətində də ciddi səy göstərməkdədir.
Ukrayna Prezidentinin karyera yüksəlişi ənənəvi olmayıb.
Volodimir Zelenski 1978-ci ildə Ukraynanın Krivoy Roq şəhərində, yəhudi ailəsində anadan olub.
Kiyev Beynəlxalq İqtisadiyyat Universitetinin hüquq fakültəsini bitirib. Teatra hələ uşaq yaşlarından maraq göstərib, orta məktəbdə KVN-də iştirak edib. Ali məktəbdə təhsil aldığı illərdə "Kvartal 95" adlı komediya qrupu yaradıb.
Yumoristik tamaşalar üçün ssenarilər yazan Zelenski fərqli televiziya proqramlarında çıxış etməklə Ukraynanın ən məşhur ekran simalarından birinə çevrilib.
"Kvartal 95" qrupu "Xalqın xidmətçisi" də daxil, bir neçə yumoristik serial çəkib. Onlar bu adda bir istehsal şirkəti də qurublar.
Zelenski Ukraynanın ən populyar "Veçerniy kvartal" komediya proqramında siyasi və sosial mövzularda satirik çıxışlar etməsiylə də özünü milyonlara sevdirib.
Onun şirkəti Ukraynanın "1+1" televiziya kanalı üçün şoular hazırlayıb. Bu kanal sonralar Zelenskinin seçki kampaniyasını maliyyələşdirmiş, mübahisəli kimliyi ilə tanınan milyarder İqor Kolomoyskiyə məxsus olub.
2010-cu illərin ortalarına qədər Zelenski əsasən televiziya şoularında iştirak edib, "Böyük şəhərdə məhəbbət" və "Rzevski Napoleona qarşı" filmlərinə çəkilib.
Zelenskinin siyasi səhnədəki sürpriz yüksəlişi 2014-cü ildə bölgədə yaşanan qarşıdurmalarla üst-üstə düşüb. O dönəmin Prezidenti Viktor Yanukoviç bir neçə ay davam edən etiraz aksiyalarından sonra hakimiyyətdən uzaqlaşdırılıb. Ardınca Rusiya Krımı ilhaq edib, Ukraynanın şərq bölgəsindəki separatçılara dəstək verib.
Bir il sonra - 2015-ci ilin oktyabr ayında Zelenski "1+1" kanalında yayımlanan "Xalqın xidmətçisi" serialında Vasili Qoloborodko adlı bir xarakteri - ildırım sürətiylə siyasətin zirvəsinə yüksələn tarix müəllimini canlandırıb.
Bir neçə il sonra isə Zelenski özü Prezident seçilib - onun siyasi təcrübəsizliyinə diqqət çəkən o vaxtkı Prezident Petro Poroşenkoya qalib gəlib.
Amma onda Ukrayna xalqı Zelenskinin təcrübəsiz olmasını müsbət hal kimi qiymətləndirmişdi və 2019-cu ilin may ayının 20-də o, 73,2%-lik əzici bir üstünlüklə Prezident seçilmişdi.
Seçkidən sonra Zelenski vədini yerinə yetrimək üçün Ukraynanın şərqində 14 mindən çox insanın ölümünə səbəb olmuş savaşı durdurmağa cəhd edib.
Əvvəlcə razılaşma əldə etməyə çalışıb. Rusiyayla əsirlərin mübadiləsi, o cümlədən, Minsk razılaşması kimi tanınan sülh prosesinin bəzi maddələrinin icrası barədə danışıqlara start verilib.
Rusiya Prezidenti Vladimir Putinin Ukrayna separatçılarının nəzarəti altındakı ərazilərdə yaşayanlara Rusiya pasportu verməsi razılaşma prosesini dayandırıb.
2020-ci ilin iyul ayında atəşkəs imzalansa da, müxtəlif yerlərdə döyüşlər davam edib.
Bundan sonra Zelenski Ukraynanın Avropa Birliyinə və NATO-ya üzv edilməsi tələblərini daha yüksək səslə dilə gətirməyə başlayıb və bu, Putini qəzəbləndirib.
Həmin dövrdə Zelenski dövlət adamı kimi ciddiyətini qoruya bilməməkdə günahlandırılıb, yenə təcrübəsizliyilə bağlı iradlar səsləndirilib.
Amma Qərb Rusiyanın işğal planıyla bağlı xəbərdarlıq edəndə Zelenski təmkinli və sakit davranış nümayiş etdirib, səkkiz ildir davam edən savaşdan sonra bunun Ukrayna üçün yeni bir şey olmadığını qeyd edib.
Müharibədən əvvəl Zelenski Rusiyanın hərbi təhdidinə görə NATO-ya üzv olmaq tələbindən vaz keçib-keçməyəcəyi barədə BBC-nin sualına cavab olaraq demişdi ki, onun üçün ən vacib məsələ "ölkəsini itirməmək"dir: "Bizə təminat lazımdır. NATO sadəcə dörd hərf demək deyil, bizim üçün təhlükəsizlik zəmanətidir".
Zelenski seçkidəki ikici əsas vədini də yerinə yetirə bilməyib - çox varlı Ukrayna oliqarxlarının öz iqtisadi güclərini siyasi nəzarətə çevirmələrinə mane olmağı bacarmayıb.
Tənqidçiləri deyirdilər ki, Zelenski onun seçki kampaniyasını maliyyələşdirmiş keçmiş müdiri İqor Kolomoyskiylə yaxın münasibətlərinə görə bunu edə bilməyəcək.
Amma Ukrayna Prezidenti "oliqarxsızlaşdırma" vədini həyata keçirmək üçün bəzi addımlar atıb.
Zelenski hökuməti Ukraynanın ən böyük oliqarxlarını hədəfə alan addımlar atıb. Onların arasında vətənə xəyanət ittihamı da daxil, bir çox ittihamlarla həbs edilmiş rusiyapərəst müxalifət lideri Viktor Medvedçuk da vardı.
Daha sonra oliqarx statusuna hüquqi tərif verən və siyasi partiyaları maliyyələşdirmək də daxil, oliqarxların fəaliyyətini məhdudlaşdıran qanun qəbul edilib.
Bununla belə, bir çox şərhçilər Zelenskinin antikorrupsiya fəaliyyətini əsasən ABŞ-ı məmnun etməyə yönəlmiş səthi cəhdlər kimi qiymətləndiriblər.
ABŞ-dan dəstək almağa çalışan Zelenski bununla bağlı bəzi çətin anlar yaşayıb.
2019-cu ilin iyul ayında ABŞ-ın ozamankı Prezidenti Donald Trump telefon danışıqlarının birində Zelenskidən ona "şəxsi bir yaxşılıq" etməsini - qarşıdakı Prezident seçkilərində rəqibi olacağı ehtimal edilən Joe Bidenin Ukraynayla bağlı bəzi korrupsiya iddialarının araşdırılmasını istəyib.
Əvəzində Zelenski Vaşinqtona dəvət ediləcək və Ukraynaya hərbi yardım alacaqdı.
Bu söhbət barədə məlumat yayılanda Trump-ı siyasi rəqibinə zərər verəcək informasiya tapması üçün Ukrayna liderinə təzyiq etməkdə günahlandırmışdılar.
Trump israrla səhv iş görmədiyini demiş, Zelenski iki liderin bir-birinə "yaxşılıq" etməsi kimi bir vəziyyətin olmadığını bildirmişdi.
Demokratlar Trump-a qarşı impiçment proseduru başlatdılar, amma Senatda keçirilən məhkəmə onun təqsirli olmadığını elan edib.
Bəzi qalmaqallarda Zelenskinin özünün də adı hallandı.
2021-ci ilin oktyabr ayında dünyanın ən varlı adamlarının gizli sərvətləri və vergi cənnətlərindəki fəaliyyətləriylə bağlı milyonlarla informasiyanın sızdırldığı "Pandora sənədləri"ndə Zelenskinin də adı vardı.
Vergi cənnətlərində qurulmuş şirkətlər şəbəkəsiylə onun və yaxın çevrəsinin də əlaqəsi olduğu bildirilirdi.
Amma Zelenski sənədlərdə gizli bir məlumat olmadığını dedi, özünün və "Kvartal 95" şirkətindəki hər hansı bir şəxsin vergidən yayınmaq və ya çirkli pul yumaq kimi işlərə bulaşmadığını iddia etdi.