DTX Ermənistan xüsusi xidmət orqanına işləyən azərbaycanlını HƏBS ETDİ
16-03-2022, 10:36
Azərbaycanın milli təhlükəsizlik maraqlarına yönələn təhdidlərin, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin aşkar edilməsi və qarşısının alınması istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən kompleks əks-kəşfiyyat tədbirləri davam etdirilir. Redaktor.az xəbər verir ki, bu barədə DTX-nin saytı məlumat yayıb. Başlanılmış cinayət işi üzrə Azərbaycan vətəndaşı, 1981-ci il təvəllüdlü Məmmədov Emil Ramiz oğlu dövlətə xəyanət etməkdə şübhəli bilinib. Aparılmış araşdırmalarla Emil Məmmədovun Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə düşmən tərəfinə keçməklə xarici xüsusi xidmət orqanının nümayəndələrinin tapşırıqlarını yerinə yetirərək onlara kömək etmək məqsədilə maddi maraq müqabilində üçüncü ölkə ərazisində Ermənistan xüsusi xidmət orqanının əməkdaşları ilə görüşüb məxfi əməkdaşlığa cəlb edilməsi, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə istifadə oluna biləcək məlumatların toplanması barədə tapşırıqlar alması, verilmiş tapşırıqların icrası istiqamətində fəaliyyət göstərməsi, Ermənistan xüsusi xidmət orqanının nümayəndələri ilə əlaqələrinin gizliliyinə və konspirasiya tələblərinə dair təlimatlandırıldığı qaydalara riayət etməsinə əsaslı şübhələr müəyyən edilmişdir. Emil Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə məsuliyyətə cəlb olunaraq məhkəmənin qərarına əsasən həbs edilmişdir. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.