SİLAHLI QRUP AZƏRBAYCAN SƏRHƏDÇİLƏRİNƏ ATƏŞ AÇDI - Biri zərərsizləşdirib...

5-04-2022, 13:04   




İrandan Azərbaycana narkotik keçirmək istəyən şəxslər sərhədçilərə atəş açıb. Bu barədə Dövlət Sərhəd Xidməti (DSX) və Baş Prokurorluq birgə məlumat yayıb.
Bildirilib ki, aprelin 4-ü saat 20:45 radələrində DSX-nin Sərhəd Qo­şunlarının “Horadiz” sərhəd dəstə­si­nin Cəbrayıl rayonunun Şıxalıağalı kəndi yaxınlığındakı sərhəd zasta­va­sı­nın xidməti ərazisində sərhəd naryadının başçısı əsgər Həsənzadə Fərid Rəhman oğlu və naryadın üzvü əsgər Məhərrəmov Qabil Elgün oğlu tərəfindən 6 nəfər silahlı naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan istiqa­mətində döv­lət sərhədini pozmaları müşahidə olunub.
Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xid­məti əra­zi tam qapadılıb.
Sərhəd naryadı tərəfindən “Dayan” əmri ve­rilərək sər­həd pozu­cuları təqib edilib və havaya xəbərdarlıq atəşi açıl­ıb. La­kin sərhəd pozu­cu­ları əmrə tabe olmayıb, sərhəd naryadına qarşı od­lu silahdan atəş açaraq sərhədçilərin həyatına qəsdə cəhd ediblər.
Sərhəd naryadı yaranan vəziyyətdə yüksək sayıqlıq və şücaət nümayiş etdirib, “Dövlət sərhədi haqqında” Azərbaycan qanununun tələblərinə uyğun olaraq silah tətbiq edərək sərhəd pozucularından birini zərərsiz­ləşdirib. Digər 5 nəfər ərazinin sıx qamışlıq, havanın qaranlıq olmasından istifadə edərək ərazidən uzaqlaşmağa müvəffəq olublar.
Zərərsizləşdirilmiş sərhəd pozucusunun İran vətəndaşı, 1996-cı il təvəllüdlü Behnam Balai olması müəyyənləşdirilib, onun yanında AKM tipli "Kalaşnikov" avtomatı, 3 ədəd bağlamada çəkisi 32 kiloqram 270 qram külli miqdarda narkotik vasitə aşkarlanıb.
Hadisə yerindən uzaqlaşan digər sərhəd pozucularının saxlanılması məqsədilə pilotsuz uçuş aparatlarının tətbiqi ilə xüsusi axtarış qruplarının həyata keçirdiyi intensiv tədbirlər nəticəsində sərhəd pozucularından biri - İran vətəndaşı Məhəmməd Zarehi Tağı sərhəd­boyu zolaqda qamışlıq sahədə gizləndiyi yerdə aşkarlanaraq saxlanılıb, digər sərhəd pozucularının yerlərinin müəyyən olunması istiqamətində qoşun və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Baş verən hadisə barədə sərhəd nümayəndəliyi xətti ilə İran tərəfi məlumatlandırılıb.
Fakt üzrə cinayət işi başlanılıb, hazırda DSX və Baş Prokurorluq tərəfindən birgə əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.















Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.