Tovuz rayonunun Dondar Quşçu kənd sakini 2009-cu il təvəllüdlü Nərmin Quliyevanın faciəvi qətli ilə bağlı məhkəmə prosesi davam edir. Nərminin ölümündə 1973-cü il təvəllüdlü kənd sakini İlkin Süleymanov təqsirləndirilir. Lakin İlkinin qatil olduğuna inanmayan çox sayda insan var. Media nümayəndələri də sosial şəbəkələrdə bu barədə ciddi paylaşımlar edirlər.Axar.az məhkəmə prosesini izləyən jurnalistlərin fikrini öyrənib.
Jurnalist Aytən Məmmədova 1 ilə yaxındır məhkəmə prosesini müşahidə edir və bu işdə şübhəli məqamlar, ziddiyyətlər olduğunu bildirir:
“Nərminin qan qrupu IV qrup olub, şəxsiyyət vəsiqəsi ilə yanaşı, Tovuz rayon Mərkəzi Xəstəxanasından verilən arayışda da bu, təsdiqini tapıb. Amma tapılan meyitin qan qrupu II-dir. Ailə iddia edirdi ki, bütün evlərdə axtarış aparılıb, yalnız İlkinin və onun əmisigilin evində axtarış aparılmayıb. Çünki İlkinin polisdə işləyən əmisi oğlu imkan verməyib. Kənd sakinləri və başqa şahidlərin ifadələrindən isə məlum oldu ki, uşaq itkin olduğu müddətdə yalnız Nərmingilin özünün, əmisigilin və bir neçə başqa sakinin evində axtarış olub. Qalan evlərdə axtarış olmayıb. Üstəlik, İlkinin əmisi oğlu Murad Süleymanov Post-Patrul bölüyünün serjantı olub, onun kiminsə qarşısını alması inandırıcı deyil. Axtarışlar əsasən, çöllük ərazilərdə olub. Xüsusi təlim keçmiş itlər kənd boyu gəzib, evlərin qarşısından keçib. İlkingilin qapısından da keçib, lakin içəri girməyib. Uşaq orada olubsa, niyə itlər içəri girməyib?”
A.Məmmədova qeyd edib ki, Nərminin anası polis rəisinin meyit tapılmamışdan iki gün əvvəl onlara gəldiyini deyib:
“Polis uşaq tanınmaz halda tapılsa, onu necə tanıya biləcəyini soruşub. Polis rəisi hardan bilirdi ki, uşaq tanınmaz halda tapılacaq? İlkin yanvarın 8-də şahid qismində dindiriləndə bu cinayətin ona aidiyyəti olmadığını bildirib, 10-da isə etiraf ifadəsi verib. O, yanvarın 8-dən 9-na keçən gecədən başlayaraq ağlasığmaz işgəncələr gördüyünü deyib. Apellyasiya şikayətinə baxılarkən - 23 yanvarda İlkin üzərindəki xəsarət izlərini göstərmişdi. Yəni üstündən 15 gün keçəndən sonra da üzərində çoxsaylı xəsarətlər qalıb. Vəkillər işgəncə şikayəti araşdırılarkən məhkəmə zalındakı müşahidə kameralarından həmin görüntülərin alınıb baxış keçirilməsini istəmişdi. Lakin bu vəsatət təmin olunmamışdı. Bu, ziddiyyətlərin az bir hissəsidir. Əgər cinayətkar həqiqətən İlkindirsə, hələ ki, məhkəmədə bunu təsdiqləyən heç bir sübut ortaya çıxmayıb. Nərmin Quliyevanın yaxınlarının ziddiyyətli ifadələri isə müəyyən şübhələrə yol açır”.
Jurnalist İlkin Muradov da bildirib ki, İlkin Süleymanovun günahsız olduğu qənaətindədir:
“Çünki məhkəmə istintaqı dövründə çox ciddi şəkildə ziddiyyətlər ortaya çıxdı. Şahidlər İlkin Süleymanovun əleyhinə ifadə verməyə məcbur edilib. Onlar bunu məhkəmədə etiraf etdilər. Hətta ifadə vermədiyi üçün işdən çıxarılan kənd sakinləri də var. İlkinin xarakter olaraq necə bir insan olduğunu kənd sakinləri bilir. Məhz buna görə də çoxu ona qarşı ifadə verməyib”.
İ.Muradov deyib ki, ən böyük pozuntu İlkinin yanvarın 6-da saxlanıldığı halda, 10-da saxlanılıbmış kimi göstərilməsidir:
“İlkin deyir ki, bu müddət ərzində təzyiqlərə məruz qalıb. Mərhumun anası haqda isə danışmaq çətindir. Çünki Nərminin anası qeyri-səmimidir və bu müddət ərzində dəfələrlə bir-birinə əks fikirlər söyləyib. Qadın özünü mərhumun anası yox, istintaqın müstəntiqi kimi aparır. O, həqiqətin ortaya çıxmasını yox, İlkinin qatil kimi cəza almasını istəyir. Ümid edirəm ki, məhkəmə istintaqı dövründə ortaya çıxan mənzərədən sonra ədalətli qərar çıxarılar. Ən əsası da bu günə qədər hadisələrin indiki vəziyyətə gəlib çıxmasında günahı olan hüquq-mühafizə orqanlarının əməkdaşları cəzalandırılar”.