Azərbaycanda biabırçılıq: Ərli qadın kənddə başqa kişilərlə danışdı və... – ŞOK TƏFƏRRÜAT

17-05-2022, 15:36   


Bərdə rayonunda 1991-ci il təvəllüdlü Mehman yüngül həyat tərzi keçirən bacısı Səbinəni (adlar şərti verilib – red.) qətlə yetirib.

Mehman ötən il iyulun 21-də Bərdə rayonu, Kətəlparaq kəndində yaşayan bacısı Səbinənin yüngül həyat tərzi keçirib, müxtəlif şəxslərlə intim münasibətlərdə olmaqla ərinə xəyanət etməsini öyrənib.

Mehman bacısı haqqında deyilənləri dəqiqləşdirəndən sonra onu öldürmək qərarına gəlib. O, bacısına ümumilikdə 18 bıçaq zərbəsi vuraraq öldürüb.

İstintaq orqanı tərəfindən Mehmanın barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Elmin Rüstəmovun sədrliyi ilə araşdırılıb.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Mehman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Bərdə rayonu, Uğurbəyli kəndində yaşayıb: “Ailəm, anam, atam, qardaşım, qardaşımın arvadı və iki uşağı, həmçinin özüm olmaqla yeddi nəfərdən ibarətik. Bərdə şəhərində yerləşən “Çinar” restoranında video-operator fəaliyyəti ilə məşğul olmuşam. “COVID-19” virusuna görə toy mərasimlərinin keçirilməsi dayandırıldığından qardaşımla birlikdə Tərtər rayonunda yerləşən laçınlı Süleymana məxsus iri buynuzlu heyvanların saxlanıldığı fermada işləmişdik”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, bacısı Səbinə 9 il əvvəl Bərdə rayonu, Kətəlparaq kənd sakinin Vahid ilə evlənib: “Səbinənin evlilikdən iki qız övladı dünyaya gəlib. İyulun 21-də yeznəm Vahid mənə zəng etdi. Bacım Səbinənin mobil telefonda başqa bir kişi ilə danışarkən tutulduğunu dedi. Həmin vaxt Tərtər rayonunda idim. Bundan sonra atası Bahadur da zəng etdi, baş verənləri danışdı. Evdə olmadıqda Səbinənin münasibətdə olduğundan şübhələniblər. Səbinə evdə gizlicə mobil telefonda başqa bir kişi ilə danışarkən qəfildən əri otağa girib, onun əlində indiyədək görmədikləri telefonu tutublar. Səbinənin xəyanət etməsi, başqa kişilərlə telefonda danışması barədə məlumat verdi. Səbinə evli olduğu 9 il ərzində ona nə biz, nə da əri tərəfindən mobil telefon alınmayıb. Səbinənin istifadəsində mobil telefonun olmasından heç kimin xəbəri olmayıb. Görünür ki, münasibətdə olduğu həmin şəxs onunla rahat danışa bilməsi üçün həmin mobil telefonu Səbinəyə gizlicə verib. Yeznəmlə telefonda danışdıqda Səbinənin həmin şəxslə görüşdüyünü də dedi. Səbinənin əri Vahid həmin məlumatları qonşulardan əldə etdiyini söylədi”.

Təqsirləndirilən şəxs qeyd edib ki, bu günə kimi Səbinənin münasibətdə olduğu adamı öyrənmək, ona deyilənlərin doğru olub-olmadığını dəqiqləşdirmək üçün bir neçə dəfə Bərdə rayonu, Kətəlparaq kəndinə gedib: “Səbinənin münasibətdə olduğu oğlanın yeznəmizin bacısının oğlu olduğunu, Kətəlparaq kəndində yaşadığını öyrənsəm də, həmin adamın adını öyrənə bilmədim. Yeznəm onların arasında münasibətin olduğuna şübhələnsə də, sübut edə bilmədi”.

Mehman deyib ki, iyulun 21-də Səbinənin başqa kişi ilə münasibətdə olduğu müəyyən edildikdən sonra yeznəsi Vahid onu yaşadıqları evdən qovub: “Səbinə təxminən 1-2 gün bizim Uğurbəyli kəndindəki evimizdə qaldı. Səbinə onu öldürəcəyimdən qorxduğu üçün əvvəlcə Uğurbəylidə yaşayan dayım Elvinin evində, sonra isə Bərdə şəhəri, H.Aslanov küçəsində yaşayan xalam Xumarın evində qalmağa başladı. Bacım xalamın evində qalanda, onu öldürməmişdən təxminən 2-3 gün əvvəl bir dəfə xalamın evinə getdim. Həmin vaxt Səbinədən başqa xalamın qızı Mətanət də evdə olub. Səbinəni evdən çıxarıb, öldürmək məqsədilə getmişdim. Evdən çıxara bilmədiyim üçün Səbinəyə heç bir şey edə bilmədim. Xalamın evinə qan tökülməsini istəmədim. Xalamgildə olanda Səbinənin əri Vahidin qohumu ilə münasibətdə olduğunu təsdiq etdim”.

Mehman deyib ki, son 25 gün ərzində utandığından yaşadığı kəndə gedə bilməyib: “Artıq Səbinəni öldürməkdən başqa bir yolum qalmadı. Bunun üçün də avqustun 19-da, təxminən saat 11.30-da taksi ilə Tərtərdən Bərdə şəhərinə, oradan isə piyada xalamın evinə getdim. Evə daxil olduqda Səbinə və xalam qızını gördüm. Onlardan başqa evdə heç kim yox idi. Xalamgildə təxminən 10 dəqiqə qaldım. Həmin müddətdə Səbinəni Uğurbəyli kəndində yerləşən evlərinə getməyə razı saldım. Səbinəni aldadaraq sadəcə evə aparmaq, orada yeznəm, yeznəmin qardaşları ilə üzləşdirmək istədiyimi dedim. Bunun üçün də Səbinə mənimlə Uğurbəyli kəndinə getməyə razı oldu. Xalamgilin evindən çıxdıq və “Mətin Gold” restoranının yanına kimi piyada, oradan isə 1 nömrəli şəhər marşrutu ilə sarayın dairəsi adlanan yerə gəldik. Marşrutdan düşərək taksiyə mindik. Taksi bizi Uğurbəyli kəndinin girişinə kimi apardı. Taksidən düşərək yan-yana, heç bir söhbət etmədən Uğurbəyli kəndi istiqamətində, daşlı yolla irəlilədik. Yol boyunca hadisənin baş verəcəyi yeri beynimdə planlaşdırdım. Səbinəni öldürərkən mənə heç kimin mane ola bilməməsi üçün kəndin giriş tərəfini seçdim. Səbinəni öldürəcəyimi planlaşdırdığım yerə çatdıqda bilərəkdən addımlarımı yavaşlatdım. Səbinədən geridə qalmağa başladım. Bu zaman Səbinə arxaya dönərək mənə tərəf baxdı və nə üçün geridə qaldığımı soruşdu”.

Mehmanın sözlərinə görə, həmin vaxt Uğurbəyli kəndinə çatmamış, asfalt yoldan təxminən 500-600 metr aralı məsafədə olan yonca sahəsində bıçağı cibindən çıxarıb və bacısının qarın nahiyəsinə bıçaq zərbəsi vurub: “Birinci bıçaq zərbəsində Səbinə arxası üstə hərəkətsiz vəziyyətdə qaldı. Səbinənin ölümünü sürətləndirmək məqsədilə onun bədəninin müxtəlif nahiyələrinə tez-tez bir neçə dəfə də bıçaqla zərbə endirsəm də, bacımın öldüyündən tam əmin ola bilmədim. Belə olan halda əlimdəki bıçağı iki dəfə onun boğazına çəkdim. Səbinənin öldüyünə tam əmin olduqdan sonra boğazını kəsərkən istifadə etdiyim bıçağı onun yanına atdım. Sonra yaşadığım kəndə daxil olmadan asfalt yola tərəf getdim. Oradan təsadüfi keçən taksiyə əl edərək saxlatdım. Həmin taksi ilə Bərdə şəhərində, sarayın dairəsi adlanan yerə kimi getdim. Orada 5-10 dəqiqə dayandıqdan sonra başqa bir taksiyə minərək könüllü təslim olmaq üçün Bərdə rayon polis şöbəsinə getdim”.

Cinayət işi üzrə Səbinənin intim münasibətdə olduğu şəxs ifadə verib. O bildirib ki, ailəsi ilə birlikdə Bərdə rayonu, Kətəlparaq kəndində yaşayıb: “Təxminən 4 il əvvəl evlənmişəm. Kətəlparaq kəndində kənd təsərrüfatı ilə məşğul olmuşam. Bununla bərabər özümə məxsus VAZ 2106 markalı avtomobilim ilə taksi fəaliyyəti ilə də məşğul olmuşam. Bir qız, bir oğlan olmaqla iki övladım var. Təxminən hadisədən 2-3 ay əvvəl mobil nömrəmə hazırda unutduğum nömrədən zəng gəldi. Zəngə cavab verdikdə telefondakının qadın olduğunu anladım. Telefondakı qadın səhv düşdüyünü dedi. Buna baxmayaraq, söhbəti davam etdirməyə çalışdı. Onun tanış olmaq məqsədi ilə zəng etdiyini anladım. Sonra yenə zəng etdi və mənimlə tanış olmaq istədiyini dedi. Mən isə həmin qadına ailəli, iki uşaq atası olduğumu və mənə hansısa bir qadınla gizlicə telefonda danışmağın yaraşmadığını bildirdim. Lakin həmin qadın məndən əl çəkmədi. Tez-tez zəng etməsi üçün mənə “140 sms” göndərdi. Həmin qadına bəzən zəng etmişəm. Çünki artıq məni bezdirmişdi”.

Onun sözlərinə görə, 2021-ci ilin iyul ayının sonları Kətəlparaq kəndinin çıxacağında yerləşən “Ağsaray” restoranının qarşısında avtomobili ilə dayanaraq müştəri gözləyib: “Təxminən saat 21 radələrində həmkəndlim Vaqif mənə zəng etdi. Vaqif Vahidin əmisi oğlu idi. Vaqif məni taksi sürücüsü kimi kəndin mal örüşünə çağırdı. Həmin yerə çatdıqda Vaqifdən başqa Səbinənin əri, onun qardaşları və tanımadığım bir neçə şəxsi gördüm. Nəqliyyat vasitəsindən düşən kimi hamısı məni döyməyə başladılar. Telefonda danışdığı qadının Vahidin arvadı Səbinə olduğunu həmin gün bildim. Həmin vaxta kimi Səbinə məndən əsl adını, kim olduğunu, harada yaşadığını gizlətmişdi. Səbinənin əri, qayınları və onların digər qohumları tərəfindən döyülməyimə baxmayaraq, polisə şikayət etməmişəm. Həmin hadisədən sonra Səbinənin qayınları məni döyməklə, öldürməklə hədələyiblər. Mən isə bir kənddə yaşadığımız üçün bu günə kimi onlar tərəfindən döyülməyim, mənə qarşı hədə-qorxu gəlmələri ilə bağlı heç bir yerə şikayət etməmişəm”.

O, ifadəsində əlavə olaraq bildirib ki, mal-qaranı Səbinənin yaşadığı evin yanından örüşə aparıb: “Səbinəgilin evi kəndin örüş olan hissəsinə yaxın yerləşib. Səbinə ilə sadəcə telefonda danışmışam, yaxın münasibətdə olmamışam”.

Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində atası ifadə verib. O, ifadəsində göstərib ki, ailəsi ilə birlikdə Bərdə rayonu, Uğurbəyli kəndində yaşayıb: “Fəhləliklə məşğul olmuşam. 1991-ci ildə evlənmişəm. Bu evlilikdən 2 oğlan və 1 qız övladım dünyaya gəlib. Qızım Səbinə 9 il əvvəl Kətəlparaq kənd sakini Vahid ilə evləndi. Səbinənin iki qız övladı var. Bu günə kimi qızım evimə ailəsi ilə bağlı hər hansı bir problem, habelə əri ilə dalaşdığına görə gəlməyib”.

Hüquqi varis qeyd edib ki, iyulun 21-də kürəkəninin qardaşı ona zəng edib və qızı Səbinənin telefonda başqa bir kişi ilə danışan zaman tutduqlarını bildirib: “Məni Kətəlparaq kəndinə çağırdı. Arvadım ilə birlikdə həmin gün qızımın evinə getdik. Evə daxil olduqda kürəkənimi, onun qardaşlarını, digər qohumlarını və qonşularını gördüm. Vahid məndən qızımı evindən aparmağımı istədi. Səbinə ilə bir neçə dəfə danışıb, ona bu hadisə ilə bağlı suallar versəm də, Səbinə hər dəfə böhtana məruz qaldığını bildirdi. Səbinənin ərinin evindən aparan zaman onun üz nahiyəsində qızartılar olub. Evə apardıqdan sonra növbəti gün Səbinənin üzünün və bədəninin müxtəlif nahiyəsində göyərtilər gördüm. Həmin gün polisə şikayət etmək üçün Səbinəni polis şöbəsinə aparmaq istədim. Amma Səbinə əri və qayınları tərəfindən döyüldüyü üçün yeriyə bilmədi”.

Qeyd edib ki, təxminən iyulun 23-də Bərdə rayon polis şöbəsinə qızının döyülməsi ilə bağlı şikayət edib: “Şikayətə Orxan adlı təhqiqatçı baxdı. Səbinənin döyülməsi ilə bağlı ekspertizadan da keçirdik. Lakin şikayətlərimizə baxan olmadı. Səbinə ər evindən gəldikdən sonra bir müddət Uğurbəyli kəndindəki dayısının evində, sonra isə Bərdə şəhərində yaşayan xalası evində qaldı. Avqustun 19-da Bərdə rayon polis şöbəsindən zəng etdilər. Qızımın oğlum tərəfindən öldürülməsi barədə məlumat verdilər”.

Mehman 10 il müddətinə azadlıqdan məhrum edilib.

(Teleqraf.com)

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.