“MTN generalı ondan şikayətçi olmamağım üçün 300 min pul təklif etmişdi…”

20-05-2022, 09:05   


Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin rəisi olmuş, 2021-ci ilin aprelindən həbsdə olan general Mövlam Şıxəliyev və onun tabeliyində işləmiş daha üç nəfərin mühakiməsi Bakı Hərbi Məhkəməsində davam edir. Təqsirləndirilən şəxslərdən MTN-in istintaq idarəsinin sabiq rəis müavini, 1-ci şöbənin rəisi olmuş Yasin Məmmədov, 2-ci şöbənin rəisi olmuş Vüsal Ələkbərov, istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin sabiq rəis müavini Sahib Ələkbərov həbsdə deyil.

Budəfəki məhkəmə iclasında zərərçəkmiş qismində Akif Qurbanov ifadə verib. O bildirib ki, Bakıda tikinti şirkətinin rəhbəridir. Həbs olunması haqda danışan Akif Qurbanov bildirib ki, “Buta Palace”da toy məclisində foyedə kofe içərkən Mövlam Şıxəliyevi görüb, onunla salamlaşıb. Əvvəlcədən onu tanıdığını, hətta qızının toyunda da olduğunu deyən zərərçəkmişin sözlərinə görə, o dövrdə “Texnikabank”ın rəhbəri Etibar Əliyev həbs olunmuşdu. Ona görə söhbət əsnasında Mövlam Şıxəliyevdən onun işinin nə yerdə olduğunu soruşub: “Etibar Əliyevi MTN həbs eləmişdi. Mən Etibar Əliyevlə dost, yerli idim, mənə bir neçə dəfə 1 milyon kredit vermişdi, amma vaxtında qaytarmışdım. Etibar Əliyevlə Mövlam Şıxəliyevin münasibətini bilirdim, hətta “pravitelstvennı” telefonla onunla danışdığını görmüşdüm. Etibar Əliyev Mövlam Şıxəliyevə hər ay 10 min manat pul verirdi. Mən Etibarı soruşanda Mövlam Şıxəliyev çox pis söyüş söydü. Dedim ki, ayıbdır, sənə hər ay pul verirdi, niyə söyürsən, boy-buxunundan utan…”

Akif Qurbanov deyir ki, toy bazar günü olub, üç gün sonra – çərşənbə günü onu MTN-ə çağırıblar. Onu Vüsal Ələkbərovun yanına aparıblar:

“Məni təhqir elədi, mən də cavabını verdim. YAP-ın Nərimanov təşkilatının üzvüyəm, uzun illər dövlətə qulluq etmişəm. Bildim ki, bu, Mövlamın sifarişidir. Yalandan deyirdi ki, guya mitinq eləmişəm, dövlətə qarşı çıxmışam. Məni 8 saat orada saxladılar. Vüsal Ələkbərov tapşırdı ki, mənə su da verməsinlər. Axşam saat 10-da buraxdılar, tapşırıldı ki, sabah saat 3-də yenidən orada olum. Ertəsi gün gedəndə Vüsal Ələkbərov məni qarşılayıb Mövlam Şıxəliyevin otağına apardı. Yasin Məmmədov da orada idi…”

Zərərçəkmiş bildirib ki, kabinetdəki mübahisə və söhbətlərdən sonra Mövlam Şıxəliyev ondan 1 milyon pul tələb edib:

“Dedi ki, “səndən 3 milyon alacaqdım, tapşırıldığına görə 1 milyon verəcəksən”. Soruşdum ki, nə etmişəm, 1 milyon verim? Cavab verdi ki, verməlisən. Sonrakı günlərdə məni Yasin Məmmədov qəbul elədi. Dedi ki, Eldar Mahmudovun övladının toyudur, 1 limon ver, məsələ bitsin. Mən də dedim ki, 1 limon sizə çatmaz, Lənkərandan sifariş verim, sizə 5-6 kilo limon gətirsinlər, gedin çayla için. Yasin dedi ki, səndən limon istəyən yoxdur, 1 milyonu gətir. Dedim ki, hərənizə 10 min manat pul gətirmişəm, toya gedirsiz, verəcəm. Artıq pulum yoxdur…”

Bir gün sonra biznes məsələlərilə əlaqədar Dubaya getdiyini deyən Akif Qurbanovun sözlərinə görə, oğlu onunla əlaqə saxlayıb, ölkəyə giriş-çıxışının məhdudlaşdırıldığını xəbər verib. Zərərçəkmiş deyir ki, o, Dubaydan sonra bir müddət də Türkiyədə qalıb. Amma həmin müddətdə də ondan əl çəkməyiblər: “Vüsal Ələkbərov hər gün mənə zəng eləyib deyirdi ki, gəl, məsələni həll elə. Ya da övladların gəlib həll eləsinlər. Mən ölkədə olmadığım müddətdə oğlanlarım Teymuru və Vüqarı incitmişdilər. O zaman oğlum Eldar Mahmudova yol tapdı, ondan xahiş etdi ki, mənimlə bağlı “stop” götürülsün. “Stop” götürüldü, bunlara da tapşırdı ki, mənimlə işləri olmasın. Ondan sonra Bakıya gəldim. Yenə əl çəkmədilər. Vüsal Ələkbərov zəng elədi ki, pulu düzəlt, ver. Üç gün vaxt verdilər. Məcbur olub, pulu düzəldib verdim”.

Akif Qurbanov ifadəsində bildirib ki, 2015-ci ilin oktyabrında MTN-dəki əməliyyatdan, bu qurumun bir sıra vəzifəli şəxslərinin həbsindən sonra o da şikayətçi olub. O, Vüsal Ələkbərovla yanaşı, Mövlam Şıxəliyev və Yasin Məmmədovdan da şikayət edib.

O dövrdə Vüsal Ələkbərov həbs edilsə də, digər iki nəfər cinayət məsuliyyətindən kənarda qalıb:

“Vüsal Ələkbərovun mənə qarşı törətdikləri məhkəmədə təsdiqləndi. Vüsal Ələkbərov 12 il azadlıqdan məhrum edildi. Mənə vurulan ziyana görə onun üzərinə həbs qoyulmuş əmlaklarından biri – evi mənə verildi. O ev 1 milyon 250 min dəyərləndirilmişdi. Evi satıb 250 min manatı dövlət nəfinə keçirməliydim. Ali Məhkəmənin hakimi Fərhad Əliyev Mövlam Şıxəliyevin qohumudur. Onun köməyilə Vüsalın cəzasını 12 ildən 5 ilə endirdilər, aşağı instansiya məhkəməsinin mənə verdiyi evi də Vüsalın özünə qaytardılar. Ali Məhkəmə faktiki bilə-bilə qanunsuz qərar verdi”.

Zərərçəkmiş vurğulayıb ki, Mövlam Şixəliyev şikayətçi olmaması üçün ona pul təklif edib. Onlar 2021-ci ilin martında – generalın həbsindən az əvvəl restoranda görüşüblər. Həmin görüşdə qardaşı Münasib Qurbanov da iştirak edib:

“Mövlam Şixəliyev şikayət etməməyim üçün 300 min dollar pul təklif etdi. Hətta dedi ki, bunu notarial qaydada rəsmiləşdirə bilərik. Ertəsi gün 42 saylı notarial kontoruna getdim. Orada olanda Mövlam Şixəliyevin vəkili mənimlə telefonla danışdı. Dedi ki, notarial qaydada ərizə yazmalıyam, qeyd olunmalıdır ki, mən və oğlum səhvən Mövlam Şixəliyevin adını çəkmişik. Onun dediklərinə əsəbiləşdim, oradan çıxdım”.

Movlam Şıxəliyev
Mövlam Şixəliyev . Mənbə: APA

Təqsirləndirilən general isə zərərçəkmişin ifadəsinə etiraz edib. O, Akif Qurbanovun yalan danışdığını bildirib.

Zərərçəkmiş isə yada salıb ki, heç bir əsas olmadan onun ölkədən çıxışına “stop” qoyulmuşdu. Mövlam Şıxəliyev bunun da yalan olduğunu deyib.

Prokuror isə Akif Qurbanovun ölkədən çıxışına məhdudiyyət qoyulduğunu təsdiqləyən arayışın iş materialları arasında olduğunu bildirib.

Zərərçəkmişlərdən Məhəmməd Hüseynov 2020-ci ildə vəfat edib. Onun hüquqi varisi qismində oğlu Fariz Hüseynov məhkəmədə dindirilib.

O bildirib ki, atası “Moskva” univermağında qızıl-zinət əşyalarının satışıyla məşğul olub. 2014-cü ilin noyabrında MTN əməkdaları onu gəlib iş yerində saxlayıblar:

“Satış rəfində olan qızıl-zinət əşyalarını, kassada olan 20 min dollar və 7 min manat pulu götürüblər. Ertəsi gün atam MTN-ə getmişdi. Axşam evə fikirli qayıtdı. Dedi ki, MTN-nin Yasin Məmmədov adlı müstəntiq onu Ramiz Əliyev adlı şəxslə əlbirlikdə, qaçaqmalçılıqla məşğul olmaqda ittiham edir. Ondan 200 min manat pul istəyib. Pulu gətirməsə, həbs olunacağını deyib”.

Fariz Hüseynov bildirib ki, atasının iş yerindən götürülmüş 20 min dollar pul və qızıl-zinət əşyalarının bir qismini əlindən almaqla, mərhum Məhəmməd Hüseynovdan əl çəkiblər.

Zərərçəkmiş şəxslər, onların vəkilləri mərhum Məhəmməd Hüseynovun istintaqa ifadəsinin məhkəmədə elan olunmasını istəsələr də, hakim bu haqda vəsatəti təmin etməyib. Bu da zərərçəkənlərin etirazına səbəb olub. Onlar hakim Elbəy Allahverdiyevi bu işlə bağlı həqiqətləri ört-basdır etməkdə ittiham ediblər.

Məhkəmə prosesi mayın 24-də davam edəcək.

Mövlam Şixəliyev digər təqsirləndirilən şəxslərlə birləşib ümumilikdə 14 milyon 292 min manat rüşvət almaqda, hədə-qorxu ilə başqalarının 5 milyon 77 min manatını ələ keçirməkdə, həmçinin səlahiyyət həddini aşma və sübutları saxtalaşdırma kimi əməllərdə ittiham edilir. Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələrilə ittiham olunur.

Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərova isə Cinayət Məcəlləsinin 311.3.1 (mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və başqa maddələrilə ittiham verilib. İstintaq dövrü üçün onların barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.

Mövlam Şıxəliyev və onunla birlikdə təqsirləndirilən şəxslərin adları zaman-zaman bir sıra ictimai-siyasi fəalların həbsində hallanıb.

Zərərçəkmişlər arasında “Texnikabank”ın sahibi Etibar Əliyev, onun oğlu Kəramət Əliyev və digərləri var.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.