Gözəl Bayramlı: “Baş verənləri repressiya siyasətinin tərkib hissəsi kimi dəyərləndirirəm...”
Milli Şuranın mətbuat xidmətinin rəhbəri, tanınmış ictimai-siyasi xadim, hüquq müdafiəçisi Oqtay Gülalıyevin azyaşlı oğlu Əli Gülalıyevlə bağlı açılan cinayət işinin siyasi sifariş xarakteri daşıdığı şübhəsizdir. Bunu Moderator.az-a açıqlamasında AXCP sədrinin müavini Gözəl Bayramlı bildirib. AXCP yetkilisinin sözlərinə görə, bu, ölkədəki məlum repressiya siyasətinin tərkib hissəsidir:
“Oqtay Gülalıyevin oğlu bir il əvvəl bir qrup naməlum şəxslər tərəfindən döyülmüş, bıçaqlanmış və ağır xəsarətlə xəstəxanaya yerləşdirilmişdir. Həmin vaxt Oqtay bəyin oğlu Əli Gülalıyev zərərçəkən qismində tanınmışdır. İndi isə ona qarşı Cinayət Məcəlləsinin 221.1- ci maddəsi ilə cinayət işi açılıb və artıq məhkəmə prosesi keçirilir. Oqtay Gülalıyev hüquq müdafiəçisidir, eyni zamanda Milli Şuranın mətbuat xidmətinin rəhbəridir. Düşünürəm ki, yuxarıda qeyd olunan faktlar bu məhkəmənin siyasi sifarişlə həyata keçirildiyini göstərir. Həm də məhkəmənin ölkədə vətəndaş cəmiyyətinə və mübarizə insanlarına qarşı həyata keçirilən və bu gün də davam edən repressiyalarla eyni vaxta təsadüf etməsi bu hadisənin Oqtay Gülalıyevin siyasi fəaliyyəti ilə birbaşa bağlılığını sübut edir. Oqtay Gülalıyevin oğlu ilə bağlı baş verənləri həmin repressiyaların tərkib hissəsi kimi dəyərləndirirəm...”
Seymur Əliyev