Dünyada nüvə silahından istifadə təhlükəsi “soyuq müharibə”nin qızğın vaxtından bəri görünməmiş səviyyəyə çatıb.
Bunu BMT-nin Baş katibi Antonio Quterreş Nüvə Silahlarının Yayılmaması Müqaviləsi iştirakçısı olan ölkələrin icmal konfransının açılışında bildirib. “Bəşəriyyət Xirosima və Naqasakiyə endirilən zərbələrdən alınan dərsləri unutmaq təhlükəsi ilə üz-üzədir. Geosiyasi gərginlik yeni zirvələrə çatıb”, - deyə o, bəyan edib. Qeyd edək ki, son illərdə dünyada nüvə müharibəsinin olma ehtimalı hər keçən gün artır. Şimali Koreyanın davamlı olaraq ballistik raket sınaqları həyata keçirməsi və ABŞ-ı açıqca təhdid etməsi bu qorxuya ən böyük nümunədir.
Həmçinin, ABŞ və İran arasındakı qarşılıqlı təhdidlər də bu riski artıran amillər sırasındadır. Heç şübhəsiz ki, Rusiya-Ukrayna müharibəsi də dünyanı ilk dəfə nüvə müharibəsinə bu qədər yaxınlaşdırdı. Hətta Rusiya Prezidenti Valdimir Putin bir neçə dəfə dünyanı nüvə silahı ilə belə təhdid etməkdən çəkinmədi. Artıq BMT Baş katibi də bu təhlükənin necə ciddi olduğunu vurğulayır.
Cebhe.info-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib ki, nüvə müharibəsi riski siyasi və hərbi təhlilçilərin proqnozlarında yer alır:
“Rusiya-Ukrayna müharibəsi bu riski daha da artırdı. Hətta Rusiya tərəfindən nüvə arsenalına müraciət olunacağı ilə bağlı dəfələrlə təxribatçı fikirlər səslənib. Rusiyalı ekspertlər də bu tədidləri belə şərh edirlər ki, ya biz qalib gələcəyik, ya da hamı uduzacaq. Bütün bunlar onu göstərir ki, həqiqətən də müharibənin gedişində nüvə silahlarına müraciət bütün dünya üçün böyük bir fəlakətlə nəticələnə bilər. Fevral ayından başlayan Rusiya-Ukrayna müharibəsinin gedişində də nüvə müharibəsinin olacağı təhdidləri artmaqdadır. Həmçinin, İran və Şimali Koreyanın da hərəkətlərini burada qeyd edə bilərik. Bütün bunların fonunda isə BMT Baş katibi Antonio Quterreş nüvə müharibəsi ehtimalını xüsusi olaraq vurğulayıb”.
Politoloq xatırladıb ki, “soyuq müharibə”nin gedişində də dünya dəfələrlə nüvə müharibəsi təhdidi ilə üz-üzə qalıb:
“İndiki vəziyyətdə də bu cür çağırışlar dünyanın gündəmindədir. Lakin anlamaq lazımdır ki, nüvə müharibəsi bütün bəşəriyyət üçün təhlükədir. Bu təhlükənin qarşısını almaq üçün daha təmkinli və uzaqgörən siyasi baxışlara malik olmaq gərəklidir. Hazırda gedən geosiyasi proseslərdə tərəflərdən kiminsə nüvə silahına müraciət edəcəyini də düşünmürəm. Çünki nüvə silahına müraciət edəcək tərəflər də bunun necə təhlükəli olduğunu başa düşürlər. Geniş bir arealda hər şeyin məhv edilməsi və gələcək illərdə də bu fəsadların yaşanması ən arzuolunmaz ssenaridir. Ona görə də maksimal dərəcədə nüvə müharibəsi ilə bağlı ehtimallar və təhdidlər minimallaşdırılmalıdır. Əks təqdirdə bizi çox qorxunc və faciəli bir gələcək gözləyir”.
Elmir
Cebhe.info