Londondakı Azərbaycan səfirliyinə hücum: Britaniya “hərtərəfli araşdırma aparır”

5-08-2022, 12:09   


Böyük Britaniya, Azərbaycan

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES


Böyük Britaniya Azərbaycanın Londonda yerləşən səfirliyinə edilən hücumla bağlı hərtərəfli araşdırma aparır”, Britaniyanın Azərbaycandakı səfirliyi bildirib.

Cümə axşamı bir neçə şəxs Londonda Azərbaycan səfirliyinə hücum edib. Onlar səfirliyin yerləşdiyi binada Azərbaycan bayrağını çıxarıb yerinə dini şüar yazılmış bayraq taxıblar, divarlara, pəncərələrə ərəb dilində şüar yazıb və səsləndiriblər.

Britaniyanın Azərbaycandakı səfirliyi  Azərbaycanın London səfirliyinə daxil olan "etirazçıların hərəkətlərini pisləyib".

Azərbaycan Xarici İşlər Nazirliyi hadisəni "bir qrup radikal dini dəstə"nin hücumu və “vandalizm aktı” kimi qiymətləndirib.



Böyük Britaniyanın Azərbaycandakı səfirliyi cümə günü yaydığı bəyanatda bildirib ki, polis binanın içərisindəki səfirliyin əməkdaşlarını təhlükəsiz şəkildə təxliyə edib, daha sonra etirazçıları oradan uzaqlaşdırıb və 8 nəfər həbs edilib”.

“Böyük Britaniya ölkədəki diplomatik nümayəndəliklərin qorunmasına zəmanət vermək öhdəliyinə ciddi yanaşır və polis müvafiq təhlükəsizlik tədbirlərinin görülməsini təmin etmək üçün Azərbaycan səfirliyi ilə əlaqə saxlayır”, - səfirliyin bəyanatında əks olunub.

Nə baş verib?

London səfirliyinə hücum

ŞƏKLİN MƏNBƏYİ,SOSIAL MEDIA

Sosial mediada yayılan video görüntülərdə bir neçə naməlum şəxsin Londonda Azərbaycan səfirliyinin yerləşdiyi binanın balkonuna çıxdığı və şüarlar qışqırdığı, pəncərə və divarlarda ərəbcə yazılar və plakatlar görünür.

Video kadrlarda bir kişinin balkonda sancılan Azərbaycan bayrağını çıxarıb tulladığı, yerinə ərəbcə sözlər yazılmış mavi bayraq asdığı da görünür.

Paylaşımını ötürün Twitter

Paylaşımın sonu Twitter

London səfirliyi

ŞƏKLİN MƏNBƏYİ,SOSIAL MEDIA

Britaniyanın Metro qəzeti səfirliyə hücum edən şəxslərin Mehdinin Nökərləri Birliyinin üzvləri olduğunu yazıb.

Şiə təriqətinə mənsub, Londonda mənzillənən Mehdinin Nökərləri Birliyinin saytında bildirilir ki, onlar İmam Mehdinin zühuruna hazırlaşan müsəlmanları birləşdirirlər.

Onlar buna “İslam Rafizi dəyərlərinə uyğun imanla irəliləmək və şiə sivilizasiyasının dominantlığına nail olmaqla”  hazırlaşırlar, saytda vurğulanıb.

Birliyin lideri Yasser Al-Habibin “Cənnət xanımı” filmi ilk dəfə Məhəmməd Peyğəmbərin üzünü göstərən film kimi xarakterizə olunur. Film peyğəmbərin qızı Fatimə haqqında olsa da, əsasən İmam Əlidən bəhs edir. Sünni müsəlmanlar filmin təhriflərə yer verdiyini deyərək, onun kinoteatrlardan qaldırılmasını tələb etmişdi.

Qrupla əlaqəsi olan üzvlər Azərbaycan hökumətinin bəzi şiə müsəlmanları “təqib etdiyini" iddia ediblər.

Qrup bəyanatda bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevə qarşı “təcili tədbir görülməsi” üçün rəhbərləri tərəfindən göstəriş verilib, Metro qəzeti yazıb.

Əslən Küveytdən olan Əl-Həbib Böyük Britaniyada sığınacaq alıb və Buckinghamshire-də məscid idarə edir.

İranın Londondakı səfirliyi daha əvvəl qrupu 2018-ci ildə onun əmlakına hücumda ittiham etmişdi.

"Vandalizm aktı"

Azərbaycan XİN bildirib ki, səfirliyin binasına daxil olmağı bacaran “radikal dini dəstə üzvləri "vandalizm aktı" törədib, binanın eyvanında dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndiriblər.

"Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb və saxlanılıb. Hadisə nəticəsində səfirliyin əməkdaşları xəsarət almayıb. Hadisə yerli hüquq mühafizə qurumları tərəfindən araşdırılır", - Azərbaycan XİN bəyan edib.

Metro saytı bildirib ki, hücumla əlaqədar 8 nəfər həbs olunub.

BBC.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.