Məhkəmədə: “Ona o qədər inanırdım ki, İmam Mehdi olduğuna şübhə eləmirdim”

24-08-2022, 08:23   


İki ali təhsili olan hüquqşünas İmam Mehdinin zühur etməsinə inanıb, yarım milyon pul verib?

İki ali təhsil diplomu olan, öncə hüquq, daha sonra Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər münasibətlər fakültəsini bitirmiş Anar Aslanov iddia edir ki, o, Aqil Babayev adlı şəxsi “zühur etmiş 12-ci İmam Mehdi” kimi qəbul edib, on ildən artıq müddətdə ona ümumilikdə yarım milyon manatdan çox pul verib.

Özünü “İmam Mehdi” kimi təqdim edərək, insanları aldadıb, onların külli miqdarda pulunu, əmlakını ələ keçirməkdə ittiham olunan Aqil Babayevin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Anar Aslanov da bu iş üzrə zərərçəkmiş qismində tanınan şəxslərdən biridir. O, avqustun 23-də məhkəmədə dindirilib.

Anar Aslanov öncə Azərbaycan Beynəlxalq Universitetin (ABU) hüquq fakültəsini, daha sonra Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsini bitirib, “Alfa Hotel” MMC-nin icraçı direktorudur.

İfadəsində bildirib ki, Aqil Babayevi öz qardaşı Daşqının vasitəsilə ibadətlə məşğul olan adam kimi tanıyıb, zaman keçdikcə din adamı kimi ona daha çox inanıb, bağlanıb. Anar Aslanovun sözlərinə görə, Aqil Babayev ona özünü “12-ci İmam Mehdi” kimi təqdim edib:

“Ona o qədər inanırdım ki, İmam Mehdi olduğuna şübhə eləmirdim. 2009-2010-cu illərdən başlayaraq, Aqil Babayev mənə və bir çoxuna deyirdi ki, Allahdan ona buyruq gəlib. Kasıb, fağır insanlara ev tikmək adıyla bizdən pul istəyirdi. Mən də xeyirxah işlər görməyə meylli olduğuma görə verirdim. Deyirdi ki, bu, Allah dərgahında təmizlənmək üçün vacibdir”.

Anar Aslanov iddia edir ki, birinci dəfə 100 min dollar verib. Onun sözlərinə görə, sonradan 2020-ci ilin axırlarında Aqil Babayev yenə ev tikmək adıyla ondan 43 min avro, 50 min dollar pul alıb. Daha sonralar da Aqil Babayevə 10 min, 20 min dollar olmaqla, bir neçə dəfə pul verdiyini deyən zərərçəkmişin iddiasına görə, ümumi məbləğ yarım milyon manatdan çox olub. Lakin 2021-ci ilin yayından Aqil Babayevin haqqında, qadınlara münasibəti barədə xoşagəlməz fikirlər yayılmağa başlayıb, ondan şübhələnməyə başlayıblar. Aqil Babayevlə bu məsələni aydınlaşdırmağa çalışanda, o, onları Buzovnadakı bağ evinə dəvət edib. Anar Aslanov deyir ki, 2021-ci il iyulun 8-də bağ evindəki görüşdə Aqil Babayevdən indiyədək ona verdiyi pulları geri tələb edib:

“Dedi ki, topladığı pulların bir hissəsi xərclənib, bir hissəsi isə Əhmədlidəki evindədir. Məni evinə göndərdi ki, gedib evindən götürüm”.

Zərərçəkmiş etiraf edir ki, iyulun 8-dən 9-na keçən gecə Aqil Babayevin evinə gedib, oradan bir hissəsi dollarla olmaqla, ümumilikdə 525 min manat pul və qızıllar aparıb. Apardığı kisədə qızılların olduğunu sonradan bilərək, onları Vüqar adlı şəxs vasitəsilə Aqil Babayevə qaytardığını deyən zərərçəkmiş pulun yerini bilirdisə, onu ev sahibi özü göndərmişdisə, hansı səbəbdən gecə saatlarında o evdə təxminən iki saat qalmasını isə belə əsaslandırıb:

“Aqil Babayev bir müddət əvvəl mənə demişdi ki, hamamda kranın “smistiteli” xarab olub, düzəltmək lazımdır. Həmin vaxt elə onu da düzəltdim…”.

Anar Aslanov avqustun 30-da keçiriləcək növbəti məhkəmə iclasında ona ünvanlanan sualları cavablandıracaq.

Aqil Babayev Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq – xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur. Bu maddədə 10 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Aqil Babayevin ailə üzvləri ittihamda yazılanların absurd olduğunu, onun biznesini əlindən almaq üçün qondarma ittihamla həbs edildiyini bildirib. Ailəsinin dediyinə görə, Aqil Babayev “Shaurma N1” restoranlar şəbəkəsinin sahiblərindən biridir. Onun pulunu, biznesini əlindən almaq üçün saxta cinayət işi quraşdırılıb.

Ailənin bildirdiyinə görə, 2021-ci il iyulun 8-də bağ evində Anar Aslanov da daxil olmaqla, bir qrup şəxs Aqil Babayevi döyüb, əl-qolunu bağlayıb, ondan pullarını və payını tələb edib. Daha sonra həmin şəxslər Əhmədli qəsəbəsində yerləşən evə gələrək, evdən təxminən 9 milyon manata yaxın pul və 2 milyon dəyəri olan qızıl külçələri götürüb aparıblar. Ertəsi gün Aqil Babayev baş verənlərlə əlaqədar polisə şikayət edib:

“Onun şikayətini araşdırmaq əvəzinə özü haqqında absurd cinayət işi başladılar. Bir günün içində 300 nəfərdən ərizə alıblar ki, guya İmam Mehdi adıyla onları aldadıb”.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.