Tofiq Zülfüqarov: "İndi İrəvan maraqlıdır ki, Qarabağ mövzusunu özündən uzaqlaşdırsın...“Ermənistan indiki siyasətini davam etdirəcəksə, sülh sazişi və delimitasiya olmayacaq”
Brüsseldə Azərbaycan və Ermənistan liderləri arasında baş tutan son görüş, əldə olunan bəzi razılaşmalar Rusiyanın həm aşkar, həm də səhnə arxası oyunlar səviyyəsində sərt reaksiyasına səbəb olub. Ruslar Xankəndindəki separatçı banda vasitəsilə həm Ermənistan hakimiyyətinə təzyiq göstərir, həm də Azərbaycana qarşı təxribatçı addımlar həyata keçirirlər.
Eyni zamanda, Brüssel müzakirələrindən sonra vəziyyət gərginləşir. Azərbaycan Ordusunun hissələri atəşə tutulur, Rusiyada yaşayan erməni milyarder Ruben Vardanyan Xankəndində peyda olur, eləcə də separatçılar elan edirlər ki, onlar yeni Laçın yolunun təhlükəsizliyinin təminatına cəlb olunublar və sair. Bütün bu baş verənlər yeni hərbi qarşıdurmaya səbəb ola bilərmi?
“AzPolitika.info” bu mövzunu Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarovla müzakirə edib:
- Tofiq müəllim, son Brüssel görüşündə bir sıra istiqamətlər üzrə razılaşmalar əldə olunub. Bundan sonra hansı proseslərin baş verəcəyini gözləmək olar?
- Doğrusu, Brüssel görüşündən sonra gələn məlumatlar məndə belə təəssürat yaradır ki, real irəliləyiş yoxdur. Ancaq biz onu deyə bilərik ki, Qərbin təzə formatı reallığa çevrilib. Gördüyümüz kimi, Qərbi təmsil edən qurum - Avropa İttifaqı Minsk Qrupundan kənar təşəbbüslərlə çıxış edir. Üstəlik, müzakirə edilən mövzuların hamısı Azərbaycan və Ermənistan arasında olan məsələlərə aiddir. Artıq Azərbaycan sübut edir ki, Qarabağ mövzusu onun daxili işidir, hətta xarici siyasət istiqamətinə belə aid məsələ deyil. Yəni, biz buna daxili məsələ kimi baxırıq. Bu mənada böyük nəticə olmasa da, Qərbin bu formatı bizim üçün olduqca faydalıdır. Baxın, bu hadisələr ABŞ-ın öz diplomatını Minsk qrupuna həmsədr təyin etdiyi vaxtda baş verir. Deməli, Avropa İttifaqı başqa fəlsəfə, başqa yanaşma nümayiş etdirir. Minsk qrupunun “tərəfdarları” tədricən öz mövqelərini itirirlər. Əlbəttə, söhbət Qərbdən gedir.
- Ancaq Brüsseldə iki dövlət arasında sərhədlərin müəyyənləşdirilməsi, habelə sülh sazişinin hazırlanması üçün hər iki ölkə XİN-inə müvafiq göstəriş verilib. Siz indiki mərhələdə bunları ciddi nəticə hesab etmirsiniz?
- Biz ilk növbədə prosesin məntiqinə fikir verməliyik. Biz görürük ki, Ermənistan Brüssel görüşləri ilə paralel olaraq müxtəlif xarici oyunçuların dəstəyi və bəlkə də təsiri altında Qarabağ, eləcə də onun “statusu” mövzusunu gündəmə gətirir. Bu, nə deməkdir? Deməli, dünya ölkələri arasında sülh sazişi ənənəsini təşkil edən prinsiplər Ermənistan tərəfindən dəstəklənmir. İtaliya səfəri zamanı cənab prezident bu mövzuya da toxundu. Bildirdi ki, Ermənistana beş prinsip təqdim etmişik. Hiss edilir ki, ermənilər bu prinsipləri qəbul etmirlər. Yəni, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü sözdə qəbul edilir. Amma belə çıxır ki, onlar Qarabağsız Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanımağa hazırdırlar. Təbii ki, bu, səmimi mövqey deyil.
İkincisi, dövlətlər arasında daha bir vacib prinsip də bir-birinin daxili işlərinə qarışmamaqdır. Amma Ermənistan öz ənənəvi siyasətini davam etdirir. Azərbaycanın ayrılmaz hissəsində olan separatçılara hərbi, siyasi, iqtisadi və maliyyə dəstəyi verir. Bu siyasət davam edəcəksə, nə yaxın vaxtlarda sülh sazişinin qəbul edilməsinə, nə də delimitasiya və demarkasiya prosesinin reallaşmasına inanmıram. Azərbaycan açıq deyir - əgər Ermənistan istəyirsə ki, danışıqlarda Azərbaycanın hansısa bölgəsinə dair müzakirələr aparılsın, o zaman məntiqli olaraq Azərbaycan da öz gündəmini bu mövzuya uyğunlaşdıra bilər. Yəni, burada söhbət tarixi ədalətsizliyin bərpasından - Zəngəzur və Göyçədə yaşamış azərbaycanlıların taleyinin müzakirə edilməsindən gedir. Bu məsələlər bir-birilə bağlı olduğundan hansısa irəliləyişin olmasına inanmıram.
- Bəs, irəliləyiş hansı istiqamətdə və formada ola bilər?
- Avropa İttifaqının bəyanatlarına diqqət etsək görərik ki, onun siyasi ambisiyaları məhduddur. Onlar daim bəyan edirlər ki, biz kommunikasiyaların bərpasına, infrastrukturun qurulmasına yardım etməyə hazırıq. Burada da mövqelər fərqlidir. Azərbaycan tərəfi çalışır ki, Zəngəzur dəhlizini işlək vəziyyətə gətirsin. Yalnız bundan sonra digər kommunikasiyaların da işləməsi mümkün olacaq. Hesab edirəm ki, bu məsələdə Ermənistana təzyiq daha güclüdür. Bu təzyiqə Rusiya və Türkiyə də qoşulub. Əminəm ki, qısa müddətdə İran da bu məsələdə aktiv olacaq. Zəngəzur dəhlizi təkcə Azərbaycanla Naxçıvanın birləşməsi və ya Türkiyə ilə kommunikasiya yaratması deyil. Bu, böyük oyunçuların maraqları üçün vacib sayılan kommunikasiya xəttidir. Çünki sanksiyalar altında olan Rusiya üçün İran və Türkiyədən çıxmaqla digər ölkələrlə bağlantı yaratmaq çox vacibdir. Bu baxımdan əminəm ki, Zəngəzur dəhlizi istiqamətində real irəliləyişə nail ola bilərik.
- Brüssel görüşündən sonra Kəlbəcərdə Azərbaycan hərbi avtomobilləri atəşə tutulub. Bu, Paşinyanın mesajıdır, yoxsa separatçılar və onları təlimatlandıran məlum dövlətin işidir?
- İndi Ermənistan maraqlıdır ki, Qarabağ mövzusunu özündən uzaqlaşdırsın. Desin ki, bizim ora müdaxiləmiz yoxdur. Gedin özünüz problemi həll edin. Həm də diqqət etsəniz görərsiniz ki, atəşin açıldığı yerlər Ermənistanla sərhəddə deyil. Bu, daha çox o niyyətə oxşayır ki, Xankəndində Ermənistandan ayrı terror mərkəzi yaradılsın və Azərbaycana qarşı bu oyunlar davam etdirilsin. Biz görürük ki, siyasi səviyyədə də belə oyunlar baş verir. Məsələn, Ruben Vardanyanın təşəbbüsü. Bəli, onun əsas məqsədi Rusiyaya tətbiq edilən sanksiyalardan uzaqlaşmaq və bank sferası ilə əlaqədar hansısa yollar tapmaqdır. Qənaətimcə, Vardanyanın bu addımında iki məqsəd güdülür. Bunlardan biri və heç də əsas olmayanı onun Xankəndində hansısa vəzifə tutması, bura maliyyə cəlb etməsidir. Guya maliyyə dəstəyi Ermənistandan deyil, diasporadan gəlsin və s. Bu da Ermənistanı qorxudan məsələdir. İrəvanda başa düşürlər ki, Qarabağı gündəmə gətirən kimi Zəngəzur məsələsi də gündəmə gətirilir. İndi İrəvan çalışacaq bizə sübut etsin ki, onun bu prosesə təsiri yoxdur, bunu edən diasporadır və s.
- Ruben Vardanyan Rusiyada yaşayan erməni milyarderlərdən biridir, böyük kapitala və əmlaka sahibdir. Sizcə, belə bir adam Moskvanın razılığı olmadan Rusiya vətəndaşlığından imtina edərək Xankəndində peyda ola bilərmi?
- Aydındır ki, yox. Amma bilməliyik ki, Moskva hakimiyyətinin daxilində müxtəlif siyasi qruplar və mərkəzlər mövcuddur. Vardanyan ilk növbədə Medvedevlə yaxınlaşıb, eləcə də onun Muşistinlə əlaqələri var. Mən istisna etmirəm ki, bu təşəbbüs hansısa mərkəzdən gəlib. “Kremlin müxtəlif qüllələri” məvhumu var. Bu qüllələrdən birinin bunda marağı ola bilər. Çünki Qarabağ mövzusu ilə onlar istəyəcəklər ki, sanksiyalardan qaçmaq kanalını fəal vəziyyətə gətirsinlər. Sanksiyalardan qaçmaq mərkəzlərindən biri kimi Ermənistan artıq fəaliyyət göstərir. Müxtəlif rəqəmlər var. Məsələn, Gürcüstana 120 minə yaxın rus köçüb və orada işləyir. Təxminən buna yaxın sayda da Ermənistandadırlar. Bunlar Rusiyada yaşayan ermənilərdir ki, sanksiyalardan kənarda qalmağa çalışırlar. Vardanyanın da bu şəkildə peyda olması təsadüfi deyil. Hiss olunur ki, məqsəd yalnız öz pullarını deyil, digər sifarişçilərin də pullarını qaçırmaq, yumaqdır və burada Qarabağ əsl mənada pərdələnmək üçün lazımdır. Vardanyan yəqin, siyasi bəyanatlar verəcək, amma onun əsas məşğul olduğu iş “pulyuma maşını” yaratmaq olacaq.
Gəlin, açıq danışaq, Ruben Vardanyanın Xankəndində ciddi nəsə etməsi mümkün deyil. Azərbaycanın qarşısında o, neyləyə bilər? Bir-iki tədbir keçirəcək, bir neçə layihə adı çəkəcək, deyəcək ki, nələrsə tikir və sair. Biz də bu layihələrin sonunun necə olduğunu görürük. Ən əsas məsələ odur ki, Xankəndində adamları saxlamaq mümkün deyil. İndi bu adamların Rusiyadan qaçdıqları halda gəlib Xankəndində mühasirədə yaşamaları mümkün və ağlabatan deyil. Odur ki, bunların hamısı siyasi imitasiyalardır. Mən təəccüb edirəm ki, bizdə Vardanyana diqqətlə və təhlükə kimi yanaşırlar.
- Brüssel görüşündən sonra Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın da sentyabrın 2-də Xankəndində peyda olduğunu gördük. Qriqoryan Paşinyanın “sağ əli” sayılır. Bəs, onun Xankəndinə gəlməsi nəyə xidmət edir?
- Bu, İrəvan hökumətinin taktiki gedişləridir. Onlar elə təəssürat yaratmaq istəyirlər ki, Qarabağdan uzaqlaşıblar. Qarabağ ermənilərinə dəstək Vardanyan və diasporanın digər üzvlərinin vasitəsilə davam edir. Oradakı rejim də özü özlüyündə mövcuddur. Amma, bunlar mənasız addımlardır. Aydındır ki, ruslar oradan çıxdıqdan sonra on dənə Vardanyan olsun, bunun heç bir nəticəsi olmayacaq.
İkincisi, Birinci və İkinci Qarabağ müharibələri arasında böyük müddət olub. İndi texniki və texnoloji baxımdan orada partizan savaşı aparmaq mümkün deyil. Çünki ərazi kiçikdir. “Qisas” əməliyyatı zamanı gördünüz ki, müasir texnologiya sayəsində havadan necə izləniliblər. Odur ki, gecə saatlarında hansısa evdən qrup şəklində çıxıb harasa getmək, təxribat törətmək kimi hallar havadan müşahidə olunur. Onlar orada heç nə edə bilməzlər, partizan müharibəsi aparmaları üçün də şərait qalmayıb.
- Sizə elə gəlmirmi ki, burada əsas söz Rusiyanındır, Moskva istəsə onlar təxribatlara əl atar, istəməsə yox...
- Əlbəttə, mən də xüsusilə qeyd edirəm ki, Vardanyanı hərəkətə gətirən hansısa dairələr mövcuddur. Onlar sanksiyalardan qaçmaq üçün yollar axtarışındadırlar. Vardanyan da ağıllı bankçıdır, onlara təklif edib ki, mən Rusiya vətəndaşlığından imtina edim, gedim Ermənistanda işlərinizi görüm. O, İranla da əlaqə yarada bilər. İndi Vardanyan əsas məqsədini gizlətmək üçün Qarabağ mövzusuna girişir və iddia edir ki, burada nəsə edəcək. Neyləyəcəksən? Xankəndi iki küçə boyda şəhərdir, orada uzağı 15-20 min insan var. Lap pulun da çoxdur, orada neyləyə biləcəksən?
- Siz hesab edirsiniz ki, münaqişə ilə bağlı Putinin mövqeyi Vardanyanı Qarabağa göndərən qüvvələrin mövqeyindən fərqlidir?
- Putinin əsas marağı Ukraynanın işğalıdır. Bu baxımdan onun üçün Türkiyə, Azərbaycan və İran potensial olaraq strateji tərəfdaşlardır. Hamı anlayır ki, söhbət şimal-cənub dəhlizindən gedir və coğrafi baxımdan başqa yollar mövcud deyil. Vardanyan və digərləri də siyasi alver üçün alətlərdir. Hansısa mərhələdə onları satacaqlar. İndiyə qədər oduğu kimi.
Məsələn, Suriya və digər ərazilərdə Türkiyənin təzyiqi ilə hansısa irəliləyişlər mövcuddur. Bu baxımdan hansısa mərhələdə ruslar Vardanyanı satacaqlar və buna heç kimin şübhəsi olmasın. İndi gəlib orada səs-küy yaradır ki, mən də varam. Günlərin birində görəcəyik ki, Vardanyan yoxdur. Əsas strateji məsələ odur ki, Rusiyanın şimaldan yolları bağlanıb və onun ümidi cənubadır. Cənubda da biz yerləşirik. Zəngəzur vasitəsilə dəmiryolu İran və Türkiyəyə gedəcək. Bu da Rusiyanın ticarətini davam etdirməsi üçün vacib istiqamətdir. Nəzərə alın ki, Çin ruslardan ehtiyat edir, Hindistan da həmçinin. Ortada qalan İrandır. Odur ki, bu prosesin qarşısını almaq mümkünsüzdür.
Rasim Əliyev
“AzPolitika.info”