Aqil Babayev keçmiş şərikinin ittihamlarına cavab verib
Bakıda özünü “12-ci İmam Mehdi” kimi təqdim edərək, 40 nəfərin milyonlarla pulunu, əmlakını zəkat adıyla, “cənnətdə yer” vədiylə ələ keçirməkdə ittiham olunan Aqil Babayev öz məhkəməsində ifadə verib. O, ötən məhkəmə iclasında “Shaurma N1” restoranlar şəbəkəsinin şəriklərindən Natiq Sadıxovun onun ünvanına səsləndirdiyi ittihamları cavablandırıb.
2021-ci ilin iyulundan həbsdə olan Aqil Babayev Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur.
Natiq Sadıxov iddia edirdi ki, Aqil Babayevi “İmam Mehdi” kimi qəbul edib, ona zəkat adıyla ümumilikdə 173 min manat, şəhid ailələri və Qarabağ qazilərinə bina tikintisi üçün isə 370 min manat pul verib.
Aqil Babayev isə bildirib ki, bu barədə deyilənlər yalandır:
“Natiq Sadıxovun mövqeyi qərəzlidir, qeyri-səmimidir. Savadlı, xaricdə oxuyan şəxsdir, deyir ki, guya mən özümü filankəs (İmam Mehdi-red.) kimi təqdim eləmişəm, o da inanıb. Onu nəyəsə məcbur eləmək olardı? Bircə sübut-dəlil göstərsin ki, mənə bu adla nəsə verib. Özlərinin qarət əməllərini ört-basdır eləmək üçün bu absurd ittihamı planlaşdırıblar. Düşmən olsaq da, ona qarşı az-çox hörmətim vardı. Amma bu cür yalanları, hətta nikahlı həyat yoldaşı haqqında da böhtanları onu tamamilə hörmətdən saldı. Özünə hörmət eləyən şəxs maddi marağa görə ailə qurduğu qadın haqqında elə şeylər danışmazdı, amma o, burada dedi. Guya mənimlə yaşayıb…”
Aqil Babayevin sözlərinə görə, onun pulunu və əmlakını ələ keçiriblər. Şikayətçi olanda isə özünü cəzalandırıblar:
“Buzovnadakı bağ evimə gəldilər, mənə hücum elədilər, mühasirəyə alıb hərəkət etməyimə imkan vermədilər. Şəhərdəki evimin açarını götürdülər. Anar Aslanov və Fariz Rzayev şəhərdəki evimə gedib, külli miqdarda pulumu və qızılları götürdü. Oradan bağ evində olanlara zəng elədilər ki, “iş tamamdı”. Bundan sonra məni buraxdılar. Təhdid elədilər ki, bu barədə heç yerə şikayət etməyim. Şikayət eləsəm, mənim üçün yaxşı olmayacaq. Dedilər ki, hər yerdə adamlarımız var. Pulumun, əmlakımın qarət olunması prosesinə də Natiq Sadıxov təşkilatçılıq edib. O, mənim həbsimdən sonra xalam oğlu ilə görüşüb. Ona deyib ki, “neyləmişəm, əcəb eləmişəm, həbsdə də nəfəs alırsa, buna şükr eləsin”.
Təqsirləndirilən şəxs deyir ki, Natiq Sadıxovla “Shaurma N1” restoranlar şəbəkəsində şərik olublar. Onun sözlərinə görə, Natiq Sadıxovun şəhid ailələri və qazilər üçün ev tikmək məqsədilə pul verməsi absurddur:
“Şəhid ailələri üçün bina tikintisi mövzusunda ümumiyyətlə, müzakirələrimiz olmayıb. Nə də Natiq və ya bir başqası mənə o məqsədlə pul verib. Əksinə, mən özüm 2017-ci ildə Natiqə Moskvadakı biznesinə görə 200 min dollar vermişdim. Sonra “Shaurma” məsələsində də ona aid hissədə pul lazım oldu, onda da verdim. Bu gün də onun özünün mənə 540 min manat borcu var”.
Aqil Babayev təsdiqləyib ki, onlar öz aralarında zəkat yığırdılar, maddi durumu ağır olan ailələrə yardım edirdilər. Belə ehtiyaclı ailələrin onlarda konkret siyahısı vardı:
“Aylıq toplanan ümumi məbləğ 1500-2000 olurdu. Hətta 5000 olduğu vaxt da olub. Pulları mən yığmamışam. Əvvəl Polad Mustafayev yığırdı, sonra Samir Cəfərov. Bir qadın da vardı. O da qadınlara yardımların paylanmasıyla məşğul olurdu. Bunların hamısı bir-birini tanıyıb. Kimin nə problemi vardı, bilirdilər, yardım edirdilər. Zəkat pullarının xərclənməsi ilə bağlı mənə də hesabat verirdilər. Bunu öz aramızda belə qəbul etmişdik. Onlar məni etibarlı şəxs kimi tanıyırdılar”.
Öz fəaliyyətilə bağlı prokurorun suallarını cavablandıran Aqil Babayev bildirib ki, o, Xətai rayonunda orta məktəbi və musiqi məktəbini bitirib. 1994-1997-ci illərdə daxili işlər orqanlarında çalışdığını deyən təqsirləndirilən şəxsin sözlərinə görə, biznes fəaliyyətinə mərhum dayısı Oqtay Həsənovun maddi dəstəyilə 2001-ci ildə başlayıb:
“Onun 5 qızı vardı, oğlu yox idi. Məni oğulluğa götürmüşdü. Mənə xırda evlər tikib satmaq üçün 100-150 min pul vermişdi. Bu pullarla da Keşlə qəsəbəsində evlər tikib satırdım. Zaur Abdullayev iş icraçısı idi, mən də pul qoyurdum. Satılırdı, gəlirimi götürürdüm. Dəqiq nə qədər ev tikdiyim yadımda qalmayıb. Sonradan Bakının müxtəlif yerlərində də tikinti biznesilə məşğul olmuşam”.
Aqil Babayev təsdiqləyib ki, o, “Shaurma N1”dəki şərikinə “İbadulla” ləqəbi vermişdi. Onun sözlərinə görə, Natiq Sadıxovla dini mövzuda müzakirələri olub. Ona verdiyi ləqəbin mənası isə “Allaha ibadət edən” deməkdir.
Təqsirləndirilən şəxs əlavə edib ki, “Shaurma N1”dən aylıq gəlir götürürdü. Mövsümdən asılı olaraq, məbləğ fərqli olurdu:
“Gəlirləri administrator Ceyhun hesablayırdı. Mənə çatan hissəni bəzən Ceyhun, bəzən də Natiq mənə çatdırırdı…”
Məhkəmə prosesi sentyabrın 13-də davam edəcək.
Aqil Babayev Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq – xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur. Bu maddədə 10 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Özü isə bu ittihamı qəbul etmir, “Shaurma N1”dəki payını və pullarını ələ keçirmək üçün absurd ittihamla həbs olunduğunu bildirir.
İş üzrə zərərçəkmiş qismində tanınan şəxslər isə ona inanıb, 20 ilə yaxın müddətdə “zühur etmiş 12-ci İmam Mehdi” kimi qəbul etdiklərini, ona milyonlarla pul verdiklərini iddia edirlər. Hətta bəziləri ifadələrində bildirib ki, “İmam Mehdi” onlara pul, avtomobil müqabilində “cənnətdə torpaq sahəsi” bağışlayıb. Bunu iddia edənlər arasında ali təhsilli insanlar, ixtisasca hüquqşünas olanlar da var.