İstanbulun Mərtər rayonunda azərbaycanlı iş adamı Rasim Babayevi ailəsinin gözü qarşısında güllələyən killerin şəxsiyyəti məlumdur.
Türkiyədə hüquq-mühafizə orqanlarının apardığı araşdırma zamanı üzə çıxan kamera görüntülərindən aydın olur ki, naməlum şəxs Rasim Babayevi ailə üzvlərinin gözü qarşısında güllələyir. Ağır yaralanan Rasim Babayevin həyatını xilas etmək mümkün olur.
Musavat.com Rasim Babayevin güllələnməsi hadisəsi ilə bağlı bəzi təfərrüatları əldə edib.
Məlum olub ki, Rasim Babayev hüquq-mühafizə orqanlarına ifadəsində cinayətin sifarişçilərinin, həmçinin icraçısının kim olduğunu deyib. O Türkiyədə polisə izahat verən zaman keçmiş şərikləri İmran Bağıyev və Kamran Bağıyev qardaşlarının adını çəkib.
Həmin şəxslərlə aralarında mülki mübahisəyə görə məhkəmə çəkişmələrinin olduğunu, qarşı tərəfin onu hədələdiyini deyən Rasim Babayev başqa düşməninin olmadığını da deyib. Məlum olub ki, mülki mübahisə zamanı qərar Rasim Babayevin xeyrinə olub.
Digər bir məlumata görə tərəflər arasında daha əvvəl dava-dalaş da olub. Bağıyev qardaşları ilə mübahisə edən Rasim Babayev onlardan birini döydüyü üçün cinayət məsuliyyətinə də cəlb edilib. Tərəflər arasındakı ədavət uzun müddət imiş ki, davam edirmiş.
Rasim Babayev bir sıra rəsmi qurumlara müraciət edərək işin obyektiv araşdırılmadığını deyib. Killerin kimliyinin bilindiyini deyən Rasim Babayev sifarişçilərin həbsini tələb edir.
Kamera görüntülərindən killerin fotosu müəyyən edilib. İş adamını güllələyən şəxs saxlanılmayıb, amma onun Azərbaycanda gizləndiyi deyilir.
Hazırda Rasim Babayevin şikayəti ilə bağlı Nərimanov Rayon Polis idarəsində araşdırma aparılır.
İlkin Muradov
Musavat.com