Nərmin işində “cins şalvar” şübhəsi: olmayan şalvar ekspertizaya necə çıxıb?

16-09-2022, 08:34   


Cinayət işinin materialları elan ediləndə məlum olub ki, rəy vermiş ekspert gəlib müstəntiqlə birlikdə İlkin Süleymanovun dindirməsini aparıb

Tovuz rayonunun Dondar Quşçu kəndində 11 yaşlı Nərmin Quliyevanın oğurlanması, 47 gün sonra kənddə yanmış meyitin tapılmasıyla bağlı məhkəmə araşdırmaları il yarıma yaxındır ki, davam edir. Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən bu prosesdə sənədlərin tədqiqi mərhələsidir.

Sentyabrın 14-də məhkəmədə hakim Dadaş İmanov cinayət işinin materiallarının daha bir hissəsini elan edib. Bu hissədə daha çox ekspertiza rəyləri idi.

Ekspert rəyində yazılıb ki, müstəntiqin təqdim etdiyi paltarlardan uşaq cins şalvarından, ayaqqabısından və s. təqsirləndirilən İlkin Süleymanovun gödəkçəsinin lifləri tapılıb.

Həmçinin İlkin Süleymanovun yun parçadan olan isti alt paltarından Nərminə aid jaketin lifi tapılıb.

Vəkillər ekspertiza rəylərinə etiraz edib və onun saxtalaşdırıldığını bildiriblər. Fikirlərini də belə əsaslandırıblar:

“Müstəntiq o cins şalvarı hardan tapıb ekspertizaya təqdim edib, bu məsələyə aydınlıq gətirilsin. Çünki nə meyitin şəkillərində, nə üzərindən götürülən paltarların siyahısında var, nə də İlkin Süleymanovgilin evindən götürülən əşya və paltarların arasında. Olmayan o cins şalvar ekspertizaya necə gedib çıxıb? İkincisi, əgər İlkinin gödəkçəsinin lifi Nərminin paltarlarından çıxıbsa, deməli, həmin paltarların da lifi gödəkçənin üstündə olmalıydı, niyə yoxdur? Əgər bu paltarlar bir-birinə toxunubsa, deməli, hər ikisinin üzərində bir-birinin lifləri olmalıdı. Niyə yoxdur? İsti alt paltarının İlkin saxlanılandan sonra alındığını, polis şöbəsinə təhvil verildiyini məhkəmədə dindirilən şahid ifadələri də göstərdi. Ekspert oradan Nərminin jaketinin lifini necə tapıb? Özü də İlkinin paltarlarından ancaq jaketin lifi tapılır. Belə görünür ki, qoyublar qabaqlarına İlkinin paltarlarını, bir jaketi sürtüblər, onunla da iş bitib”.

Vəkil Əlibaba Rzayev meyitin üzərindən götürülən və ekspertizaya təqdim olunan geyimlərin məhkəməyə də gətirilməsini istəyib. Vəkil bildirib ki, məsələn, meyitin üstündəki qırmızı köynək başqadır, ekspertizaya təqdim olunan başqa: “Şəkillərdən də fərq görünür. Biri tam bağlıdır, birinin isə ön hissəsi açıqdır”.

Əlibaba Rzayev. Foto: Meydan TV

Cinayət işinin materialları elan ediləndə məlum olub ki, rəy vermiş ekspert gəlib müstəntiqlə birlikdə İlkin Süleymanovun dindirməsini aparıb:

“Ekspertin nə ixtiyarı var ki, gəlib müstəntiq kimi İlkini dindirir?”

Cinayət işinin materiallarına əsasən, İlkin Süleymanovgilin evindən içində neft məhsulu saxlanılan plastik qab götürülüb. İddia olunur ki, meyit həmin qabdakı neft məhsulu vasitəsilə yandırılıb.

“İş materiallarında ərazidə neftin yayılma radiusu var. Baxın, görün ki, o qabdakı miqdarla o radiusda yayıla bilərdimi?”

İlkin Süleymanov həbs olunandan iki həftə sonra – onun barəsində həbs qətimkan tədbirilə bağlı apelyasiya şikayətinə baxılarkən hakimlərə üzərindəki xəsarətləri göstərib. Deyib ki, işgəncəyə görə bu işi üzərinə götürməli olub.

Bu məsələ məhkəmənin qərarında da əksini tapıb. Bundan sonra prokurorluqda bu işi aparan müstəntiq Nadir Mirzəyev İlkin Süleymanovun saxlandığı Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılova sorğu göndərib. Təcridxanada saxlanılan şəxslər ilk dəfə ora gətiriləndə həkim müayinəsindən keçirilir, üzərində xəsarət olub-olmadığı qeyd olunur. Müstəntiq də təcridxana rəisindən həmin sənədi istəyib ki, İlkin Süleymanov ora daxil olanda üzərində xəsarət vardı, yoxsa yox.

Rəis Elnur İsmayılov isə ona cavab yazıb ki, Süleymanov təcridxanaya gəlməmişdən əvvəl keçirilmiş ekspertizanın rəyini ona göndərsinlər. Həmin rəyi görəndən sonra o da cavab yazacaq.

“İstintaq təcridxanasının rəisinin prokurorluğa göndərdiyi bu cavab biabırçılıqdır. Deməli, İlkin Süleymanovun üstündə xəsarətlər olub, gizlədiblər. Rəis fikirləşib ki, ekspertizanın rəyinə baxsın, orada necədirsə, bu da ona uyğun sənəd hazırlayıb göndərsin. Bu, nə deməkdir? Bunun özü İlkinin işgəncəyə məruz qalmasının sübutudur”, – vəkil Zabil Qəhrəmanov bildirib.

Meyitdən iki diş, qan nümunəsi götürülüb ki, genetik ekspertiza keçirilsin. Zabil Qəhrəmanov deyir ki, o nümunələrin aqibəti naməlum qalıb. Bilinmir ki, meyitdən götürülənləri kiminlə müqayisə edib, genetik ekspertiza keçirəcəkdilər. Bu məsələ cinayət işində açıq qalıb.

Bundan başqa, hələ heç ekspertizanın rəyi məlum olmamış o vaxtkı Baş Prokuror Ombudsmana və başqa aidiyyəti orqanlara məktubunda yazıb ki, Süleymanovların evindən Nərminə məxsus qan tapılıb:

“Birincisi, hələ ekspertizanın nəticəsi məlum deyildi, Qaralov niyə öncəgörəlik edirdi? İkincisi, ekspertiza rəy verdi ki, daşın üstündən tapılan qan ləkəsi Nərminə aid deyil. Yalnız darvazanın yanında divardakı xırda ləkənin Nərminin qan qrupu ilə eynilik təşkil etdiyi yazılıb. Yəni ikinci qrupdur. Halbuki, o evdəki nəvələr və gəlinlərdən 6 nəfərin qan qrupu ikinci qrupdur”.

Süleymanovların evindən götürülən 5 saç tükü ilə bağlı da rəy var. Onların Nərminə aid olmadığı aydınlaşıb.

“Ədliyyə Nazirliyinin tabeliyində olan Ekspertiza Mərkəzinin eksperti Aysel Cavadovanın verdiyi rəylərdən, ümumiyyətlə, onun hərəkətlərindən çox narazıyıq. Heç bir əsaslandırma yoxdur, nə istəyiblər, onu yazıb. Amma Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi daha obyektiv yanaşmağa çalışıb”, – vəkil bildirib.

Məhkəmə prosesi davam edir.

1973-cü il təvəllüdlü İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 133.2.1 (oğurlanmış şəxsə əzab vermə), 133.2.4 (yetkinlik yaşına çatmayan, köməksiz vəziyyətdə olan şəxsə əzab vermə), 144-cü (adam oğurluğu) maddələrilə ittiham olunur.

İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini oğurlayaraq, 47 gün sonra qətlə yetirib.

İlkin Süleymanov isə azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. İlkin ifadəsindəki etirafa gəlincə, o bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-na qədər Tovuz rayon Polis Şöbəsində işgəncəyə məruz qalıb. Dörd gün sonra işgəncələrə dözməyərək, etiraf ifadəsinə imza atmağa məcbur olub.

Baş Prokurorluq isə işgəncə iddialarını təkzib edib.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.