“Mən uşağı oğurlamamışam, 3 min manata atasından almışam…”

20-09-2022, 08:01   


Uşaq oğurluğunda təqsirləndirilən şəxsin məhkəməsi davam edir

Bakının Sabunçu qəsəbəsində 2 yaşlı Məhəmmədi oğurlamaqda ittiham olunan Gültəkin Muradova iddia edir ki, əslində, o uşağı atası satıb. Bu barədə o, məhkəmədə ifadə verərkən danışıb.

1969-cu il təvəllüdlü Gültəkin Muradova 9 aydır ki, həbsdədir. Ona qarşı Cinayət Məcəlləsinin 144.3 (adam oğurluğu – yektinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsilə ittiham irəli sürülüb. Lakin o, özünü təqsirli bilmir.

Gültəkin Muradovanın işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyilə baxılır. Məhkəmədə ifadə verən Gültəkin Muradova bildirib ki, 2 yaşlı Məhəmmədi oğurlamayıb, atasından 3 min manata alıb.

Onun sözlərinə görə, Məhəmməd və digər bacı-qardaşları baxımsız vəziyyətdə yaşayırdı:

“Qışın soyuğunda ayaqyalın, başıaçıq gəzirdi. Nə bir baxan vardı, nə bir maraqlanan. Uşaq elə vəziyyətdə idi ki, baxanda adamın ürəyi ağrıyırdı. Mənim də yazığım gəldi”.

Gültəkin Muradova əlavə edib ki, uşağa görə pulu atasına verib. O əlavə edib ki, uşağı aparmasından ailə üzvləri də xəbərdar olub. Çünki əvvəldən razılaşdırılmışdı.

Hadisə 2021-ci il dekabrın 29-da baş verib. Uşaq 2022-ci il yanvarın 8-də tapılıb. Təxminən 6 ay davam edən araşdırmalardan sonra istintaq belə nəticəyə gəlib ki, uşaq övladlığa götürmək məqsədilə oğurlanıb. Kürdəxanı qəsəbəsindəki evlərdən birində qeyri-rəsmi yaşadığı şəxslə birlikdə kirayə qalan 53 yaşlı Gültəkin Muradova öz övladı olmadığına görə başqasının uşağını oğurlamaq qərarına gəlib. İttihama əsasən, o, bu məqsədlə Sabunçu rayonu ərazisində yerləşən qəsəbələri gəzib. Uşaq axtardığı vaxt özünü aztəminatlı ailələrə yardımsevər şəxs kimi göstərib, onlara maddi yardım olunmasında vasitəçilik edə biləcəyini deyib.

2 yaşlı Məhəmməd Şıxəliyevgil Sabunçuda kiçik bir evdə kirayə qalıb. Məhəmmədin özündən başqa 3 bacı-qardaşı da var. Gültəkin Muradova həmin evə gəlib, onlara yardım gətirəcəyini deyib.

Hadisənin necə baş verməsinə gəlincə, ittiham aktında göstərilib ki, həmin vaxt evdə yalnız uşaqlar olub. Gültəkin Muradova Məhəmmədi götürüb aparmaq istəyəndə onun böyük bacısı Firuzə Şıxəliyeva ondan uşağı hara və niyə aparmaq istədiyini soruşub. O isə cavabında bildirib ki, Məhəmmədə mağazadan şirniyyat almaq istəyir. Az sonra uşağı qaytaracaq.

Gültəkin Muradova ittihamda yazılanların yalan olduğunu bildirib.

Onun vəkili də istintaq dövründə müdafiə hüququnun pozulduğunu, ona müdafiəçisilə görüşməyə imkan verilmədiyini bildirib. Vəkilin sözlərinə görə, müdafiəçi kimi, əlində rəsmi sənəd olmasına baxmayaraq, ona 3 ay Gültəkin Muradovanın müdafiəsini həyata keçirməyə imkan verməyiblər. İstintaq orqanı onu vəkil kimi müdafiə prosesinə buraxmaqdan imtina edib.

2 yaşlı Məhəmməd Şıxəliyevin yeri yanvarın 8-də müəyyənləşdiriləndən sonra həm o, həm də digər 3 bacı-qardaşı valideynlərdən alınıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, dövlət qurumlarının qərarıyla uşaqlar sığınacağa yerləşdirilib.

Cinayət işinin materiallarında uşaqların valideynlərinin narkotik istifadəçisi olması da əksini tapıb.

Hadisədən sonra Daxili İşlər Nazirliyi uşağın atası Elgün Nəsirov və təqsirləndirilən Gültəkin Muradovanın qeyri-rəsmi birlikdə yaşadığı Şamil Əliyevin də saxlanılaraq istintaqa cəlb olunması barədə məlumat yaymışdı. Elgün Nəsirovun uşağın oğurlanması prosesində iştirakıyla bağlı şübhələr vardı.

Lakin adları çəkilən digər şəxslərlə bağlı araşdırmaların nəticəsi məlum deyil.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.