Anlamırlar ki, Türkiyə artıq öz milli mənafeyini qoruyarkən kiminləsə hesablaşmaq, məsləhətləşmək məcburiyyətində qalan köhnə Türkiyə deyil.
Məlum olduğu kimi, Türkiyə Silahlı Qüvvələri İstanbulda törədilən xain terror aktına cavab olaraq İraq və Suriyanın şimalında “Pəncə-Qılınc” adlı xüsusi antiterror əməliyyatına start verib. Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı məlumata görə, əməliyyatın istər planlama, istərsə də icra prosesində günahsız insanlara və ətraf mühitə zərər verməmək üçün bütün lazımi tədbirlər görülüb.
Son məlumatlara əsasən, “Pəncə-Qılınc” əməliyyatı nəticəsində İraq və Suriyanın şimalında ümumilikdə 89 hədəf məhv edilib, çoxlu sayda terrorçu zərərsizləşdirilib. Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcıları vasitəsilə keçirilən əməliyyat zamanı zərərsizləşdirilən terrorçular arasında terror təşkilatının qondarma “liderləri” də var.
Ancaq gözlənildiyi kimi, Türkiyənin tam haqlı olaraq başlatdığı və dinc şəhərləri deyil, məhz terrorçuların bazalarını hədəf alan əməliyyatı Qərbdəki məlum dairələri və Moskvanı narahat edib. Ukraynada və dünyanın bir çox digər nöqtələrində günahsız insanların, dinc əhalinin qətliamına səbəb olan bu iki “supergüc” Türkiyəni terrorçulara qarşı aparılan əməliyyatda “təmkinli olmağa” və “eskalasiyaya yol verməməyə” çağırıblar.
ABŞ Dövlət Departamentinin Türkiyənin başlatdığı antiterror əməliyyatı ilə bağlı bəyanatında deyilir: “Biz mülki əhalinin həyatının qorunması və İŞİD-in darmadağın edilməsi kimi ümumi hədəf naminə deeskalasiyaya çağırırıq. Biz İraqın suverenliyini pozan istənilən kordinasiya edilməmiş hərbi əməliyyatlara qarşı çıxırıq”. Bunu, saxta “kütləvi qırğın silahı” bəhanəsi ilə İraqın nəinki suverenliyini, ərazi bütövlüyünü pozan, həm də yüz minlərlə günahsız insanın ölümünə səbəb olan ABŞ deyir!
Nədənsə İraqın işğalı və təbii sərvətlərinə əl qoymaq üçün başladılan qanlı müharibədə ABŞ-ı mülki əhalinin həyatı və bu ölkənin suverenliyi qətiyyən maraqlandırmırdı. Eyni şey Suriyadakı əməliyyatlara da aiddir. İndi isə Türkiyə konkret terror yuvalarına zərbələr endirəndə və öz sərhədini terrorçulardan təmizləyəndə Vaşinqtonun yadına “suverenlik” və “mülki əhali” düşür.
“Türkiyə əvvəlcədən hava əməliyyatı barədə bizi xəbərdar etməyib. Türkiyəli həmkarlarımızı məqsədini aşan güc təbiqinə yol verməməyə, eskalasiyanı artırmamaq üçün təmkinli olmağa çağırırıq. Özü də Suriyanın təkcə şimal və şimal-şərq bölgələrində deyil, bütün ərazisində. Tərəflərin “kürd məsələsi”nin sülh yolu ilə həllinə çalışmasına tərəfdarıq”.
Bunu isə Putinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev deyib.
Deməli, göründüyü kimi, Rusiya da ən azı ABŞ qədər Türkiyənin hərbi əməliyyatından narazı və narahatdır. O Rusiya ki, bu il fevralın 24-də qonşu suveren Ukraynaya qarşı misli görünməmiş işğalçılıq savaşı açıb və bu zaman nə beynəlxalq hüquqa, nə öklənin ərazi bütövlüyünə, nə mülki əhaliyə məhəl qoyub, nə də “təmkinli olmaq” barədə düşünüb.
Rusiya Ukraynaya qarşı işğalçılıq müharibəsinə başlayanda İstanbuldakı kimi Moskvada da terror aktı törədilməmişdi, günahsız insanlar qətlə yetirilməmişdi. Müasir dünyanın “izqoya” çevirdiyi belə bir işğalçı dövlətin Türkiyəyə “ağıl verməsi” isə ümumiyətlə, nonsensdir...
Əlbəttə ki, ABŞ və Rusiyanın Türkiyənin uğurla həyata keçirdiyi əməliyyatdan narahatlığının səbəbləri məlumdur. Heç kimə sirr deyil ki, hər iki dövlət Suriya və İraqdakı terrorçu qruplaşmaların əsas sponsorları və silah təminatçılarıdır.
Onların Türkiyəyə qarşı həyata keçirdikləri çirkin oyunların mahiyyəti də çoxdan bəllidir. Lakin güclü Türkiyə bu çağırışlara cavab vermək iqtidarındadır və bunu təkcə sözdə deyil, meydanda da ortaya qoyur.
Təkcə Putinin nümayəndəsinin “Türkiyə əvvəlcədən hava əməliyyatı barədə bizi xəbərdar etməyib” gileyi ondan xəbər verir ki, hazırkı Türkiyə artıq öz milli mənafeyini qoruyarkən kiminləsə hesablaşmaq, məsləhətləşmək məcburiyyətində qalan köhnə Türkiyə deyil.
Digər yandan nə ABŞ-ın, nə də Rusiyanın Türkiyəyə yol göstərməyə, onu “təmkinli olmağa” çağırmağa nə hüquqi, nə də mənəvi haqqı çatır.
Bütün bu “çağırışlara” ən dolğun cavabı isə Türkiyə Prezidenti özü verib: “Türkiyə Silahlı Qüvvələrinin son əməliyyatları ilə bağlı ABŞ və Rusiya prezidentləri ilə danışmamışam... Biz icazə ilə çalışmırıq. Əgər bir addım atacağıqsa, ona özümüz qərar veririk və həmin addımı atırıq...”
Cəlal Məmmədov
“AzPolitika.info”