Ukrayna Müharibəsi: NATO daha çox silah və enerji infrastrukturunu təmir etməyi vəd edir

30-11-2022, 12:03   


Ukrayna daha çox silah təhçizatı istəyib

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

NATO Ukraynanı daha çox silahla təmin edəcəyini və Rusiyanın raket və pilotsuz təyyarələrinin zərbələri nəticəsində ciddi zədələnmiş enerji infrastrukturunu təmir etməyi öhdəsinə götürüb.

Buxarestdə keçirilən sammitdə NATO-nun baş katibi Jens Stoltenberng Moskvanı "qış mövsümündən müharibə silahı kimi istifadə etməyə çalışmaqda" ittiham edib.

Rusiyanın hücumları nəticəsində milyonlarla ukraynalı şaxtalı soyuqda işıqsız və susuz qalıb.

Ukrayna aylardır NATO-dan daha təkmil hava hücumundan müdafiə sistemləri tələb edir.

Cenevrə Konvensiyasına görə, mülki şəxslərə və onların sağ qalması üçün həyati əhəmiyyət kəsb edən infrastruktura hücumlar müharibə cinayəti sayıla bilər.


Berlində toplanan G7 ölkələrinin ədliyyə nazirləri də Ukraynada iddia edilən hərbi cinayətlərlə bağlı təhqiqatları koordinasiya etmək qərarına gəliblər.

"Ukraynadakı qırğınların məhkəmə-tibbi qiymətləndirilməsi illər, bəlkə də onilliklər çəkəcək. Ancaq yaxşı hazırlaşacağıq və nə qədər vaxt aparsa da, israrlı olacağıq",- Almaniyanın ədliyyə naziri Marco Buschmann deyib.

Rusiya lideri Vladimir Putin və digər yüksək rütbəli Kremlin rəsmiləri Rusiya qüvvələrinin hərbi cinayətlər törətdiyinə dair iddiaları rədd edirlər.

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən iki günlük NATO Xarici İşlər Nazirləri toplantısının əvvəlində çıxış edən NATO baş katibi Jens Stoltenberng deyib ki, "Rusiya cəbhədə əslində uğursuzluğa düçar olur. Onlar ərazi əldə edə bilmədiklərinə görə mülki hədəflərə və şəhərlərə hücum edirlər", - deyə o bildirib.


NATO daha sonra yazılı bəyanat yayaraq, Rusiyanın Ukrayna vətəndaşlarına və elektrik şəbəkəsinə davamlı hücumlarının "milyonlarla insanı əsas enerji xidmətlərindən məhrum etdiyini" bildirib.

Bəyanatda vurğulanır ki, NATO üzvləri Ukraynaya enerji infrastrukturunu təmir etməyə və əhalini raket hücumlarından qorumağa kömək edəcək.

Ukraynanın xarici işlər naziri Dmytro Kuleba ilə birgə mətbuat konfransı keçirən Jens Stoltenberng deyib ki, "Putinin Ukraynada qalib gəlməməsinin çox vacib olduğunun fərqindəyik. Bu, Ukrayna üçün faciə olardı və dünya daha təhlükəli və təhdid dolu yerə çevrilərdi".

Jens Stoltenberng və Dmytro Kuleba

ŞƏKLİN MƏNBƏYİ,EPA

Kuleba isə NATO-nun yüksək rütbəli rəsmiləri ilə son görüşündə dediyi üç sözün "silah, silah, silah" olduğunu ifadə edərək, "Bu gün daha sürətli, daha sürətli və daha sürətli" üç sözü olduğunu deyib.

"Görülən işlərə görə minnətdarıq, lakin müharibə hələ də davam edir" Kuleba bildirib. Odeyib ki, Ukrayna üçün nəzərdə tutulan "silahlar və onların istehsalı ilə bağlı qərarlar daha tez qəbul edilməlidir".

Estoniyanın xarici işlər naziri Urmas Rainsalu daha sonra BBC-yə deyib ki, NATO Ukraynanı Rusiya ərazisini vura biləcək raketlərlə təmin etməlidir.


"Kömək etməyin ən məntiqli yolu bu raketlərin buraxıldığı yerləri vura bilməsidir. Bütün variantlar masadadır. Qırmızı xətlər olmamalıdır, heç bir məhdudiyyət qoymamalıyıq", - Urmas Rainsalu bildirib.

NATO nüvə silahına malik Rusiya ilə böyük münaqişəyə səbəb ola biləcəyindən ehtiyat edərək, Ukraynaya daha uzun mənzilli raketlər çatdırmaqdan dəfələrlə imtina edib.

BBC.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.