UKRAYNADA “QIŞ SAVAŞI”: BÖYÜK İTKİLƏR OLACAQ... – Hansı tərəf daha üstün görünür?

30-11-2022, 18:26   



9 aydan çoxdur davam edən Rusiya-Ukrayna savaşı ən kritik mərhələyə qədəm qoyub. Hər iki ölkənin ordusu qarşıdakı 4 ay ərzində qarlı, şaxtalı qış mövsümündə döyüşməli olacaq. Eyni zamanda Avropa İkinci Dünya Müharibəsindən bəri ilk dəfə “qış müharibəsi”nə şahidlik edəcək. Dondurucu soyuqlar geyimdən tutmuş silahların növlərinə və PUA-ların havada qalma müddətinə qədər hər şeyə təsir edəcək. Təbii ki, bu ağır şəraitdə daha çox insan həlak olacaq.

“AzPolitika.info” xəbər verir ki, bu barədə xarici KİV-lərdə dərc olunan materiallarda qış mövsümünün Rusiya-Ukrayna müharibəsinə təsirləri ilə bağlı bir sıra məsələlərə toxunulub.

Həmin materialların bir qisminin tərcüməsini təqdim edirik:

2150 kilometrlik cəbhə xətti

Dekabrın 15-dən sonra Rusiya-Ukrayna qoşunları arasındakı 2150 km-lik cəbhə xətti “buz” bağlayacaq. Gündüz mənfi 4, gecə mənfi 8 dərəcə temperatur olacaq. 



Bu dönəmdə qar yağmağa başlayacaq. Qışda düşməndən qorunmaqla yanaşı, soyuğa qarşı mübarizə aparmaq lazım gəıəcək. Qış şəraitində özünü daha yaxşı müdafiə edən tərəf böyük üstünlük əldə edəcək.

“Geyim silahdan daha əhəmiyyətlidir”

Əsgərlərin üst geyimləri istifadə etdikləri silahlardan daha əhəmiyyətli olacaq. Bu geyimlər əsgərləri həm isti saxlamalı, həm də tərlətməməlidir. Çünki tərləmə prosesi ciddi susuzluğa və don vurmaya səbəb ola bilər.



Geyim baxımından Ukrayna ordusunun vəziyyəti daha yaxşı hesab olunur. Qış fəslinin yaxınlaşmasıyla əlaqədar Qərb ölkələri Ukraynaya 300 min nəfərlik qış geyimləri göndərib. Rusiya isə qismən səfərbərlik elan etdikdən sonra başa düşüb ki, onların anbarlarında kifayət qədər qış geyimi yoxdur. İndi Rusiyadakı toxuculuq fabrikləri ordu üçün paltar istehsal etməyə çalışır, yüz minlərlə qış formasının isə Çindən gətirildiyi deyilir.

“Lojistika imkanları məhdudlaşa bilər”

Qarda hərbi hissələrin öz mövqelərini gizli saxlaması çətinləşir. Bu səbəbdən də təchizat və silah- sursatın daşınmasında gözlənilməz problemlər ortaya çıxa bilər. Hərbçilərin üst geyimləri hər nə qədər yaxşı olsa da, onlar ən azı üç saatdan bir isti yerdə yarım saat isinməlidirlər.



 

“Ocaq dumanı belə təhlükəlidir”

Rusiya-Ukrayna cəbhə xəttində isinmək üçün qurulacaq tonqallar qarşı tərəfin birbaşa hədəfinə çevriləcək. Ona görə də bütün məntəqələr yeraltında qurulmalıdır. Ancaq bu məntəqələri sobalarla qızdırmaq mümkün olmayacaq. Çünki bacadan çıxan tüstü nəticəsində hərbçilərin mövqeləri dərhal bəlli oalcaq. Ukrayna tərəfi bu cəhətdən də Rusiyanı qabaqlayır. 

Qərb ölkələrinin sobalardan çıxan tüstünün qarşısını almaq üçün Ukraynaya xüsusi kimyəvi maddələr verdiyi bildirilir. Deyilənlərə əsasən, rus hərbçilər işğal etdikləri cəbhəyanı ərazilərdəki dinc əhalinin məskunlaşdıqları evləri qərargaha çevirməyə başlayıblar.

“Canlı qüvvə itkisi 3 dəfə artacaq”

Yay mövsümündə gedən döyüşlərdə yaralanan hərbçi bir neçə saat yardım gözləyə bilirdi. Ancaq qışda açıq havada bir neçə saat keçirmək hərbçinin həyatı bahasına başa gələ bilər. Ona görə də qış şəraitində aparılacaq müharibədə canlı qüvvə itkisinin ən azı 3 dəfə artacağı gözlənilir.




“PUA-ların döyüş imkanları azalacaq”

Silahlar da qışda fərqli işləyəcək. Ümumilikdə akkumulyatorla işləyən pilotsuz uçuş aparatlarının uçuş məsafəsi iki dəfə azalacaq, onların havada qalma müddəti nəzərəçarpacaq dərəcədə qısalacaq. Benzinlə işləyən PUA-ların döyüş imkanları isə daha yüksək olacaq.




Həmçinin qışda görüntü məsafəsi aşağı düşdüyündən artilleriya və çoxbarrelli raket sistemlərinin batareyalarının dəqiq nişan alma effektivliyi aşağı düşəcək. İnventarında GPS sistemi ilə hədəfləri təsbit edə bilən silahlara sahib olan tərəf böyük üstünlük əldə edəcək.

Hazırda cəbhədə vəziyyət necədir?

Xersondan çəkilən 20 minə yaxın rus hərbçisi Donetsk və Luqansk istiqamətində cəmləşib. Rusiya tərəfi Donetsk bölgəsində yerləşən “Baxmut” müdafiə xəttini şaxtalı, soyuqlu günlərdən öncə yarmaq üçün bütün gücü ilə hücum edir.

Luqanskda da eyni vəziyyət hökm sürür. Ukrayna ordusunun sentyabr ayında başlatdığı əks-hücumlarla geri aldıqları əraziləri yenidən işğal etməyə çalışan rus qoşunları, “Svatovo” müdafiəsini yarmağın yollarını axtarır. Hazırda Donbas cəbhəsində artilleriya duelləri şəklində davam edən toqquşmalarda gündəlik 600 rus hərbçisinin və 450 Ukraynalının öldüyü bildirilir”.

Elvin

“AzPolitika.info”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.