“HƏR ŞEY ÖZ AXARI İLƏ GEDİR...” - “Çar batyuşka”nın növbəti nağılı

10-12-2022, 13:26   



“Xüsusi hərbi əməliyyat öz axarı ilə gedir. Bizdə hər şey stabildir. Orada(cəbhədə) heç bir sual və problem yoxdur...” Bunu Vladimir Putin ötən gün Bişkekdə keçirilən və Qazaxıstan, Qırğızıstan, Ermənistan və Belarus başçılarının əlacsız toplaşdığı növbəti sammitdə deyib.

24 fevraldan başlayaraq, bütün biabırçılıq həddinə çatan uğursuzluqlara rəğmən, Putin demək olar ki, hər çıxışında “xüsusi hərbi əməliyyat plan üzrə gedir” deyirdi, indi isə “öz axarı ilə gedir” deyir. Beləliklə, Putinin ritorikasında artıq böyük olmasa da, amma müəyyən fərq var. Lakin istənilən halda onun növbəti dəfə Ukraynada baş verənləri görməməzliyə, bilməməzliyə vurması Rusiya “Çar”ının ya reallıq hissini tam və geri dönməyəcək şəkildə itirməsindən, ya da özünütəcrid rejiminin gerçəkdən də onun psixi durumunda ciddi fəsadlar yaratdığından xəbər verir.

Donbas separatçılarının liderlərindən olmuş İqor Qirkinin(Strelkov) bu günlərdə cəbhədə gördükləri barədə dedikləri orada Putinin söylədiyindən tam fərqli bir mənzərənin olduğunu isbatlayır. Ukraynada gündə azı bir batalyon rus əsgərinin həlak olduğu, Rusiyanın öz ərazisi adlandırdığı şəhərlərdən bir-bir qaçdığı, hərbçilərin geyinməyə normal paltar tapmadığı, ötən əsrin 70-80-ci illərinin bir qismi sıradan çıxmış silahları ilə döyüşdüyü, fərarilərin sayı-hesabı olmadığı və s. bir vaxtda “orada heç bir problem yoxdur və hər şey öz axarı ilə gedir” demək, Rusiya liderinin ən azı qeyri-adekvatlığından xəbər verir.

Artıq dünya siyasətində də Putinin açıqlamalarına ironiya ilə və qeyri-ciddi yanaşmağa başlayırlar. Azərbaycan siyasi mühiti ilə müqayisə etsək, Putin bu cür tragikomik bəyanatları ilə az qala dünya siyasətinin Razi Nurullayevinə çevrilməkdədir...

Yeri gəlmişkən, hər ilin dekabrında keçirilən ənənəvi Rusiya və Hindistan rəhbərlərinin görüşü ikincinin imtinası səbəbindən baş tutmayacaq. “Bloonberg” yazır ki, Hindistan Baş naziri Narendra Modi Putinin nüvə silahı ilə bağlı məsuliyyətsiz bəyanatlarına etiraz olaraq, Rusiya başçısı ilə ənənəvi görüşdən imtina edib. Bu, o deməkdir ki, Qərbdən şapalaq yeyən Putrinin üz çevirdiyi Hindistan və Çin kimi ölkələrin də Rusiyaya münasibəti getdikcə daha da pisləşir.



Həmçinin, aparıcı Qərb ölkələrinin Rusiya neftinin satış qiymətinə qoyduğu məhdudiyyət də Putin hakimiyyətinin nə dərəcədə alçaldılmasının və aşağılanmasının göstəricisidir. Görün vəziyyət nə həddə çatıb ki, uzun illərdir dünyaya meydan oxuyan Rusiya, öz təbii sərvətini istədiyi qiymətə satmaq imkanından belə məhrum edilib və indi nəinki Qərb ölkələri, sözdə sanksiyalara qoşulmayan Çin və Hindistan kimi dövlətlər də Rusiya neftini bazar qiymətindən xeyli aşağı qiymətə alırlar.

“Heç kimə inanmaq olmaz, yalnız mənə inanın”. Bunu da Putin Bişkekdəki sözügedən sammitdən sonra jurnalistlərin suallarına cavabında deyib.

Jurnalistlər “Müdafi Nazirliyinə, yoxsa ön cəbhədəki hərbçilərə inanaq” sualına Putin “yalnız mənə inanın” deyə cavab verib. Çoxları bunu Putinin “Baharın on yeddi anı” filmindəki nasist Müller obrazının ifadəsindən sitat gətirməsi, yəni bir növ zarafat etməsi kimi qiymətləndirirlər.

Lakin əgər doğrudan da Putin bunu zatafartla deyirsə, o zaman bu, çox yersiz və şit zarafatdır. Çünki qətiyyən zarafat yeri deyil, onun Ukraynada törətdikləri isə insanlıq adına cinayət və fəlakətrdir. Digər yandan, müharibənin başlanğıcında şokla birgə eyforiya hissi yaşayan Rusiya cəmiyyəti indi çaş-baş qalmış, hara getdiyini, bunun sonun nə ilə bitəcəyini anlamayan və kimə inanmalı olduğunu bilməyən durumdadır. Putinə inanmaq üçünsə onun əlində heç bir ciddi əsas yoxdur. Çünki müharibədən əvvəl və onun ilk günlərində öz təhdid, hədə-qorxu bəyanatları ilə “yeri-göyü titrədən” “Çar”, getdikcə “xüsusi hərbi əməliyyat”ın hədəflərini kiçildərək, Donbasdakı hansısa kənd miqyasına endirib. İlk günlərdə 4-5 milyonluq Kiyevi hədəfləyən “dünyanın ikinci ordusu” bu gün az qala 6 aydır ala bilmədiyi 70 minlik Baxmutun həndəvərindən hər gün yüzlərlə rusiyalı hərbçini meyitini daşımalı olur.

Yox, əgər doğrudan da ruslar Putinin dediyi kimi, yalnız ona inanmalıdırlarsa, bəs hökumət, Müdafiə Nazirliyi, Baş Qərargah, Solovyov, Skabeyeva, Simonyan və s. necə olsun? Deməli, Putin etiraf edir ki, onların hamısı yalan danışır. Bu, o deməkdir ki, rusların işi bir “Çar batyuşkaya”, bir də Allaha qalıb. “Çar”ınsa getdikcə reallıq hissilə yanaşı məsuliyyət və utanmaq hissini də itirməyə başladığını nəzərə alsaq, o zaman belə çıxır ki, rusiyalıların işi yalnız Allaha qalıb...

Cəlal Məmmədov

“AzPolitika.info” 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.