Sülhməramlılar Ukraynadadır, bəs, Qarabağda kimlərdir?

13-12-2022, 15:01   




10 noyabr 2020-ci il bəyanatı imzalanan kimi Qarabağa müəyyən olunmuş sayda kontingent – 1960 hərbçi və zirehli texnika göndərildi. Daha sonra isə Rusiya FHN, hərbi tibb işçiləri, tikinti aparanlarla bu sayın 4 mini aşdığı haqqında informasiya yayıldı.

Hələ o zaman rusiyalı hərbi ekspert Oleq Kuznetsov demişdi ki, əgər rus sülhməramlılar 33 modul tipli blokpost qurursa və bunların hər birində 300-dən çox əsgər üçün şərait varsa, demək, ya artıq Qarabağda 10 min rus hərbçi, tibb heyəti və FHN-çi yerləşib, ya da onların sayının bu qədər olması nəzərdə tutulur.

Ancaq 2021-ci ilin əvvəlindən başlayaraq, Rusiya-Ukrayna münasibətlərinin gərginləşməsi, Rusiyanın Ukrayna sərhədlərinə ordu toplaması və əhəmiyyətli texnika cəlb etməsi Qarabağdakı rus sülhməramlıların təchizatında və kontingentin müxtəlif adlar altında artırılmasında maneələr yaratdı, nəzərdə tutulan modul tipli blokpostların da heç də hamısı qurulmadı.

Rusiyanın Ukraynada “xüsusi hərbi əməliyyat” adı ilə müharibəyə başlamasından sonra isə Qarabağdakı rus sülhməramlılar haqda ciddi informasiyalar gəlməkdədir: rus sülhməramlılara aid zirehli texnikanın bir hissəsinin çıxarılaraq, Ukraynaya göndərildiyini əks etdirən görüntülər də sosial şəbəkələrdə yayılmışdı. O texnikalar isə “pilotsuz” deyil, əlbəttə ki, texnikalarla birgə, rus hərbçilər də Ukraynaya göndərilirdi.

Ukrayna əsgərlərinin əsir götürdüyü rus hərbçilər arasında müharibəyə gəlməzdən öncə “Qarabağdakı sülhməramlı qüvvələrdə xidmət etdiyini” deyənlərin videoları hər yerdə var, bunu Azərbaycan mediası da tirajlayıb. Baku TV-nin Ukraynadakı əməkdaşı Mübariz Aslanov isə ötən gün Ukrayna savaşına göndərilən Qarabağdakı sülhməramlılar içərisində artıq 50-dən çox hərbçinin əsir düşdüyünü bildirib.

50-si əsir düşürsə, onda Ukraynaya göndərilənlərin sayını təsəvvür etmək olar.

Nəzərə alaq ki, Rusiya müharibəyə görə “qismən səfərbərlik” də elan etmişdi və səfərbərliyə cəlb olunanların əksəriyyəti hətta adi hərbi hazırlıq keçmədən, birbaşa döyüş bölgələrinə göndərilmişdi. Yəni faktiki olaraq Rusiyanın Qarabağdakı sülhməramlıların tərkibini yeniləmək, ora peşəkarla göndərmək imkanı yoxdur.

Belədə təbii sual yaranır: Qarabağdakı rus sülhməramlılar Ukraynaya gedibsə, bəs burda qalan kontingent kimlərdən təşkil olunub?

Yada salaq ki, 2020-ci il 10 noyabr bəyanatından sonra Qarabağa yerləşdirilən, həm də Laçın dəhlizində yoxlama həyata keçirən sülhməramlıların videoları vaxtaşırı olaraq yayılırdı. Onların üz-gözlərini bağladıqları və özlərini müharibədə olan “xüsusi təyinatlı” görkəminə saldıqlarını görən olmamışdı.

Ancaq son aylar Qarabağdakı sülhməramlılar başdan-ayağa qılaflanıblar. Niyə?

Bu sualı artıq azərbaycanlı ekspertlər çox tez-tez səsləndirməyə başlayıblar. Səbəb isə odur ki, həm 3 dekabrda azərbaycanlı mütəxəssislərdən ibarət qrupun rus sülhməramlı kontingentlə müzakirəsini işıqlandıran jurnalistlər, həm də ötən gündən Şuşa-Xankəndi yolunda aksiya keçirən vətəndaş cəmiyyəti institutunun fəalları sülhməramlılar arasında ermənilərin olduğunu onların ləhcələrindən müəyyən etdiklərini bildirirlər.

Belə məlum olur ki, Qarabağda yerləşdirilən rus sülhməramlı kontingentin əhəmiyyətli hissəsi artıq Ukraynaya göndərilib, boşluğu doldurmaq üçünsə erməni hərbçilər “xidmətə” qəbul edilib. Buna görə də sülhməramlılar tanınmamaq üçün “qılaflanmağa” məcbur olublar.

Rus sülhməramlı kontingentinə Azərbaycan torpaqlarında heç bir təhdid yoxdur, sülh missiyasını üzərinə götürən bir heyətin də üzünü gizlətməsi normal deyil – onlar döyüşməyə yox, sülh yaratmağa gəliblər.

Bu halda rus sülhməramlıların üzlərini açması, özlərini sülhməramlı kimi rəsmən təqdim etmələri tələb olunmalıdır – bunu hazırda aksiya keçirən ictimai fəallar da tələb edə bilər.

Rus sülhməramlı kontingentin heyəti ilə bağlı rəsmi sorğunu göndərib, cavab almaq və bu cavabı yoxlamaq isə dövlətin işidir.

axar.az


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.