İstanbul meri dövlət məmurunu təhqir etdiyinə görə mühakimə olunub. O, seçkilərdə Erdoğanın təhlükəli rəqibinə çevrilə bilər

15-12-2022, 10:57   


Məhkəmə qərardan sonra İstanbul meri Ekrem İmamoğlu İstanbulun Saraçhane bölgəsindəki bələdiyyə rəhbərliyi binası qarşısında çıxış edib

ŞƏKLİN MƏNBƏYİ,İBB

Şəklin alt yazısı,

Məhkəmə qərardan sonra İstanbul meri Ekrem İmamoğlu İstanbulun Saraçhane bölgəsindəki bələdiyyə rəhbərliyi binası qarşısında çıxış edib

Türkiyə məhkəməsi İstanbul meri Ekrem İmamoğlunu dövlət məmurunu təhqir etdiyi iddiası ilə iki il yarım müddətinə azadlıqdan məhrum edib.

Məhkəmə İmamoğlunun çıxışlarının birində 2019-cu ilin martında İstanbul bələdiyyəsinə keçirilən seçkilərin nəticələrini ləğv edən məmurları "axmaq" adlandırmasını cinayət hesab edib.

Həmin vaxt Ekrem İmamoğlu İstanbul merliyinə namizəd olan iqtidardakı Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi, keçmiş baş nazir Binali Yıldırımı məğlub edib.

İstanbul meri uğrunda seçkilər iki dəfə keçirilməli olub və İmamoğlu birincini minimal üstünlüklə qazanıbsa, ikincini 9 faizdən çox fərqlə qazanıb.

Səsvermə və səslərin hesablanması zamanı yol verildiyi iddia edilən pozuntularla bağlı hakim partiyanın bir neçə şikayətindən sonra birinci nəticə ləğv edilib.

Nəticədə seçki komissiyası təkrar seçkilərin keçirilməsinə göstəriş verib və İmamoğlunun böyük qələbəsi Türkiyənin ən böyük şəhərində Ədalət və İnkişaf Partiyasının 25 illik hakimiyyətinə son qoyub.

Ekrem İmamoğluna qarşı cinayət işi merin 2019-cu ildə ilk qələbəsindən sonra söylədiyi sözlər üzərində qurulub. İmamoğlu daxili işlər naziri Süleyman Soylunun ona "axmaq" deməsindən sonra işlədilən sözlərə cavabında ilk seçkinin nəticələrini ləğv edənlərin "axmaq" olduğunu deyib.

Apellyasiya məhkəməsi hökmü qüvvədə saxlasa, bu, İmamoğlunun siyasi karyerasının, o cümlədən gələn il keçiriləcək Prezident seçkilərində iştirakının sonu demək olar.

Məhkəmənin hökmündən sonra yayılan videomüraciətdə İmamoğlu qərarı pisləyərək "Bir ovuc insan xalqın verdiyi səlahiyyəti ala bilməz, Allahın köməyi ilə mübarizəmiz daha güclü başlayır" deyib.

Ekrem İmamoğlu jurnalistlərin əhatəsində

ŞƏKLİN MƏNBƏYİ,REUTERS

Şəklin alt yazısı,

İstanbul meri cəzanı qeyri-ciddi hesab edib və bunun 2023-cü ildəki seçkilərdə müxalifətin uğurunun qarşısını almaq cəhdi olduğunu bildirib. O, indiki Prezident Erdoğanla həqiqətən rəqabət apara bilən azsaylı müxalifət liderlərindən biridir

Xarici mətbuat qərarla bağlı nə yazıb?

Beynəlxalq media İstanbul meri barədə qərarı Türkiyədə gələn il keçiriləcək seçkilərlə əlaqələndirən şərhlər verərkən, Prezident Recep Tayyip Erdoğanın siyasi yüksəlişinin oxşar həbsxana qərarı ilə sürət qazandığını xatırladır.

Britaniyanın "Guardian" qəzeti yazıb ki, ədliyyənin İmamoğlu qərarı seçkilərdən əvvəl iqtidarın ana müxalifət partiyasının əsas fiqurlarına təzyiqləri artırmaq üçün son addımıdır.

Qəzet CHP Bölgə sədri Canan Kaftancıoğlunun da Türkiyə Cümhuriyyətini və Prezident Erdoğanı təhqir etdiyi üçün bu il 5 il həbs və siyasi qadağaya məhkum edildiyini yazıb.


Qəzet onu da xatırladıb ki, digər müxalifət təmsilçisi HDP-nin bağlanması məsələsi yanvarda müzakirə olunacaq.

"Financial Times" bildirib ki, rəy sorğularına görə İmamoğlu qarşıdan gələn Prezident seçkilərində Erdoğanın ən güclü rəqiblərindən biridir.

"Uzun müddət davam edən iqtisadi böhran 20 ildir Türkiyəni idarə edən Erdoğanın və AKP-nin xalq dəstəyini indiyədək ən aşağı səviyyəyə endirib. Amma AKP hələ də ölkənin ən böyük partiyasıdır".

"İmamoğlunun siyasi taleyi bəzən Ərdoğana bənzəyir"

Financial Times İmamoğlunun biri ləğv edilən iki seçkidə qalib gəldib İstanbul meri olmasını xatırladaraq yazır ki, "O vaxtdan bəri hökumət İmamoğlunun əl-qolunu bağlayır, bələdiyyə aktivlərini dondurur, dövlət banklarından kredit almasına mane olur, xarici donorlardan borc almasının qabağın alır".

FT həmçinin Erdoğanın və İmamoğlunun siyasi həyatlarını müqayisə edib:

"İmamoğlunun siyasi taleyi bəzən Erdoğanın taleyinə bənzəyir. Erdoğanın şöhrəti 1994-cü ildə İstanbul bələdiyyə sədri seçildikdən sonra bütün ölkəyə yayıldı. Daha sonra 1998-ci ildə oxuduğu şeirlə ictimai nifrət yaymaqda təqsirli bilindi, siyasətdən uzaqlaşdırıldı və həbs olundu. Dörd ay müddətinə vəzifəsindən getməli oldu, həbsdə yatdı".


"Recep Tayyip Erdoğanın haqsız yerə mühakimə olunması ilə bağlı fikir seçicilərdə qığılcım yaratdı və 4 il sonra keçirilən seçkilərdə Erdoğanın islam təmayüllü partiyası asanlıqla qalib gəldi".

Ekrem İmamoğlunun hökmdən apellyasiya şikayəti verəcəyi və qərara baxılana qədər vəzifəsində qalacağı gözlənilir, lakin çox güman ki, o, prezidentliyə namizəd olmaq hüququndan məhrum edilə bilər.

Bu, müxalifət namizədinin seçilməsini çətinləşdirəcək, çünki sorğulara görə, İstanbul bələdiyyə sədri 2014-cü ildən vəzifədə olan Türkiyənin hazırkı Prezidentini məğlub edə biləcək azsaylı müxalifət liderlərindən biridir.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.