Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqı "Şərq tərəfdaşlığı" XİN başçılarının görüşündə deyib ki, müharibənin və işğalın dağıdıcı nəticələrinə və yaralarına baxmayaraq, Azərbaycan Ermənistana iki dövlətin sərhədləri çərçivəsində bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması və hörmətinə əsaslanan sülh təklif edib.
Nazir bu il ərzində Aİ Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyinin münaqişədən sonrakı normallaşma prosesinə təkan verdiyini bəyan edib. “Bu xüsusda Brüsseldə keçirilən üçtərəfli görüşlər məhsuldar oldu. Azərbaycan bu formatı dəstəkləməyə davam edir və bundan sonra da bu istiqamətdə qarşılıqlı fəaliyyətə hazırdır. Qərəzsizlik və bitərəflik, beynəlxalq hüquqa ciddi hörmət və tərəflərin razılığı hər hansı bir vasitəçilik və ya yardım təşəbbüsünün əsasını təşkil edir və bu prinsiplərə hər vəziyyətdə riayət olunmalıdır. Avqustun 31-də keçirilmiş Brüssel görüşünün mühüm nəticələrindən biri olaraq imzalanacaq sülh müqaviləsinin mətni ilə bağlı ikitərəfli danışıqlar başladı. Noyabrın 7-də Vaşinqtonda Ermənistan xarici işlər naziri ilə görüşdən sonra Azərbaycan Ermənistana yenidən baxılmış təklifləri təqdim etdi. Danışıqların növbəti mərhələsinin yaxın həftələrdə baş tutacağı gözlənilir”, - deyə Bayramov vurğulayıb.
Nazirin sözlərinə görə, bu xüsusda Azərbaycanın yanaşması aydın və ardıcıl olmaqla yanaşı, beynəlxalq hüquqa əsaslanır: “İmzalanacaq sülh müqaviləsi Azərbaycan və Ermənistanın iki bərabər suveren dövlət kimi hüquqlarını təmin edəcək və dövlətlərarası münasibətlərlə bağlı ümumi maraq və ya narahatlıq doğuran bütün məsələlərin həlli üçün zəmin yaradacaq. İkitərəfli danışıqlarda dinamizmin artmasına baxmayaraq, əldə edilən irəliləyiş kifayət qədər məhdud olaraq qalır, çünki Ermənistan keçmiş imitasiya təcrübəsini davam edir. Ermənistan dövlətlərarası normallaşmanın hər üç əsas istiqaməti, yəni sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və regional kommunikasiyaların açılması üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməyə davam edir”.
Əslində C.Bayramov sülh sazişinin layihəsi ilə bağlı edilən yalan manipulyasiyalara son qoymuş oldu. Çünki Ermənistan rəsmiləri deyirdi ki, guya onlar bizə sülh sazişinin layihəsini təqdim ediblər və bizdən cavab gözləyirlər. Nazir açıq mətnlə deyib ki, layihə ilə bağlı son variantı Azərbaycan təqdim edib. Yəni onlar bizdən deyil, biz onlardan cavab gözləyirik.
Ermənistan rəsmiləri prosesi uzatmaq üçün hər dəfə bir bəhanə uydururlar. Ermənistan Azərbaycanın təkliflərini aldığını təsdiqləsə də, onlara konkret cavab verməyib. Hətta bunu belə, təqdim etməyə çalışırlar ki, guya biz onların təklifinə cavab vermirik. Sülh sazişinin layihəsi ilə bağlı ortada bir neçə layihənin olduğu bildirilir. Azərbaycanın prinsipial olaraq, irəli sürdüyü 5 şərtdən kənara çıxmayacağı aydındır.
Daha bir mühüm məqam budur ki, Bakı danışıqların niyə Brüssel formatını seçdiyini də bəyan edir. Məlumdur ki, danışıqlarda Vaşinqton və Moskva da fəaldır. Vaşinqton prinsipcə Brüssel formatını dəstəkləsə də, Rusiya bu təşəbbüsə qarşıdır, dəfələrlə də açıq bəyan edib. O halda, nazirin açıqlamasını necə izah etmək olar: Bakı Brüssel formatını Moskvanın təşkil etdiyi görüşlərdən daha faydalı hesab edir, yoxsa bu açıqlama ilə Qarabağa sonrakı dövrlərdə hansısa status vəd edən Rusiyaya mesaj ötürür?
Natiq Cəfərli
REAL Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərlinin “Yeni Müsavat”a bildirdiyinə görə, rəsmi Bakı Brüssel formatının bərpasında maraqlıdır. Partiya funksioneri hesab edir ki, Rusiyanın təkbaşına moderator olmaq istəyi problemi ləngidən amildir: “Moskva hesab edir ki, yalnız özü bu məsələni həll edə bilər. Paşinyan da son bir ayda dəfələrlə səsləndirib ki, Rusiyanın variantı ilə razılaşır. Bu da göstərir ki, İrəvan Kremlin planlarını həyata keçirir. Paşinyan guya qərbpərəstdir, amma sülhməramlıların bölgədə daha uzun müddət qalmaq üçün sənədə imza atmağa hazır olduğunu, sülh mətnini rus variantını qəbul etdiyini deməklə Avropanın ondan gözləntilərini yerə vurur. Odur ki, Ceyhun Bayramovun açıqlaması Brüssel formatını yenidən gündəmə gətirmək niyyəti güdür”. Onun fikrincə, ilin sonuna qədər, yaxud gələn ilin əvvəlində Brüsseldə növbəti görüş keçirilə bilər: “Çünki ilin sonuna yaxın MDB dövlət başçılarının qeyri-rəsmi sammiti keçiriləcək və Rusiyada üçtərəfli görüş ola bilər. Amma bu görüşdən ciddi nəticə gözləmirəm. Ona görə Brüssel masasında danışıqların aparılması vacibdir. Ceyhun Bayramovun da açıqlaması məhz Brüssel formatına üstünlük verilməsini ortaya qoyur”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun sözlərinə görə, Kremlin mətbuat katibi Dmitri Peskov “Rusiya İlham Əliyev və Nikol Paşinyan arasında görüşün keçirilməsinə kömək etməyə hazırdır” təklifini səsləndirib: “Putinin məqsədi vasitəçilikdə Brüsseli qabaqlamaqdır. İl ərzində Azərbaycan Prezidenti İlham Əliyevlə Paşinyan arasında Brüsseldə 4 görüş keçirilib, 5-cisi noyabrda nəzərdə tutulmuşdu, olmadı, dekabra təxirə salındı. Ancaq Paşinyanın "görüşdə Fransa Prezidenti Emmanuel Makron da iştirak etsin" tələbi Brüssel görüşünü sual altına qoyub. Bundan istifadə edən Kreml təşəbbüsü ələ almağa çalışır".
Ekspertin sözlərinə görə, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Moskvaya dəvət edilməsinin səbəblərindən biri də bu idi: “Ceyhun Bayramov Moskvada rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında Azərbaycan və Ermənistan liderlərinin ilin sonuna qədər görüşə biləcəyini istisna etmədiyini söylədi, ancaq məkan göstərmədi. Lavrovun Bayramovla görüşünün ardından Kreml məkan yerini göstərdi: "Görüş Rusiyada keçirilsin". Ancaq Rusiya ərazisindəki görüş və müzakirələr heç vaxt Azərbaycanın xeyrinə olmayıb".