ABŞ-ın “Nyu-York Tayms” qəzetində “Putinsiz Rusiya necə olacaq?” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifi jurnalist, Rusiya və Şərqi Avropa tarixi üzrə mütəxəssis Coy Noymayerdir. Novator.az saytı məqaləni ingiliscədən çevirib təqdim edir.
Rusiya hərbiləşmiş, təcrid olunmuş, korrupsiyalaşmış bir ölkəyə çevrilib. Xüsusi xidmət orqanlarının meydan suladığı, istedadların məhv olduğu, Ukrayna müharibəsindən yayınmaq üçün yüz minlərlə insanın xaricə qaçdığı bu ölkədə ürək ağrıdan bir mənzərə yaranıb.
Bir çoxları səbirsizliklə, bu acınacaqlı vəziyyətə son qoyulacağı ümidi ilə prezident Vladimir Putinin hakimiyyətdən gedəcəyi günü gözləyir. Lakin Rusiya Putinin ölümü, yaxud istefası ilə o dəqiqə dəyişəsi bir ölkə deyil. Gələcək liderlər Pitinin iyirmi ildən çoxdur istismar etdiyi strukturları söküb yenidən qurmalı olacaqlar. Bu isə, yumşaq desək, asan deyil. Amma bəzi siyasətçilər məsələnin öhdəsindən gəlmək üçün indidən planlar cızır.
Noyabrın əvvəlində Polşada Rusiyanın tanınmış müxalifət nümayəndələrinin, bir vaxt Rusiyada seçkili orqanlarda təmsil olunmuş keçmiş deputatların iştirakı ilə “Rusiya xalq deputatlarının birinci qurultayı” keçirildi. Qurultay paytaxt Varşava yaxınlığındakı Yablonna sarayında təşkil olunmuşdu. Bunun rəmzi mənası var: Polşada kommunist idarəçiliyinin sonunu gətirən ilk dəyirmi masa vaxtilə məhz Yablonna sarayında keçirilib.
Üç günlük gərgin müzakirələrdə tədbir iştirakçıları Rusiyanın dirçəldilməsi istiqamətində çoxsaylı təkliflər irəli sürdülər. Mahiyyətcə bu müzakirələri Rusiyanı Putinsiz təsəvvür etməyə cəhd kimi də qəbul etmək olar.
Şübhəsiz ki, qurultayın gündəliyində duran əsas məsələ Kremlin Ukraynaya hələ də davam edən hərbi təcavüzü idi. Tədbir iştirakçıları yekdilliklə müharibənin əleyhinə çıxdılar. Onların fikrincə, Rusiya bu müharibəni uduzacaq. Münaqişənin nüvə fəlakətinə gətirib çıxara biləcəyi də istisna olunmadı.
Qurultay iştirakçıları müharibəyə son qoymaq, həmçinin gələcəkdə belə halların təkrarlanmasına imkan verməmək üçün sülh aktı təklif etdilər. Təklifə görə, Rusiya ordusu buraxılmalı, Ukraynanın işğal edilmiş əraziləri, o cümlədən Krım yarımadası geri qaytarılmalı, hərbi cinayətləri araşdıran qrup yaradılmalı, müharibə qurbanlarının ailələrinə və infrastruktur dağıntılarına görə təzminat ödənməlidir. İşğalçılıq siyasətinə birdəfəlik son qoyulmasına hesablanmış bu geniş öhdəliyi, həyata keçəcəyi təqdirdə, Rusiyanın imperialist tarixlə vidalaşması kimi qəbul etmək mümkündür.
Dağıdıcı məmurları cəzalandırmaqla bu təbəqənin kökünü kəsmək təklifi də ciddi yenilikdir – Sovet İttifaqı dağılandan bəri Rusiyada heç vaxt belə bir iş aparılmayıb.
Tədbir iştirakçılarının irəli sürdüyü təklifə görə, Rusiya Federal Təhlükəsizlik Xidməti, dövlət televiziya kanalları kimi “cinayətkar qurumlar”la əlbir olan, müharibəni açıq şəkildə dəstəkləyən şəxslərin gələcəkdə dövlət-hökumət strukturlarında, təhsil müəssisələrində işləməsi qadağan edilməli, habelə həmin insanların səsvermə hüququ məhdudlaşdırılmalıdır.
Qurultayın qəbul etdiyi layihələrdə ayrı-ayrı qrupların, xüsusilə Putinin yürütdüyü siyasətdən açıq şəkildə imtina etmiş və ağır cinayət törətməmiş şəxslərin reabilitasiyası məsələsinə baxılması məqsədilə komissiya yaradılması, xüsusi xidmət orqanlarının arxivlərinin açılması da nəzərdə tutulur.
Rusiya Federasiyası hazırda ciddi şəkildə mərkəzləşdirilmiş qaydada idarə olunur. 80-dən çox subyektin (respublika, vilayət, muxtar vilayət, diyar, muxtar diyar və sair) hamısı birbaşa prezidentə tabedir, dövlət başçısının əlində böyük hakimiyyət cəmlənib.
Sovet İttifaqının süqutu dövründə səlahiyyətlərin yerli strukturlara ötürülməsi, mərkəzdənqaçma kursu üstünlük qazanmışdı.
“Rusiya xalq deputatlarının birinci qurultayı” həmin yanaşmanı düzgün sayır. Qurultay iştirakçılarının təklifinə əsasən, Rusiya Federasiyası buraxılmalı, yeni parlament demokratiyası bərqərar olmalıdır. Qurultay xalqların öz müqəddəratını təyinetmə hüququnu tanıyır, hesab edir ki, gələcək Rusiya dövləti xalqların azad seçimi əsasında formalaşdırılmalıdır.
İndiki vəziyyətlə daban-dabana ziddiyyət təşkil edən bu təklif bir vaxt verilmiş, amma yerinə yetirilməmiş vədlərin gerçəkləşməsinə yenidən yol aça bilər. Vladimir Lenindən tutmuş Boris Yeltsinə qədər Rusiya liderləri vaxtilə özlərinə dəstək qazana bilmək üçün əvvəl-əvvəl həmişə mərkəzçilikdən imtina ideyasını irəli sürüblər, amma hakimiyyətdə yerlərini bərkidən kimi bundan imtina ediblər.
Rusiya Konstitusiyasına əsasən, federal subyektlərin hamısı bərabərhüquqludur, reallıqda isə subyektlər arasında gözgörəti qeyri-bərabərlik hökm sürür. Elə ən son faktlara – Ukraynada müharibəyə aparılanların və orada həlak olanların kimliyinə nəzər yetirəndə bunu görmək olur. Belə insanların çoxu Dağıstan və Buryatiya kimi yoxsul respublikalarda yaşayan etnik azlıqların nümayəndələridir.
Suverenliyin genişləndirilməsi ideyasına qayıdış Putinin qəddarcasına əsarət altında saxladığı Çeçen Respublikasının Rusiyadan ayrılması, eyni zamanda digər respublikaların, regionların kəskin separatizmə rəvac vermədən resursları düzgün bölüşdürmək, mərkəzlə əlaqələri tarazlaşdırmaq məsələsinə yenidən baxması ilə nəticələnə bilər. Bu, ölkəni daha ədalətli bir hala gətirər, eyni zamanda rus millətçiliyini zəiflədərdi.
İqtisadi sahəyə gəlincə, qurultayın bu istiqamətdə planları xeyli qarışıq, ziddiyyətlidir. Layihələrdən biri ötən əsrin 90-cı illərində həyata keçirilmiş özəlləşdirmənin nəticələrinin əsaslı şəkildə dəyişdirilməsini (həmin özəlləşdirmə Rusiya oliqarxlarının meydanı ələ almasına gətirmişdi), digəri isə Putinin 2020-ci ildə reallaşdırdığı, xeyli narazılıq doğurmuş, sosial müdafiənin gücləndirilməsinə yönəlmiş, Rusiya iqtisadiyyatının enerji resurslarının ixracından asılılığını aradan qaldırmağa imkan verməyən pensiya islahatının ləğvini vəd edir.
Bu təkliflərdə boşluqlar var. Özəlləşdirmə prosesi ilə azad seçkilərin eyni vaxtda tətbiq olunduğu 90-cı illər var-dövlətlə hakimiyyəti bir-birinə calayıb. İndi onları ayrı-ayrılıqda götürüb siyasi və iqtisadi islahatları fərqli proseslər kimi nəzərdə tutmaq yanlışdır.
Başqa ziddiyyətli məqamlara da toxunmaq olar. Qurultayın əsas təşkilatçısı və sponsoru İlya Ponomaryov solçu və texnologiya sahəsi üzrə sahibkardır. O, 2014-cü ildə Rusiya parlamentində Krımın ilhaqının əleyhinə səs vermiş yeganə deputat olub. Sonra ölkəni tərk edib, Ukraynadan vətəndaşlıq alıb. Hazırda Kiyevdə rusdilli xəbər kanalına rəhbərlik edir.
Müxalif dairələrin qalmaqallı fiqurlarından sayılan İlya Ponomaryov avqust ayında rusiyalı filosof Aleksandr Duqinin qızı Daryanın öldürülməsinə haqq qazandırıb. Ponomaryov Daryanı Rusiya ərazisində gizli fəaliyyət göstərən partizan ordusunun öldürdüyünü iddia edib.
Onun bu əsassız bəyanatı müxalif dairələrdəki həmkarlarını bərk narazı salıb. Hətta buna görə İlya Ponomaryova Kremlin çoxdankı tənqidçiləri Harri Kasparovla Mixail Xodorkovskinin təşkil etdiyi tədbirdə iştirak üçün verilmiş dəvət ləğv olunub.
Buradaca qeyd edək ki, Rusiya müxalifəti daxilində fikir ayrılığı güclüdür, müxaliflərin gələcəyə baxışı nadir hallarda üst-üstə düşür.
Rusiyada parlament demokratiyası qurmağa, səlahiyyətlərin çoxunu yerli, regional səviyyələrə ötürməyə çağırış edənlər çoxdur. Onların arasında Xodorkovski də var, ölkənin ən tanınmış dissidenti, hazırda həbsdə çürüdülən Aleksey Navalnı da. Amma “Rusiya xalq deputatlarının birinci qurultayı”na nə Navalnının tərəfdaşları qatılıb, nə də Kasparovla Xodorkovski.
Üstəlik, qurultayın legitimliyi şübhə altına alınıb. Rusiyanın Ukraynaya təcavüzünə qarşı çıxan təşkilatların bəzisi qurultayın onları təmsil etmədiyini açıqlayıb.
Legitimliyi qurultay iştirakçıları arasında da şübhə altına alanlar olub. Tədbirdə şəffaflığın, iştirakçılar arasında bərabərliyin təmin edilmədiyini söyləyən qurultay nümayəndələrinin bir qismi Yablonna sarayının qapısını çırparaq gedib.
Belə düşmənçiliklər hər halda o qədər də pis təsir bağışlamayan təkliflərin gerçəkləşməsinə yardım etmir. Yaddan çıxarmayaq ki, tarix radikal dəyişikliklərin çox vaxt ya xaricdən, ya da gizli mənbələrdən qaynaqlandığını sübuta yetirib.
19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində siyasi mühacir qrupları bütün Avropa boyu didişə-didişə Rusiya imperiyasının süqutunu planlaşdırırdı. Onların arasında Birinci Dünya müharibəsinin əvvəllərində Polşada yaşayan Lenin də vardı.
İndi – əhalinin böyük hissəsinin susmağa məcbur olduğu, cınqırını çıxaranların işdən, azadlıqdan məhrum edildiyi bir dövrdə Rusiyada köklü dəyişikliklərin baş verəcəyi ağlabatan görünmür. Amma dəyişikliklər hər an ola bilər, ən gözlənməz anda da.
1917-ci ilin əvvəlində Lenin bədbinliyə qapılıb inqilabı görə bilməyəcəyini deyirdi. Bir neçə həftə sonra rus çarı devrildi.
Hər bir ölkə kimi Rusiya da az-çox keçmişi təkrarlamağa məhkumdur. Rusiyanın gələcəyini götür-qoy etməyin vaxtı çatıb.