Bir zamanlar Ermənistana yardım etdiyini gizli saxlayan İran artıq “maskaları çıxarır”.
Açıq şəkildə Ermənistana silah yardımı etdiyini açıqlayır və bundan heç də narahat görünmür.
İranın diplomatik dairələrinə yaxın olan “İran diplomatiyası” (www.irdiplomacy.ir) saytında “İranın ərazi bütövlüyünün qırmızı xətti olan bölgə: Tehran Qarabağda passiv yanaşmadan əl çəkməlidir” başlıqlı məqalə dərc olunub.
Həmin məqalədə qeyd olunub ki, Bakı hökuməti son günlər Ermənistan və Dağlıq Qarabağ Muxtar bölgəsi arasında Laçın dəhlizinin qarşısını kəsib. Yazılıb ki, bu hərəkət hətta 2020-ci ilin noyabrında bu dəhlizin mövcudluğunu nəzərdə tutan atəşkəs razılaşmasına da ziddir.
Məqalədən növbəti sitat: “Stepanakert süqut edərsə, Cənubi Qafqaz regionu və onun ətraf ölkələri, o cümlədən, İran üçün xoşagəlməz ssenarilər təsəvvür etmək olar. Dağlıq Qarabağ kimi maneənin aradan qaldırılması Ermənistan ərazisinin işğalına və regionun xəritəsinin dəyişdirilməsinə, uzunmüddətli perspektivdə isə İranın şimal-qərb bölgələrinə təhlükəsizlik hücumlarına yol açır. Qarabağ erməniləri İranın bölgədəki kapitallarından biridir. 1990-cı illərdə İran bu potensialdan istifadə edə bildi və Tehranın dəstəyi ilə Dağlıq Qarabağın baş naziri olmuş Robert Köçəryan 1998-ci ildə Ermənistanın baş naziri postunu tuta bildi. Ondan sonra Serj Sarkisyan da eyni yolu davam etdirdi və 20 il ərzində İrəvanın xarici siyasəti “Qarabağlılaşma” istiqamətində hərəkət etdi. Qarabağlıların rəhbərlik etdiyi Ermənistan regionda tarazlığın yaradılmasında önəmli rol oynadı, lakin 2018-ci ildə Sarkisyanın devrilməsi və Paşinyanın hakimiyyətə gəlməsi ilə bu rol aradan qalxdı”.
Məqalədə İranın əsl simasını ortaya qoyduğu bir hissə də var. Həmin hissədə deyilir:
“Qarabağ İranın ərazi bütövlüyünün qırmızı xəttidir. Yeganə çarə isə İranın regional siyasətinə hakim olan müdafiə yanaşması əvəzinə, hücum xarakterli tədbirlərin həyata keçirilməsidir”.
Molla rejiminə yaxın olan saytda yayımlanan bu məqalə ilə İran, Azərbaycana qarşı olan kin və riyakar siyasətini gizlətmir. Xankəndinə erməni ağzı ilə “stepanakert” deyir, İranla heç bir sərhədi olmadığı təqdirdə, ərazimizi özünün təhlükəsizlik qapısı kimi xarakterizə edir.
İran əvvəllər üzdə bizimlə dost-qardaş olduğunu deyirdisə, indi Birinci Qarabağ savaşında əli azərbaycanlıların qanına batan Köçəryanı, Sərkisyanı hakimiyyətə onların gətirdiyini bildirir. İndi də əlindən gələni etməyə çalışır ki, bölgədə ermənilər üstün mövqeyə keçsinlər. Artıq bizim qarşımızda üzümüzə gülüb, arxamızca riyakar siyasət aparan İran yox, açıq formada iddialar irəli sürən, bizi düşmən görən dövlət var.
İndi İranın əsl simasını görüb ondan üz döndərən azərbaycanlıların sayı azalsa da, içərimizdə yenə də İranın riyakar siyasətinə uyan, bu kimi əməllərindən xəbəri olmayan şəxslər var. Azərbaycan illərdir deyirdi ki, İran tərəfdarları həqiqətləri görməli, öz dövlətlərinin yanında olmalıdır. O zamanlar az kəsim də olsa bunu qəbul etmir, pak dəyərlərə sahib dinimizin adından istifadə edən hansısa irançıların arxasınca gedirdilər. Artıq illərdir yazılanları İran açıq formada etiraf edir. İran artıq Azərbaycana qarşı düşmən olduğunu gizlətmir. Bütün bunları İran tərəfdarları da görsünlər. Yüksək dəyərlərə sahib dinimizdən İranın molla rejiminin heç xəbəri də yoxdur. Onlar dinimizin buyurduğu kimi haqqın, ədalətin yanında olmaq istəmirlər...
Ekofəalların erməni terroruna qarşı dinc aksiya keçirməsi, Laçın yolunun bağlı qalması, görünür, İrana qanunsuz fəaliyyətini həyata keçirməyə imkan vermir.
Ona görə də bu cür aqressivləşərək ard-arda “maskaları çıxarıb”.
Hələ 7 dekabrda Musavat.com etibarlı mənbəyə istinad edərək İran rejiminin Ermənistana silah hədiyyə etdiyi barədə məlumat yaymışdı.
Məlumatda qeyd olunurdu ki, noyabrın 24 və 30-da Qarabağ bölgəsinə 27 nəfər İran vətəndaşının gəlişi İranın Ermənistana silah hədiyyə etməsi ilə əlaqədar olub. Belə ki, göndərilən şəxslər hərbi təlimatçılar olub, Qarabağda silahlı separatçılara Tehranın göndərdiyi silahların istifadəsi ilə bağlı təlim keçməyə gedirmişlər.
Söhbət gizli yolla Ermənistana göndərilmiş İran istehsalı olan 600 ədəd raketdən gedir. Çünki ilk dəfə Musavat.com yazdı ki, İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələri düşmən ölkəyə 500 ədəd “Dehjlaviyeh” və 100 ədəd “Almas” tipli tank əleyhinə idarəolunan raket (TƏİR) kompleksi hədiyyə edib.
Xəbərdə o da qeyd olunurdu ki, iranlıların bölgəyə gələcəyi İranla Ermənistan arasında oktyabrın sonlarında - İran istehsalı olan 600 ədəd raket göndərəndən dərhal sonra razılaşdırılıb. Çünki İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələri tərəfindən hədiyyə edilmiş “Dehjlaviyeh” və “Almas” tipli raket kompleksindən istifadəni öyrənmək üçün erməni hərbçilərə təlim keçmək tələb olunur. Məhz buna görə raket kompleksləri ünvana çatdırılandan bir ay sonra iranlı mütəxəssislər bölgəyə göndərilib.
Qeyd edək ki, “Dehlaviyeh” TƏİR 2012-ci ildə İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin sifarişi ilə, “Almas” kompleksi isə 2021-ci ildə İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunlarının sifarişi əsasında hazırlanıb. İranın özündə bu komplekslər az qala, dünyada analoqu olmayan, ən əsası isə, molla rejiminin özünə əsas düşmən saydığı ABŞ və İsrail silahlı qüvvələrinə qarşı effketli kompleks hesab edilir. Təsadüfi deyil ki, İran hərbi-sənaye kompleksinin nümayəndələri qürurla bildirirlər ki, İraqda döyüşlərdə sınaqdan keçirilmiş “Almas”la “Dehjlaviyeh” İsrailin “Merkava” və ABŞ-ın “Abrams” tanklarını “rahatlıqla” məhv etməyə qadirdir.
Ard-arda yayımlanan bu məqalələr göstərir ki, daxildəki aksiyalardan başını itirən molla rejiminin Azərbaycana qarşı düşmənçilik siyasəti davam edəcək. Azərbaycan İran və Ermənistandan fərqli olaraq, hər zaman haqq tərəfidir və haqq da gec-tez qalib gəlir.
Musavat.com