ABŞ prezidenti Co Baydenin 2023-cü ilin mayında keçiriləcək G7 Sammiti çərçivəsində Yaponiyanın Naqasaki şəhərinə səfər etməyi planlaşdırdığı bildirilir.
Musavat.com xarici mediya istinadən xəbər verir ki, səfər baş tutsa, Bayden İkinci Dünya Müharibəsinin son günlərində ABŞ atom bombasının hədəfi olan Naqasakiyə gedən ilk Amerika prezidenti olacaq.
Yapon mediasının hökumət mənbələrinə əsaslanaraq yaydığı xəbərdə Yaponiyanın baş naziri Fumio Kişidanın Naqasaki səfərində Baydenə yoldaşlıq edəcəyi qeyd olunub. Kişida 19-21 may 2023-cü il tarixlərində Xirosimada G7 Sammitinə ev sahibliyi edəcək.
Qeyd edək ki, 2016-cı ildə G7 Sammiti çərçivəsində Yaponiyaya gələn ABŞ prezidenti Barak Obama Yaponiyanın atom bombasının hədəfi olan digər şəhəri Xirosimaya səfər etmişdi. Həmin vaxt xarici işlər naziri olan Kişida sui-qəsd nəticəsində öldürülən o vaxtkı baş nazir Şinzo Abe ilə Obamanı müşayiət etmişdi.
Nigar Cəfərli,
Musavat.com