“HƏRBÇİLƏRİMİZ ARTIQ LAÇIN YOLUNDA YERLƏŞİBLƏR...” - “İki variantdan birinə üstünlük verməliyik”

21-12-2022, 17:15   



Xəbər verildiyi kimi, Ermənistanın şikayəti və Fransanın təşəbbüsü əsasında BMT Təhlükəsizlik Şurası (TŞ) Xankəndi-Laçın yolu ətrafında vəziyyəti müzakirə edib.

TŞ-da ilk söz alan Fransanın BMT-dəki nümayəndəsi Azərbaycanın Xankəndi-Laçın yolunu “bağlamasına” etirazını bildirib və ölkəmizi “humanitar fəlakət yaratmamağa” çağırıb. BƏƏ isə tərəfləri sülh yolu ilə razılığa gəlməyə çağırıb. Həmçinin Albaniya da razılığın sülh yolu ilə əldə edilməsinə çağırış edib.

Çin təmsilçisi isə Rusiya Federasiyasının Qarabağdakı sülhməramlı missiyasını dəstəkləyib və qeyd edib ki, Rusiya sülhməramlıları öz tapşırıqlarını mükəmməl şəkildə yerinə yetiriblər.

ABŞ və Böyük Britaniya Azərbaycanın Xankəndi-Laçın yolunu “açması”nı zəruri hesab etdiklərini bildiriblər.

Rusiya təmsilçisi Xankəndi-Laçın yolunda hərəkətin mümkün qədər tez bərpa olunmasının vacibliyini bəyan edib.

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının iclasındakı çıxışında Ermənistanın dövlət tərəfindən idarə olunan manipulyasiya, təhrif və saxtakarlıq kampaniyasına görə, Təhlükəsizlik Şurasından sui-istifadə etməsindən dərin təəssüf hissi keçirdiyini bildirib.

“Nə Azərbaycan hökuməti, nə də etirazçılar Laçına gedən yolu bağlayıblar. Marşrut boyu vətəndaşların, malların və nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı rejim dəyişməz olaraq qalır, sülhməramlılar isə marşrutun mühafizəsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməkdə davam edirlər. Sosial şəbəkələrdə paylaşılan videogörüntülərdə təcili yardım maşınları və humanitar yardım karvanları da daxil olmaqla müxtəlif növ avtomobillərin maneəsiz keçidi əks olunub. Üçtərəfli Bəyanata əsasən, Laçın yolunun müstəsna olaraq humanitar məqsədlər üçün istifadə edilməsi nəzərdə tutulur. Yoldan hər hansı digər məqsədlər üçün, o cümlədən qeyri-qanuni hərbi fəaliyyətlər, məsələn, minaların basdırılması və ya Azərbaycanın təbii sərvətlərinin qeyri-qanuni dövriyyəsi üçün sui-istifadə Üçtərəfli Bəyanatın şərtlərinin pozulmasıdır və buna yol verilə bilməz”,-deyə, səfir bildirib.

Göründüyü kimi, Ermənistanın Qərbdəki havadarları yenə ölkəmizə qarşı ikili standart nümayiş etdiriblər. Torpaqlarımızın işğal altında olduğu 30 il müddətində Təhlükəsizlik Şurasının çıxardığı 822, 853, 874 və 884 saylı qətnamələri gündəmə gətirməyənlər indi nədənsə humanitar prinsiplərdən, sülhdən, ədalətdən danışmağa başlayıblar.Ermənilərin yaşadığı Azərbaycana məxsus Xankəndi şəhərinin “blokadada qaldığın”ı iddia edənlər Naxçıvanın 30 ildir blokada altında qaldığını və 400 mindən artıq əhalinin nə zülmlər çəkdiyini görməzdən gəlirlər.


Bu mövzuyla bağlı politoloq Elxan Şahinoğlu “AzPolitika.info”-ya şərhində qeyd edib ki, haqlı olduğumuz halda yenə bizi haqsız duruma sürükləmək istəyirlər: “BMT Təhlükəsizlik Şurasındakı müzakirələr və Qərb dövlətlərinin “yolun açılmasıyla” bağlı Azərbaycana çağırışları buna sübutdur. İzahlarımızı qəbul etmədilər. Əlbəttə, qulaqlarını tıxayaraq bizi eşitmək istəməyənlər həmişə olacaq, ancaq diplomatlarımız daha çox çalışsaydılar nəticə bizim üçün fərqli ola bilərdi”.

Ekspert aksiyaların gələcək taleyi ilə bağlı mümkün iki varianta da diqqət çəkib:“Biz iki variantdan birinə üstünlük verməliyik.

Birinci variant odur ki, Ermənistanla Qarabağı birləşdirən yolda etirazımız yataqlarda monitorinqə icazə verilən günə qədər sürəcək. Bu zaman müxtəlif ölkələrin Azərbaycana qarşı təzyiqləri davam edəcək. Ancaq bizi heç nəyə məcbur edə bilməzlər. Ermənistan 28 il BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirmədi və Qərb dövlətlərindən heç biri buna görə İrəvana təzyiq etmədi. BMT qətnamələri yerinə yetirilmədisə biz niyə bir qisim dövlətin “çağırışını” yerinə yetirməliyik?

İkinci variant isə belədir ki, hərbçilərimiz artıq Ermənistanla Qarabağı birləşdirən yolda yerləşiblər. Hansısa mərhələdə sivil etiraza fasilə versək belə nəticəni xeyrimizə dəyişmişik, azərbaycanlı hərbçilər yoldakı postda bölgəyə daxil olan və çıxan maşınları rahat şəkildə yoxlayacaqlar. Yoldan sivillər keçəcək, silah, sursat, mina və cinayətkarlar keçə bilməyəcək. Bundan sonra ermənilərin “yol bağlıdır” yalanı işləməyəcək. Yolu nəzarətə götürsək də, yataqların monitorinq məsələsi aktuallığını qoruyacaq”.

E. Bəyməmmədli

“AzPolitika.info”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.