Zelenski ABŞ Konqresində çıxış edib, Biden "Tək qalmayacaqsınız" deyib

22-12-2022, 12:23   


Volodimir Zelenski Joe Biden Co Bayden

ŞƏKLİN MƏNBƏYİ,REUTERS

Ukrayna Prezidenti Volodimir Zelenski Washington səfəri çərçivəsində ABŞ Konqresindəki çıxışında ölkəsinə maliyyə dəstəyinə görə təşəkkür edib və “Sizin pulunuz ianə deyil. Bu, qlobal təhlükəsizliyə və demokratiyaya sərmayədir”, - deyib.

Konqres üzvləri kürsüyə qalxmazdan əvvəl Zelenskini bir neçə dəqiqə ayaq üstə alqışlayıblar. Ukrayna liderinin çıxışı da tez-tez alqışlarla kəsilib. Bu, Zelenskinin fevralda başlayan Rusiya işğalından sonra ilk xarici səfəridir.

ABŞ Ukraynaya beynəlxalq yardımlarda aparıcı rol oynayır. Zelenski Konqresdəki çıxışından əvvəl Ağ Evdə ABŞ Prezidenti Joe Bidenlə görüşüb.

Bu görüşdə o, Bidenə dəstəyə görə təşəkkür edib və bunun üçün hərbi medal təqdim edib.


Biden: "Siz heç vaxt tək qalmayacaqsınız"

Oval ofisdə keçirilən görüşdən sonra iki lider birgə mətbuat konfransında kameralar qarşısına keçib.

Müharibənin davam etdiyi müddətdə Ukraynanı dəstəkləməyə davam edəcəklərini vurğulayan Biden Zelenskiyə “Siz heç vaxt tək qalmayacaqsınız” deyib. Biden əlavə edib ki, həm demokratlar, həm də respublikaçılar Rusiyanı dayandırmağın nə qədər vacib olduğuna əmindirlər.

Zelenskinin səfərindən əvvəl Ağ Ev Ukraynaya yeni 2 milyard dollarlıq hərbi yardım edəcəyini açıqlamışdı.

Bu yardım paketinə Ukraynaya öz infrastrukturunu Rusiyanın hücumlarından qorumağa kömək edəcək yeni Patriot raket sistemi daxildir.

Ukrayna hakimiyyəti uzun müddətdir ki, Qərbdən daha güclü hava hücumundan müdafiə sistemləri tələb edir. Mətbuat konfransında patriot raketlərinə görə təşəkkür edən Zelenski bunun müdafiə sahəsində kritik rol oynayacağını bildirib.

Zelenski həmçinin bəyan edib ki, Rusiyanın onun ölkəsinə verdiyi əzablar və onlara tətbiq edilən müharibə davam edərkən Kremllə “ədalətli sülh ola bilməz". Biden isə azad, müstəqil və firavan Ukrayna üçün həmkarı ilə eyni baxışa malik olduğunu ifadə edərək, “ikimiz də müharibənin bitməsini istəyirik.

“Əgər Putin bir az daha ləyaqətli olsa və bu dəqiqə “geri çəkilin” desəydi, müharibə bu gün başa çata bilərdi", - Biden vurğulayıb.

ABŞ Prezidenti bəyan edib ki, Ukrayna lideri Rusiya ilə sülh axtarmağa hazır olanda, bunu döyüş meydanındakı möhkəm mövqeyi ilə edəcək. Müharibə dövründəki özünəməxsus tərzdə - hərbi forma yaşılı sviter və çəkmələr geyən Cənab Zelenski ümid etdiyini bildirib ki, Konqres “dəyərlərimizi və müstəqilliyimizi müdafiə etməkdə bizə kömək etmək” üçün Ukraynaya əlavə 45 milyard dollar yardım ayıracaq.

Yanvarda Nümayəndələr Palatasına nəzarəti ələ keçirəcək respublikaçılar Ukrayna üçün “boş çek” yazmayacaqları barədə xəbərdarlıq ediblər.

Cənab Zelenski "Konqresdəki dəyişikliklərdən asılı olmayaraq" ölkəsinə ikitərəfli dəstəyin olacağına inandığını söyləyib.

silah Ukrayna-Rusiya müharibəsi

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Rusiya son vaxtlar soyuq qış aylarında milyonlarla insanı qaranlığa qərq edən Ukraynanın enerji sektorunu hədəfə alır.

Ağ Ev Ukrayna əsgərlərinə “üçüncü ölkədə” Patriot sistemindən necə istifadə etmək barədə təlim keçəcəyini və bunun “bir qədər vaxt aparacağını” bildirib.

ABŞ-da hazırda Ukraynaya 2023-cü ilə qədər 40 milyard dollardan çox əlavə maliyyə təmin edən qanun layihəsinin qəbulu üzərində iş gedir.

Yanvarda Nümayəndələr Palatasında səs çoxluğu qazanacaq respublikaçılar Ukrayna üçün “boş çek” yazmayacaqları barədə xəbərdarlıq edirlər.

Bununla belə, Zelenski hər iki tərəfin Ukraynanı dəstəkləməyə davam edəcəyinə inandığını deyib. Münaqişənin başlanğıcından bəri birbaşa hərbi dəstəyə ümumi xərclər baxımından digər ölkələrlə müqayisədə ən çox öhdəliyi Birləşmiş Ştatlar götürüb.

Zelenski çərşənbə günü açıqlamışdı ki, Ukrayna üçün aylıq müdafiə xərcləri təxminən 5 milyard dollardır ( təxminən, 8,5 milyard manat).

Kreml: Ukraynaya silah tədarükü münaqişənin dərinləşməsinə səbəb olur

Kreml Ukrayna Prezidenti Zelenskinin səfərinin yaxşı nəticə verməyəcəyi və Rusiyanın Kiyevlə sülh danışıqlarına başlamaq fürsəti görmədiyi barədə bəyanat yayıb.

Kremlin sözçüsü Dmitri Peskov Kiyevə xəbərdarlıq edərək, jurnalistlərə bildirib ki, Qərbdən Ukraynaya silah tədarükü münaqişənin “dərinləşməsinə” gətirib çıxaracaq və Ukraynanı daha çətin vəziyyətə salacaq.

"Silah tədarükü davam edir və tədarük edilən silahlar şaxələnir. Bütün bunlar təbii ki, münaqişənin intensivləşməsinə gətirib çıxarır. Bu, Ukrayna üçün yaxşı heç nə vəd etmir", - Peskov bildirib.

Pelosinin dəvəti: Ukrayna xalqına tərif

Volodimir Zelenski Nancy Pelosi Ukrayna ABŞ Birləşmiş Ştatlar sözçüsü

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Mətbuat konfransından sonra Zelenski çıxış etmək üçün Konqresə gedib.

Burada Ukrayna liderini Nümayəndələr Palatasının spikeri Nancy Pelosi qarşılayıb.

Pelosi daha əvvəl məktub yazaraq, Zelenskini Konqresdə çıxış etməyə dəvət etmişdi.

Bu məktub çərşənbə günü səhər ictimaiyyətlə də paylaşıldı.

Məktubda Pelosi Amerikanın "Ukrayna xalqının qəhrəmanlığına heyran olduğunu" bildirib.

“Putinin dəhşətli vəhşilikləri qarşısında Ukrayna azadlıq döyüşçüləri Rusiyanın qəddar, ədalətsiz işğalına qarşı mübarizə aparıb, dünyaya möhkəm iradə və sarsılmaz ruhla ilham verib”.

“Hər şeyə rəğmən Ukrayna hələ yaşayır”

Kamala Harris Volodimir Zelenski Nancy Peoplsi

ŞƏKLİN MƏNBƏYİ,EPA

Zelenskinin çıxışında Pelosi ilə yanaşı ABŞ-ın vitse-prezidenti Kamala Harris də iştirak edib.

Mətbuat nümayəndələri də Məclis zalına buraxılıblar.

Konqres üzvləri Ukrayna liderini çıxışöncəsi bir neçə dəqiqə əvvəl sürəkli alqışlarla qarşılayıb.

Duyğulandığını deyən Zelenski bunun onlar üçün çox şey ifadə etdiyini bildirib. Konqresə təşəkkür edən Zelenski bu çıxışın onun üçün böyük şərəf olduğunu vurğulayıb və çıxışına “ümid edirəm ki, sözlərim hər bir amerikalının qəlbində əks-səda doğuracaq” deyərək başlayıb.

Bütün bədbin mənzərəyə və bərabərsizliklərə baxmayaraq ölkəsinin çökmədiyini deyən Zelenski “Ukrayna hələ də yaşayır və mübarizə aparır” deyib. İşğalın ilk mərhələsində qalib gəldiklərini söyləyən Zelenski “Bizim qorxumuz yoxdur. Rusiya tiranlığı bizə nəzarəti itirib" deyə əlavə edib.

ABŞ-la müttəfiq olduqlarını təkrarlayan Zelenski vurğulayıb ki, "gələn il müharibədə dönüş nöqtəsi olacaq".

O, ölkəsinin heç vaxt təslim olmayacağını bildirərərək, daha çox silaha ehtiyacı olduğunu xatırladıb: "Silahlarımız var. Bəsdirmi? Düzünü desəm, yox. Rusiya ordusunun tam çıxarılması üçün daha çox sursat lazımdır".

Ardenlər hücumu bənzətməsi

ABŞ Konqresinin hər iki palatasının birgə sessiyasında çıxışı zamanı Zelenski bir daha amerikalılara müharibədə Ukraynaya göstərdikləri köməyə görə təşəkkür edib və bildirib ki, bu pullar "ianə deyil, gələcəkdə qurulacaq güclü demokratiya üçün sərmayədir".

O, həmçinin vurğulayıb ki, həm ukraynalılar, həm də onların müttəfiqləri həm Ukraynanı, həm də azad dünyanı qazanmaq üçün möhkəmlik nümayiş etdirməli olacaqlar.

44 yaşlı Ukrayna lideri Washington səfərindən əvvəl çərşənbə axşamı getdiyi Bahmutdakı vəziyyətlə bağlı da məlumat verib.

Zelenski bu müharibəni və Putinin Rusiyasını İkinci Dünya müharibəsi və Hitler Almaniyası ilə müqayisə edib.

"Onlar bizim üzərimizə hər şeyi atdılar, nə vaxtsa etdikləri zülmün bənzərini... Onlar əllərində olan hər şeyi azad dünyaya qarşı atdılar. 1944-cü ilin Milad günündə müdafiədə duran və nasist qoşunlarını geri oturdan cəsur Amerika əsgərləri kimi, cəsur ukraynalı əsgərlər bu Milad bayramında Putinin qoşunlarına da eyni şeyi edirlər. Ukrayna öz mövqeyini saxlayır və heç vaxt təslim olmayacaq”, - deyə Ukrayna Prezidenti ABŞ Konqresində bildirib.

1944-cü ilin dekabrında başlayan Arden hücumu bir aydan çox davam edib və hər iki tərəfdən 90 mindən çox əsgərin ölümü ilə nəticələnib. Zelenskinin sözlərindən sonra konqresmenlər bir daha ayağa qalxaraq Zelenskini sürəkli alqışlayıblar.

Zelenski çıxışını ingiliscə və onun "will never surrender" (“heç vaxt təslim olmayacaq”) sözləri Winston Churchill-in məşhur çıxışına açıq-aydın istinad olub.

Çıxışının sonunda Zelenski bir daha amerikalılara köməyə görə təşəkkür edib və rusların bir neçə aydır bombaladığı və basqın etdiyi və bir gün əvvəl özünün ziyarəti vaxtı Bahmutda olan əsgərlərin ondan çatdırmağı istədiyi bayrağı konqresə təqdim edib.

"Ukrayna xalqı Milad bayramını şam işığında qeyd edəcək"

Rusiya qüvvələrinin Ukraynadakı enerji infrastrukturlarını hədəfə aldığını vurğulayan Zelenski, bu səbəbdən xalqının Milad bayramını şamların işığı altında qeyd edəcəyini bildirib.

Keçmiş komediya ustası Zelenski ilə Bidenin birgə mətbuat konfransında yumoristik anlar da yaşanıb.

“Patriot raketləri quraşdırıldıqdan sonra nə olacaq? sualına Zelenski "Biz Bidendən daha çox Patriot istəməyən yeni mesajlar göndərəcəyik" deyib.

Nümayəndələri güldürən sözlərindən sonra o, ingiliscə “Sorry, we are at war” deyə açıqlamasına davam edib. "Biz bunun üzərində işləyirik" - Biden gülərək cavab verib.

Zelenskinin ABŞ-a səfəri Washington-un tarixi rolunun simvolu kimi

Ağ ev Beyaz  Washington  saray Rusiya Ukrayna Rusiya-Ukrayna müharibəsi Rusiya-Ukrayna münaqişəsi Rusiyanın Ukraynada apardığı "xüsusi hərbi əməliyyatlar" Vladimir Putin

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Prezident Volodimir Zelenskinin Washington-a gözlənilməz səfərinin hər şeydən əvvəl ABŞ üçün böyük simvolik əhəmiyyəti var, CNN analitiki Stephen Collinson əmindir.

Onun sözlərinə görə, bu, Vladimir Putinə Amerikanın istənilən beynəlxalq gündəmdə və xüsusən də vahid dövlətin faktiki yaşaması məsələlərində rolu barədə növbəti xatırlatmadır.

Bundan əlavə, Ukraynadakı müharibə bir vaxtlar Sovet İttifaqını kənarda saxlayan, indi isə Moskvanı nüvə gücünü ölçmək istəyini cilovlayan Qərb ittifaqının canlanmasına səbəb oldu.

Collinson Volodimir Zelenskinin ABŞ-a səfərini Böyük Britaniyanın Baş naziri Winston Churchill-in 1941-ci ildə Washington-a səfəri ilə tarixi paralel olaraq görür, hansı ki, eyni zamanda İkinci Dünya müharibəsində qələbə üçün ittifaqı gücləndirmək öhdəliyini götürmüşdü.

“O [Zelenski] bizim dəstəyimizlə Ukraynanın gələcək qələbəsi arasında birbaşa əlaqəni vurğulamağa çalışır”, - deyə CNN analitiki bildirib.

Bəs, Ukraynaya nə qədər silah lazımdır?

BBC müxbiri Pavel Aksyonov Amerikanın Kiyevə yardımı haqqında yazır.

Ağ Evin mətbuat katibinin ABŞ-ın lazım olan müddətdə Ukraynanı dəstəkləməyə hazır olması barədə sözləri Ukrayna üçün çox dəyərli olmalıdır - bu, mühüm mənəvi dəstəkdir.

Halbuki maddi dünyada işlər daha mürəkkəbdir.

Ukraynanın müharibəni davam etdirmək üçün nə qədər köməyə ehtiyacı olacağını Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnının sözlərindən təsəvvür etmək olar.

Sentyabr ayında o, Ukrayna Silahlı Qüvvələrinin hücumu üçün tərkibində 10-dan 20-dək birləşmiş silahlı briqadaların daxil edilməli olduğu bir və ya bir neçə əməliyyat qrupu yaratmağın vacibliyini bildirən bir məqalə yazdı.

Bu yaxınlarda “Economist” jurnalına müsahibəsində baş komandan bildirib ki, fevralın 23-də qarşıdurma xəttinə çatmaq üçün ona 300 tank, 600-700 piyada döyüş maşını, 500 haubitsa lazımdır.

Və mərmilər, raketlər, silah və texnikanın təmiri üçün ehtiyat hissələri, isti formalar, müxtəlif tibbi xidmətlər, hərbi kadrların hazırlanması və sair də ehtiyaclar arasındadır.

Ukrayna ABŞ-dan çoxlu hərbi yardım alır, lakin ukraynalı hərbçilərin və siyasətçilərin daim danışdıqlarının çoxu onlara verilmir.

Məsələn, Rusiyanın arxa cəbhəsindəki vəziyyəti xeyli çətinləşdirəcək uzun mənzilli ATACMS raketləri, ya da Qərb istehsalı olan tanklar.

"Patriot" zenit-raket sistemləri, görünür, bu məqam üçün istisna olacaq.

Bu hava hücumundan müdafiə sistemləri Ukrayna hərbçilərinin fikrincə, mövcud vasitələrlə onları vura bilməyən ballistik raketlərlə mübarizə aparmağa qadirdir.

Fevralın 24-də Rusiyanın Ukraynaya müdaxiləsindən sonra ABŞ ordusunun hesablamalarına görə, azı 100 min rus və 100 min ukraynalı əsgər həlak olub və ya yaralanıb, təxminən 40 min mülki şəxs həlak olub.

BMT Rusiya da daxil olmaqla, bütün Avropada Ukraynadan 7,8 milyon insanı qaçqın kimi qeydə alıb.

Ancaq bu rəqəmlər evlərini tərk etmək məcburiyyətində qalmış, lakin Ukraynanı tərk etməmiş məcburi köçkünlərin sayını özündə ehtiva etmir.

BBC.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.