2022-ci il 24 fevral tarixinə olan Rusiya ordusu ilə bugünkü ordu arasındakı böyük fərq göz önündədir. Adı gələndə az qala “yer-göy titrəyən” “dünyanın ikinci ordusu” bu gün hətta rusiyalıların özlərinin tənqid, bir çox hallarda isə istehza və lağlağı obyektinə çevrilib.
Ukraynada başlayan işğalçılıq müharibəsindən öncəki Rusiya ordusunun nə qüdrətindən, nə gücündən, nə də nüfuzundan demək olar, əsər-əlamət qalmayıb. Döyüş meydanında heç nə bacarmadığı üçün Ukraynanın elektrik transfarmatorları ilə savaşmalı olan bu ordunun hazırda hərbi texnika, silah-sursat, maddi təchizat və s. tərəfləri bir yana, şəxsi heyət sarıdan da böyük itkiləri var.
Ukrayna Silahlı Qüvvələrinin son məlumatına görə, işğalçı ordunun Ukraynadakı itkiləri 100 min nəfəri keçib. Azı 2 dəfə bundan artıq da yaralanaraq, sıradan çıxanların olduğu bildirilir.
Sözsüz ki, Kremlin özü üçün olduqca ağrılı və çətin səfərbərlik qərarını verməsi də məhz bu itkilərin nəticəsidir. Putin hakimiyyəti Ukraynaya qarşı “xüsusi əməliyyat”a başlamazdan öncə belə böyük itkilərin olacağını ağlının ucundan belə keçirmirdi.
Bu gün isə “qəhrəman və döyüşkən rusiyalı gənclər”in böyük hissəsi Rusiyadan qaçıb. Qaçan qaçıb, qaçmayanlar da qaçmağa yol axtarır.
ABŞ-ın Avropadakı Quru Qoşunlarının sabiq komandanı general Ben Xocesin dediyi kimi, Rusiyadan qaçanların sayı Putinin səfərbərliyə cəlb edə bildiklərinin sayından az qala iki dəfə çoxdur. Artıq həbsxanalardakı kişi məhbuslar bir yana, qadın məhbusları da cəbhəyə göndərmək barədə söz-söhbətlər, təkliflər dolaşır...
Bütün bunların fonunda Rusiya Müdafiə Nazirliyinin Putinin iştirakı ilə keçirilən son kollegiya iclasında nazir Sergey Şoyqu Rusiya ordusunun şəxsi heyət sayının 1.5 milyon nəfərə, orduya çağırış yaşının isə 18-27 yaş aralığından 21-30 yaşa yüksəldilməsini təklif edib. Təbii ki, bu, Şoyqunun yox, sadəcə, onun dilindən səsləndirilən Putinin “ideyası”dır.
Ordunun sayının 1.5 milyona çatdırılması, onun reallıqda az qala iki dəfəyədək artırılması deməkdir. Çünki müharibədən əvvəl Rusiya ordusunun guya 1 milyon nəfərdən ibarət olduğuna dair şişirdilmiş rəqəmlər həqiqəti əks etdirmir.
Bəs, Rusiya indiki sosial, iqtisadi, siyasi, eləcə də əhalinin mənəvi-psixoloji durumu nəzərə alınmaqla, 1.5 milyonluq ordu yaratmaq iqtidarındadırmı?