Bu gün fevralın 24-ü Rusiyanın Ukraynaya qarşı başlatdığı işğalçılıq müharibəsinin 10-cu ayı tamamlanır. Ötən 10 ayın əsas yekunu nədir? Tərəflərin itkiləri və qazancları baxımdan Rusiya, yoxsa Ukrayna hazırda daha uğurlu mövqeyə sahibdir? Artıq yeni - 2023-cü ilə cəmi 1 həftə qalır. Tərəflər Yeni il atəşkəsinə gedəcəkmi?
Ukrayna hərbi siyasi rəhbərliyi hesab edir ki, Rusiya ilə heç bir atəşkəsə getmək olmaz, çünki Moskva bundan yenidən toparlanmaq və öz qüvvələrini qruplaşdırmaq üçün istifadə edəcək. Yəni atəşkəsin ən çox Rusiyaya lazım olduğu haqda rəylər var.
Maraqlıdır ki, məhz müharibənin 10-cu ayının tamamında ABŞ prezidenti Co Bayden ilk dəfə ukraynalı həmkarı Vladimir Zelenskini Ağ Evə dəvət edib. Təsadüfmü? Zelenski ilə birgə mətbuat konfransında Ağ Ev rəhbəri bir sıra diqqətçəkən açıqlamalar verib. Məsələn, bildirib ki, Ukrayna və Rusiya arasında müharibə Vladimir Putinlə danışıqlara getmədən keçinməyəcək.
Bayden vurğulayıb ki, Rusiya liderinin düşmən hesab edilib-edilməməsindən asılı olmayaraq, onunla dialoq beynəlxalq siyasətin əsası olaraq qalır. “Bütün siyasət personaldır, yəni gözlərin içinə baxmaqdır”, - deyən ABŞ prezidentinin sözlərinə görə, “dost və ya düşmən olmasından asılı olmayaraq, qarşı-qarşıya oturub gözlərin içinə baxmağı heç nə əvəz edə bilməz”.
Lakin Putinlə dialoqa hazır olmasına baxmayaraq, Bayden əmindir ki, Rusiya Ukrayna ilə müharibədə uduzur. ABŞ prezidenti bunun xüsusi əlaməti kimi, Rusiyanın mülki hədəflərə zərbələr endirməsinə keçməsini göstərib.
“Zelenski və mən birlikdə bu oğlanın qalib gəlməsinin qarşısını almaq üçün hər şeyi edəcəyik”, - deyə o əlavə edib.
Bəs müharibənin sonuna nə qədər qalır?
Bu arada ABŞ-ın Avropadakı qüvvələrinin keçmiş komandanı, istefada olan general Ben Hodges Krımın gələn yayın sonuna qədər, yəni 2023-cü il avqustun sonunadək azad ediləcəyini bildirib. Vaşinqtonda Atlantik Şurada keçirilən iclasda hərbi ekspert vurğulayıb ki, Krımı tanklar atmaqla azad etmək qətiyyən lazım deyil. Onun fikrincə, yarımadanı rus hərbçilərindən azad etmək üçün onun təchizat yollarını - Kerç körpüsünü və Melitopoldan keçən quru dəhlizini mütəmadi olaraq atəşə tutmaq kifayətdir. “Əgər ukraynalılar indi uzaqmənzilli ATACMS raketlərinə sahib olsaydılar, Krımda indi Rusiyanın istənilən qərargahını, nəqliyyat qovşağı və ya sursat anbarını bombalaya bilərdilər və bu, yarımadanı Rusiya silahlı qüvvələrinin mövcudluğu üçün yararsız edərdi”, - Hodces bildirib.
Amerikalı general hesab edir ki, ukraynalıların arsenalında hələ də bu silahların olmamasının səbəbi odur ki, ABŞ administrasiyasında həddən artıq çox adam rusları Krımı tərk etməyə məcbur etməyin mümkün olmasına şübhə edir. “Ürəklərinin dərinliyində bunun qeyri-mümkün olduğunu düşünürlər. Onlara görə, belə bir cəhd atom bombasının istifadəsi ilə eskalasiyaya səbəb olacaq”, - deyə o fikrini izah edib.
Lakin Hodcesə görə, Ağ Ev deməlidir ki, biz Ukraynanın qalib gəlməsini istəyirik və bunun üçün hər şeyi edəcəyik.
Ekspertlər bu və digər məqamlarla bağlı nə düşünür, 2023-cü ilin ilk aylarına proqnozları necədir?
Elxan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu müharibənin bitməsi barədə pessimistdir: “Hadisələrin gedişatı onu göstərir ki, gələn il də Rusiya-Ukrayna müharibəsi şiddətlə davam edəcək. Müharibə başlayanda belə pessimist fikirlər var idi ki, Kreml istədiyinə nail olacaq. Amma rus ordusu Kiyevə qədər yaxınlaşsa da, sonra geri çəkildi, Ukrayna ordusu müqavimətini artırdı. Üstəlik, ən müxtəlif dövlətlərdən Ukrayna dəstək görməyə başladı. Düzdür, bu dəstək kifayət qədər böyük deyildi, Ukrayna tərəfin yeni hərbi texnikaya, müxtəlif hərbi sənaye komplekslərinə ehtiyacı var idi. Bunlar müəyyən qədər ödənməyə çalışıldı.
Ukraynanın əsas dəstəkçisi Amerika oldu. Ən çox bu ölkə maliyyə ayırdı, hərbi texnika göndərdi. Müharibə başlayandan indiyədək Zelenski heç bir ölkəyə səfər etməmişdi. Bu da normal idi. Çünki müharibə gedir, ordusu itkilərlə üzləşir, cəmiyyətində problemlər var. Belə vəziyyətdə dövlət başçısı ölkəsini tərk etməməlidir. Haqlı olaraq, sual yaranır ki, o zaman Zelenski indi Amerikaya niyə səfər etdi? Bunun da səbəbləri ortadadır. Belə ki, Ukraynanın əsas maliyyə və hərbi dəstəkçisi ABŞ-dır. Yeni ildə Konqress daha böyük maliyyə yardımları etmək istəyir. Burada milyardlarla dollardan söhbət gedir. Belə bir məqamda ABŞ prezidenti ukraynalı həmkarını ölkəsində görmək istədi. Bunun da səbəbləri var idi. Dünyaya və Rusiyaya mesaj göndərilirdi ki, Amerika Ukraynaya dəstəyini davam etdirəcək.
Digər səbəb Baydenin şəxsi maraqları ilə bağlıdır. Zelenskini ölkəsinə gətirir və reytinqini düzəltmək istəyir. Çünki Zelenski Konqresdə çıxış etdi. Bu daha çox Baydeninin reytinqinin artırılmasına xidmət edirdi. Bütün bunlardan çıxış edib, deyə bilərik ki, gələn il də müharibə şiddətlə davam edəcək, Rusiya işğal etdiyi əraziləri qorumağa çalışacaq. Ukrayna isə əks həmlələr etməyə çalışacaq. Bu il belə həmlələr müəyyən qədər uğur gətirə bildi. Xersonun böyük hissəsi azad edildi. Amma bu hələ azdır. İşğalçı qüvvələri tamamilə Donbasdan çıxarmaq lazımdır. Krım məsələsi gündəmdə qalmağa davam edir. Ukrayna üçün açıq-aşkar çətin olacaq. Amma başqa alternativi də yoxdur. Əgər işğaldan qurtulmaq istəyirsə, sona qədər savaşı davam etdirməlidir.
Danışıqların perspektivini yüksək qiymətləndirmirəm. Düzdür, Bayden deyib ki, danışıqlar aparılmalıdır. Amma bu mümkünsüz görünür. Çünki Rusiya ilə Ukrayna arasında baxışlarda 180 dərəcə fərq var. Rusiya işğalı davam etdirmək, Ukrayna isə işğala son qoymaq istəyir. Belə bir vəziyyətdə hansı danışıqlardan söhbət gedə bilər? İndiyə qədər bir neçə dəfə danışıqlar oldu, amma heç bir nəticə vermədi. İndi heç bir beynəlxalq təşkilat və Baydendən başqa heç bir ölkə lideri danışıqlar barədə fikir bildirmir. Çünki bunun mənasız olduğunu çoxları anlayır. Belə bir vəziyyətdə təəssüf ki, biz gələn il də müharibənin şahidi olacağıq, itkiləri görəcəyik".
Niyaməddin Orduxanlı
BAXCP sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı isə, əvvəlki fikirlərinin bir daha üzərinə qayıtdı: “Rusiya-Ukrayna müharibəsində ən çox qazanan ABŞ-dır. Amerika Rusiya planını Ukraynanın vasitəsi ilə həyata keçirib. Çox təəssüf ki, dövlətçilik təcrübəsi olmayan Ukrayna prezidenti Zelenski bu məsələdə Amerikanın əlinə oynadı. Xatırlayırsınızsa, müharibənin ilk günündən Zelenskinin qəhrəman olmadığını və çox yanlış qərarlar verdiyini deyirdim. Zaman keçdikcə haqlı olduğum görünməkdədir. Zelenski Ukraynanı ən azı 50 il geri apardı. Milyonlarla insan qaçqın düşdü. On minlərlə ev viran oldu. Minlərlə insan həyatını itirdi. Ərazisinin bir çox hissəsi Rusiya tərəfindən işğal edildi. Böyük hissəsi minalandı.
Rusiya bütün qanunları pozaraq işğalçılıq edir. Kimsə Rusiyaya haqq qazandıra bilməz. Sadəcə, Zelenski Putinin ordu yerdə biləcəyini düşünməli, müharibədən yayınmalı, Amerikanın diktəsi ilə hərəkət etməməli idi. Düşünməliydi ki, Amerika Ukraynanı öz maraqları üçün ortada qoyacaq. İndi Ukranyanın bərpa olunması üçün trilyon dollarlarla lazım olacaq. Kim verəcək Ukraynaya? ABŞ? İnanmıram. Nəyinə lazımdır bu qədər vəsait versin?
Co Baydenin Zelenskini Ağ Evə dəvət etməsi heç nəyi dəyişməyəcək. Bu gün Amerika istəmir ki, müharibə Ukraynanın xeyrinə bitsin və yaxud da Rusiya müharibədən tam məğlub durumda çıxsın. Elə Amerikanın Ukraynaya ciddi silah verməməsinin də səbəbi budur. Nə qədər müharibə uzun çəkəcəksə, ABŞ maraqlarına cavab verəcək. Çünki Rusiya blokada şəraitində olmaqla yanaşı, gündəlik milyonlarla dollar itirir. 10 ayda Rusiya milyardlarla dolları itirib. Bu da Rusiyanın iqtisadiyyatına ciddi zərbə vurub. Zelenski müharibəni bitirmək istəyirsə, Putinlə danışıqlara başlamalıdır. Necə deyərlər, ziyanın yarısından qayıtmaq da xeyirdir. Putin heç bir normativ qərar qəbul etməyən, beynəlxalq hüququ tanımayan və istədiyi zaman gözlənilməyən addımı atmağa qadirdir".
Asif Nərimanlı
Siyasi analitik Asif Nərimanlı qış fəslindən çox şeyin asılı olduğunu düşünür: “Zelenskinin Ağ Evdə qəbul edilməsi və Baydenin açıqlamaları ABŞ-ın Ukraynaya sona qədər dəstəyinin nümayişi olsa da, əslində Vaşinqton müharibənin necə yekunlaşdırılmasının çıxış yollarını da axtarır. Çünki Ukrayna müharibəsindən ABŞ lazım olan qədər siyasi qazanc əldə etdi. Avropanı öz çətiri altında birləşdirə bildi, NATO-nu diriltdi, Qərb blokunu formalaşdırdı. İndi eskalasiya Ukrayna sərhədlərindən kənara çıxmadan prosesin başa çatdırılması lazımdır, lakin rəsmi Kiyev haqlı olaraq öz ərazi bütövlüyü məsələsindən geri çəkilmir. Yayılan məlumatlar da o yöndədir ki, Rusiyanın hazırda ilhaq etdiyi ərazilər saxlanılmaqla danışıqlar masası qurulsun, Ukrayna bunu qəbul etmir, hətta Krımın da azad edilməsi haqda düşünür.
ABŞ-ın bu məsələyə isti yanaşmadığı aydındır. İstisna deyil ki, Ağ Evdə Zelenski ilə bu məsələlər müzakirə edilib. Hadisələrin inkişafına Avropanın qışı necə keçirməsi də təsir edəcək. Bu, Rusiya ilə danışıqlar masasının qurulub-qurulmamasını da müəyyən edə bilər. Baydenin Putinlə danışmağın zəruriliyi haqda dedikləri də bu gözləntini artırır. Fikrimcə, Ukraynaya hərbi yardım artırılsa da, alternativ olaraq Rusiya ilə danışıqlar ssenarisi üzərində də iş aparılır. Növbəti ildə bu danışıqların mümkünlüyü istisna deyil, çünki qeyd etdiyim kimi, Avropanın qışda üzləşəcəyi çətinliklər də belə bir zərurəti yaradır".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”