İranda etirazların 100-cü günü: 500 nəfərin öldüyü təxmin edilir

26-12-2022, 11:18   


İranda etirazlar İranda etirazlarin 100-cü günü

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

İranda 1979-cu il inqilabından sonra hökumət əleyhinə ən uzunmüddətli etirazların 100-cü günüdür.

BBC-nin Farsca xidmətindən Parham Ghobadi-yə görə bu etirazların nəticəsi iranlılar üçün ağırdır. İran İnsan Haqları Fəalları Xəbər Agentliyinə (HRANA) görə indiyədək 69-u uşaq olmaqla ən az 500 nəfər etirazçı öldürülüb. Yayılan xəbərlərə görə, iki etirazçı idam edilib, 26 nəfərsə hələ öz edamını gözləyir.

Əvvəllər də 2017, 2018 və 2019-cu illərdə uzunmüddətli ümummilli nümayişlər İranı bürüsə də, son aksiyaların cəmiyyətin bütün təbəqələrinin qatılması və qadınların "qadın", "həyat" "azadlıq" şüarları ilə etirazlara rəhbərlik etməsi ilə fərqli olduğu bildirilir. Bəzi iranlı məşhur adlar etirazları dəstəklədikləri üçün ya saxlanılıb, ya da sürgünə getməli olublar. Bu adlardan biri də İranın məşhur aktyorlarından olan Təraneh Əlidoostidir. Əlidoosti hazırda Tehranın məşhur Evin həbsxanasında saxlanılır. Məşhur aktrisa başı açıq fotosunu paylaşaraq gənc etirazçının edamını pisləyib. Ona “Satıcı” filminin rejissoru Əsgər Fərhadi də dəstək olub.

"Ölüm təhdidləri"

Ölkəni tərk etməli olan məşhur aktyorlardan biri olan Pegah Ahangarani BBC Fars xidmətinə açıqlamasında ölkədə hər iki tərəfin radikallaşdığını və İranın artıq Məhsa Əmininin ölümündən əvvəlki dövrə qayıda bilməyəcəyini deyib. Bu ayın əvvəlində ABŞ-a köçən aktrisa Həmid Fərroxnezhad İranın ali lideri Ayətullah Əli Xamneyini Franko, Stalin və Mussolini kimi diktatorlara bənzədib. İranın məşhur futbolçularından biri, Dubayda yaşayan Əli Kərimi də etirazlara dəstək verib. Onun sözlərinə görə, İran kəşfiyyatçıları onu öldürməklə hədələyib və nəticədə o ABŞ-a köçməyə məcbur olub. Kərimi hazırda 14 milyondan çox izləyicisi olan İnstaqram hesabından İran rejimini ən açıq şəkildə tənqid edənlərdən biridir. İranın digər futbol ikonası Əli Daei, ümummilli tətilə dəstək üçün çıxdıqdan sonra İran məhkəməsi tərəfindən zərgərlik dükanı və restoranı bağlanıb. Bu aksiyaları əvvəlkilərdən fərqləndirən daha bir xüsusiyyət nümayişçilərin molotov kokteylindən istifadə etməsi olub. Bunlar Bəsic milisləri və Həvza bazalarına, eləcə də şiə müsəlman din xadimlərini yetişdirən dini məktəblərə qarşı istifadə edilib.

İranda etirazlar İranda etirazlarin 100-cü günü

ŞƏKLİN MƏNBƏYİ,REUTERS

İranın Z nəsli bu etirazların önündə olub, sərt dini qaydalara meydan oxuyur və hicabların yandırılması kimi yeni tendensiyalar ortaya qoyur. Gənc etirazçılar arasında daha bir yeni tendensiya şiə müsəlman din xadimlərinin arxasınca gedib, çalmalarını vurub salaraq, qaçmaqdır.

Bir yeniyetmə azadlığa çıxdıqdan iki gün sonra intihar edib

İran gəncləri də hicablarını yandıraraq və ya ölkənin sərt dini qaydalarına məhəl qoymadan etirazların ön cərgəsindədirlər. Gənclərin etiraz üsullarından biri də şiə din xadimlərinə arxadan yaxınlaşaraq başlarından əmmamələrini vurub salmaqdı. 16 yaşlı Ərşiyə Emamqolizadə ötən ay Təbrizdə bu hərəkətinə görə saxlanılıb. 10 gün həbsdə olan yeniyetmə azadlığa çıxdıqdan iki gün sonra intihar edib. Ailəsi onun həbsdə olarkən çubuqlarla döyüldüyü və naməlum dərmanlar verildiyi üçün intihar etdiyini deyir və rəsmi qurumları günahlandırır. İran hakimiyyətinin ailələrə təzyiq göstərdiyi və həyatını itirən nümayişçilərin cəsədləri ilə bağlı ailələri ilə "bazarlıq etməyə" - onları susdurmağa çalışdığı iddia edilir.

BBC Farscaya bir mənbə bildirib ki, belə bir təzyiqdən qorxan öldürülmüş etirazçının qardaşı onun meyitini meyitxanadan oğurlayıb, saatlarla şəhəri gəzib. 27 yaşlı Mehran Samakın İranın dünya çempionatından kənarlaşdırılmasından sonra avtomobilinin siqnalını çaldığına görə öldürüldüyü bildirilir. Həbsdə ölən 23 yaşlı Hamed Salahşorun ailəsi gəncin bədənində dəhşətli işgəncə izlərinin olduğunu bildirib. Bir çox saxlanılan şəxsin müxtəlif işgəncələrə məruz qaldığı bildirilir.

Edam və işgəncə

İndiyədək iki nəfər etirazlarla bağlı məhkum edildikdən sonra edam edilib. Ölüməməhkum edilənlərin çoxu işgəncəyə məruz qaldıqlarını bildiriblər.

Kürdüstan İnsan Haqları Şəbəkəsi qeyri-hökumət təşkilatı edama məhkum edilmiş kürd əsilli iranlı reper Saman Yasinin çərşənbə axşamı intihara cəhd etdiyini bildirib. Hüquq müdafiə qrupu daha əvvəl Yasinə həbsdə olarkən işgəncə edildiyini bildirib. BBC Farscanın əldə etdiyi audio faylda 26 yaşlı həvəskar bodibilder Səhənd Nurməhəmmədzadənin həbsxanada bir neçə dəfə saxta edamlara məruz qaldığını iddia edir.

O, sentyabrın 23-də Tehranda keçirilən etiraz aksiyası zamanı məhəccərləri sökərək magistral yolda nəqliyyatın hərəkətinə mane olmaqda günahlandırılıb, o, bunu təkzib edib. BBC Farsca həmçinin həbsdə olan radioloqun ağciyərini deşərək üç qabırğasının sındığını göstərən rentgen görüntüləri əldə edib. Doktor Həmid Ghare-Hasanlou ölüm cəzası nəzərdə tutan "Yer üzündə korrupsiya" cinayətində təqsirli bilinib. Məlumatlı mənbə Amnesty İnternational-a bildirib ki, doktor Ghare-Hasanlou məcburi "etiraf" almaq üçün işgəncələrə və pis rəftara məruz qalıb.

BBC.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.