Britaniya Baş naziri Winston Churchill-in ABŞ Konqresindəki 26 dekabr 1941-ci il tarixli çıxışı cəmi 30 dəqiqə davam etmişdi, amma elə güclü təəssürat yaratmışdı ki, onun Washington-a səfəri hələ də ən mühüm tarixi missiyalardan biri hesab olunur. Onda Britaniya artıq iki ildən çox idi ki, Hitler Almaniyasıyla müharibə aparırdı və ABŞ yenicə Yaponiyanın qəfil hücumuna məruz qalmışdı.
Konqres 81 il sonra, demək olar ki, eyni gündə və eyni dərəcədə təhlükəli yolu qət edib Amerika siyasətçilərindən kömək istəməyə gəlmiş başqa bir lideri, ərazisində müharibə gedən ölkənin rəhbərini qəbul etdi.
Təbii ki, İkinci Dünya müharibəsiylə Ukraynadakı müharibə arasında çox böyük fərq var, amma buna baxmayaraq Volodimir Zelenskini Washington-a dəvət etmiş Nensi Pelosi (Nümayəndələr Palatasının spikeri) iki səfər arasında paralellər apardı:
“Daha bir tarixi lider müharibə zamanı, demokratiyanın təhlükə altında olduğu bir vaxtda Konqresə müraciət edir”.
İkinci Dünya müharibəsində Winston Churchill-in adı dillər əzbəri olmuş, ingilislərin nasist Almaniyasına qarşı inadkar müqavimətinin sinoniminə çevrilmişdi.
Britaniya Baş naziri 1941-ci ilin dekabrında, müharibə artıq ABŞ-a da çatdıqdan sonra bu ölkəyə gedib.
Üç həftə əvvəl Yaponiya ABŞ-ın Pearl Harbordakı hərbi-dəniz bazasına hücum etmiş, Amerikanın Sakit Okean Donanmasının əhəmiyyətli bir hissəsini sıradan çıxarmışdı. Həmin hadisədən sonra Amerika gec də olsa, müharibəyə qoşuldu.
Winston Churchill-in səfəri Amerikada böyük maraq doğurdu, xeyli canlanma yaratdı.
O, Prezident Ruzveltlə birlikdə mətbuat konfransında iştirak etdi, hətta Washington-da ölkənin əsas yolkasının işıqlarını da yandırdı.
“Amerikalılar Winston Churchill-in əsas bacarıqlarından biriylə – kütləni həyəcanlandırmaq bacarığıyla tanış oldular” – həmin vaxt “Washington Post” qəzeti belə yazmışdı.
Ancaq əsas hadisə 1941-ci il dekabrın 26-da Winston Churchill Amerikanın qanunvericiləri, yüksək çinli məmurları və məşhur simalarıyla (Konqresmenlər arasında Nensi Pelosinin atası, Tomas D'Alesandro (oğul) da vardı) dolu zalda çıxış etdiyi zaman baş verdi.
Sürəkli alqışlar altında tribunaya qalxan Winston Churchill eynəyinin şüşələrini sildi və siyasi karyerasının ən mühüm nitqlərindən birini söylədi.
Baş nazir iki ölkə arasındakı dostluqdan, sıx əlaqələrdən və mədəniyyətlərinin oxşarlığından danışdı, sonra daha aktual və kədərli mövzulara keçdi.
"Əminəm ki, həm sizi, həm də bizi qarşıda ciddi sınaqlar gözlədiyini tam dərk edirsiniz. Qarşımıza çıxan qüvvə çox böyükdür. Onlar qəzəblidirlər, onlar amansızdırlar" deyən Çörçill Roma, Berlin və Tokionun yaratdığı “Məhvər” birləşməsini nəzərdə tuturdu.
"Xalqlarını müharibəyə və işğala yönəldən əclaflar və onların əlaltıları bilirlər ki, hücum etdikləri xalqları silah gücünə məğlub edə bilməsələr, onları dəhşətli qisas gözləyir. Ona görə də hər şeyə əl atacaqlar. Onlar böyük həcmdə müxtəlif silahlar toplayıblar; onların yaxşı təlim keçmiş, nizam-intizamlı əsgərləri, matrosları və pilotları var. Onların çoxdan düşünülmüş və cilalanmış planları var. Zorakılığa və xəyanətə meylləri nə diqtə edirsə-etsin, heç nə onları durdurmayacaq”.
“Kədərli günlər” barədə xəbərdarlıq edən Winston Churchill eyni zamanda optimizm nümayiş etdirdi, bildirdi ki, ABŞ-ın köməyilə müttəfiqlər yaxın üç ildə hadisələrin gedişini dəyişə biləcəklər. “Məhvər” dövlətlərini nəzərdə tutaraq "başa düşmürlər ki, biz onlara həm özlərinin, həm də bütün dünyanın heç vaxt unutmayacağı bir dərs keçməyincə müqavimətimizi dayandırmayacağıq" dedi.
Zaldakılar bu sözləri gurultulu alqışlarla qarşıladılar.
"Biz bir yerdəyik və azad insanlar üçün əziz olan hər şeyi müdafiə edirik" – Britaniyanın baş naziri çıxışını belə yekunlaşdırdı.
Ertəsi gün Amerika mətbuatı tərifli başlıqlarla dolu idi. “New York Times"-ın birinci səhifəsində böyük hərflərlə “KONQRES HEYRAN OLDU” yazılmışdı.
Volodimir Zelenskinin həmin günlərdən səksən il sonra baş tutmuş səfəri də eyni dərəcədə diqqət və həyəcan doğurdu.
Winston Churchill kimi, Zelenski də əvvəlcə Prezidentlə görüşdü, sonra Kapitoliyə getdi.
Ukrayna Prezidenti Konqresdəki çıxışında Winston Churchill-in adını çəkməsə də, sonda indiki vəziyyəti İkinci Dünya müharibəsiylə müqayisə etdi:
"Bu gün və burada dayanaraq Prezident Franklin Delano Ruzveltin müharibəsini xatırlayıram, çünki indiki vəziyyətə çox uyğundur. Amerika xalqı öz ədalətli gücüylə mütləq qələbəyə nail olacaq".
Winston Churchill kimi, Volodimir Zelenski də müharibə dövründə daim ictimaiyyət qarşısına çıxır, çıxışlar edir. Ukraynanı dəstəkləyənlərin gözündə o, artıq çoxdan qəhrəmana çevrilib.
Ancaq bir mühüm fərq var: Volodimir Zelenskinin müraciət etdiyi Konqres Winston Churchill-in dövründəki qədər yekdil deyil, respublikaçılar arasında ABŞ-ın Ukraynaya hərbi-maliyyə dəstəyindən narazılıq getdikcə artmaqdadır.
BBC.com