Ukraynadakı müharibə: münaqişənin 2023-cü ildəki inkişafı ilə bağlı beş proqnoz

29-12-2022, 15:15   



Ukrayna Rusiya müharibə

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Şəklin alt yazısı,

Azad edilmiş Svyatoqorsk şəhərində vurulmuş rus tankı

Ukraynadakı müharibə ikinci təqvim ilinə qədəm qoyur. BBC bir neçə hərbi ekspertdən 2023-cü ildə hadisələrin necə inkişaf edəcəyini soruşub.

Müharibə gələn il bitə bilərmi və bu, döyüş meydanında, ya danışıqlar masası arxasında ola bilər? Yoxsa münaqişə 2024-cü ilə qədər davam edəcək?

"Rusiyanın yaz hücumu həlledici olacaq"

Michael Clarke, Strateji Araşdırmalar İnstitutunun direktor müavini, Exeter, Böyük Britaniya

Böyük Avrasiya çöllərinin hər hansı bir yerində başqa ölkəni işğal etməyə cəhd edənlər qışı həmin çöllərdə keçirməyə məhkumdurlar.

Napoleon, Hitler və Stalin qışın ortasında öz ordularını çöllərdə manevr etdirməli olublar. İşğal planı yaxşı işləmədiyi üçün indi də Vladimir Putin qoşunlarını Rusiyanın yeni yaz hücumu başlayana qədər çöllükdə qışlamağa məcbur etməli olur.

Hər iki tərəfin fasiləyə ehtiyacı var, amma əməliyyatları davam etdirmək baxımından ukraynalılar daha yaxşı təchiz və motivasiya olunublar; gözləmək olar ki, onlar ən azı Donbasda rusiyalıları sıxışdırmağa davam edəcəklər.

Ukrayna hərbçiləri Kremennaya və Svatovo bölgələrində böyük bir irəliləyişin astanasındadırlar və bu irəliləyiş Rusiya qoşunlarını 2022-ci ilin fevralında işğalın başladığı yerdən çox da uzaqda olmayan növbəti təbii müdafiə xəttinə doğru 60 kilometr geri oturdacaq.

Kiyev bununla kifayətlənmək istəməyəcək, xüsusən də o bölgədə qələbəyə bu qədər yaxınkən. Ancaq Xerson məsələsi həll edildikdən sonra, Ukraynanın cənub-qərbdəki hücum əməliyyatları dayana bilər.

Rusiyanın Krıma gedən avtomobil yolu və dəmiryolu əlaqələrinə problem yaratmaq üçün döyüşərək Dnepri keçmək çox çətin ola bilər. Amma Ukrayna Silahlı Qüvvələrinin hücuma keçəcəyi ehtimalını istisna etmək olmaz.

2023-cü ildə həlledici faktor Rusiyanın yaz hücumunun nəticəsi olacaq. Putin etiraf etdi ki, bu yaxınlarda səfərbər edilənlənrin təxminən 50 mini artıq cəbhədədir; qalan 250 min nəfərsə 2023-cü ildə hərbi əməliyyatlarda iştirak etmək üçün hazırlanır.

Döyüş meydanında Rusiyanın bu yeni qoşunlarının taleyi həll olunmayana qədər müharibənin davam etməyindən başqa ssenari yoxdur.

Yeganə mümkün ssenari qısa və qeyri-sabit atəşkəsdir. Hər iki tərəf mövqeyini açıq şəkildə bildirdi - Putin dayanmayacağını, Ukrayna tərəfi isə öz ölkəsi üçün döyüşəcəyini dedi.

"Ukrayna öz torpaqlarını geri alacaq"

Andrey Piontkovski, alim və analitik, Washington

2023-cü ilin yazından gec olmayaraq Ukrayna qalib gələcək və ərazi bütövlüyünü tam bərpa edəcək. Bu qənaəti doğuran iki amil var.

Birincisi Ukrayna hərbçilərinin və bütövlükdə Ukrayna xalqının müasir hərb tarixində görünməmiş motivasiyası, qətiyyəti və cəsarətidir.

Ukrayna Rusiya müharibə

ŞƏKLİN MƏNBƏYİ,REUTERS

Şəklin alt yazısı,

Ukrayna artilleriyası dekabrın 26-da Baxmut yaxınlığında hərəkətə keçib.

İkinci amil ondan ibarətdir ki, Qərb uzun illər Rusiya diktatorunu sakitləşdirməklə məşğul olduqdan sonra, nəhayət ki, püxtələşib və üzləşdiyi tarixi problemin miqyasını dərk edib. NATO-nun baş katibi Yens Stoltenberqin son bəyanatı bunu ən yaxşı şəkildə nümayiş etdirir:

"Bizim ödədiyimizin qiyməti pulla ölçülür. Ukraynalılarsa qanla ödəyirlər. Avtoritar rejimlər gücdən istifadənin bəhrə verdiyini görsələr, hamımız daha böyük bədəl ödəyəcəyik. Və dünya hamı üçün daha təhlükəli yer olacaq".

Ukraynanın qaçılmaz qələbəsinin dəqiq vaxtını NATO-nun qüvvələr balansını dəyişdirəcək yeni silah paketini (tanklar, təyyarələr, uzaqmənzilli raketlər) döyüş meydanına çatdırma sürəti müəyyənləşdirəcək.

Mən yaxın aylarda (bəlkə də həftələrdə) Melitopolun əsas nöqtəyə çevriləcəyini gözləyirəm. Melitopolu ələ keçirən ukraynalılar asanlıqla Azov dənizinə doğru irəliləyərək Krımın təchizat və rabitə xətlərini effektiv şəkildə kəsəcəklər.

Ukraynanın döyüş meydanındakı sarsıdıcı qələbələrindən sonra texniki danışıqlarda Rusiyanın təslim olması rəsmi şəkildə razılaşdırılacaq.

Qalib dövlətlər - Ukrayna, Böyük Britaniya və ABŞ beynəlxalq təhlükəsizliyin yeni arxitekturasını formalaşdıracaqlar.

"Sonu görünmür"

Barbara Zanchetta, London Kraliyyət Kollecinin Müharibə Araşdırmaları Departamenti

Vladimir Putin ümid edirdi ki, digər ölkələrin hər hansı əhəmiyyətli iştirakı olmadan Ukrayna özündən güclü qonşusunun hərəkətlərini passiv şəkildə qəbul edəcək. Bu ciddi dərəcədə səhv hesablama uzun sürən və hələ ki sonu görünməyən münaqişəyə gətirib çıxardı.

Qış çətin keçəcək, çünki Rusiya Ukraynanın infrastrukturlarına hücum etməklə onsuz da yorğun və zəifləmiş olan əhalinin mənəvi ruhunu və dözümünü qırmaq istəyir. Ancaq ukraynalılar son dərəcə böyük mətanət nümayiş etdirdilər. Onlar möhkəm dayanacaqlar. Və müharibə davam edəcək.

Danışıqların perspektivi ürəkaçan deyil. Potensial sülh sazişi ən azı bir tərəfin əsas tələblərinin dəyişdirilməsini tələb edəcək, amma bunun baş verdiyinə və ya tezliklə baş verəcəyinə dair heç bir sübut yoxdur.

Müharibə nə vaxt bitəcək?

Müharibənin həm maddi, həm də insani itkiləri Rusiya siyasi elitasını parçalaya və müharibəyə dəstəyi azalda bilər. Münaqişənin sona çatmasının açarı Rusiyadadır.

Rəhbərliyin səhv hesablamalarının həlledici amil olduğu keçmiş müharibələr (ABŞ üçün Vyetnam, Sovet İttifaqı üçün Əfqanıstan) belə başa çatıb. Yanlış hesablamalara yol vermiş ölkədə daxili siyasi vəziyyət dəyişib və bu, münaqişənin "şərəfli" və ya çox da şərəfli olmayan şərtlərlə bitməsini yeganə məqbul varianta çevirib.

Ancaq bu, ancaq o halda baş verə bilər ki, Qərb müharibənin zərərlərinə görə artan narazılıqlara rəğmən Ukraynanı ciddi şəkildə dəstəkləməyə davam etsin.

Təəssüf ki, bu, siyasi iradələrin uzunmüddətli siyasi, iqtisadi və hərbi savaşı olacaq. Və çox güman ki, 2023-cü ilin sonuna qədər bitməyəcək.

"Rusiya məğlub olacaq - başqa variant yoxdur"

Ben Hodges, Avropadakı ABŞ quru qoşunlarının keçmiş komandanı

Hələ ki Kiyevdə qələbə paradı planlaşdırmaq tezdir, amma üstünlük Ukraynanın tərəfindədir və mən onların, ola bilsin, hətta gələn il qalib gələcəyinə şübhə etmirəm.

Qışda hadisələr daha yavaş inkişaf edəcək, amma Britaniya, Kanada və Almaniyadan gələn qış texnikası sayəsində Ukrayna qüvvələri, şübhəsiz ki, qışdan rusiyalılara nisbətən daha yaxşı vəziyyətdə çıxa biləcək.

Yanvarda Ukrayna kampaniyanın son mərhələsinə - Krımın azad edilməsinə başlaya biləcək.

Tarix bizə öyrədir ki, müharibə iradə və logistika sınağıdır. Ukrayna xalqının və əsgərlərinin qətiyyətini, Ukraynanın maddi-texniki vəziyyətinin sürətlə yaxşılaşdığını nəzərə alsaq, mən Rusiyanın məğlubiyyətindən başqa variant görmürəm.

Bu qənaətə gəlməyimin bir səbəbi də Rusiya qoşunlarının Xersondan çıxmasıdır. Birincisi, bu, Ukrayna xalqının psixoloji qələbəsidir. İkincisi, Kreml üçün böyük utancdır; üçüncüsü, Ukrayna qoşunları əməliyyat üstünlüyü əldə ediblər - Krıma aparan yolların hamısı artıq Ukrayna silah sistemləri üçün əlçatandır.

Hesab edirəm ki, 2023-cü ilin sonuna qədər Krım tam şəkildə Ukraynanın nəzarəti altına qaytarılacaq. Ola bilsin, Rusiyaya Sevastopoldakı hərbi dəniz bazasını tədricən ləğv etməyə imkan verən bir razılaşma da əldə olunsun və bu, hətta Krımın Rusiya tərəfindən qeyri-qanuni ilhaqına qədər mövcud olmuş müqavilənin müddəti (təxminən 2025-ci ilə qədər) bitmədən baş versin.

Azov dənizi sahillərində Ukrayna infrastrukturunun, o cümlədən, mühüm Mariupol və Berdyansk limanlarının yenidən qurulmasına səy göstəriləcək. Daha bir vacib layihə Dnepr suyunu Krıma yönəldən Şimali Krım kanalının fəaliyyətinin bərpasıdır.

"Daha artığını gözləyin"

David Gendelman, hərbi ekspert, İsrail

Məncə, hər bir tərəf növbəti mərhələdə bunlara nail olmaq istəyir.

Səfərbər edilən 300 min rusiyalının ancaq yarısı döyüş bölgəsindədir. Qalanları və Xersondan çıxarılan qüvvələr Rusiyaya yeni hücuma keçmək imkanı verir.

Luqansk və Donetsk vilayətlərinin işğalı davam edəcək, amma Rusiya qoşunlarının ciddi dərəcədə irəliləməsi, məsələn, Donbasdakı Ukrayna qüvvələrini mühasirəyə almaq üçün cənubdan Pavloqrada keçmələri ehtimalı azdır.

Çox güman, indiki taktika davam edəcək - Ukrayna qoşunlarının dar istiqamətlərdə tədricən geri oturdulması və Baxmut və Avdiivka bölgələrində olduğu kimi ləng irəliləyiş. Ola bilsin, eyni taktika Svatovo-Kremennaya istiqamətində də tətbiq edilsin.

Ukraynanın enerji infrastrukturuna və arxa cəbhəsinə hücumlar da "tükəndirici müharibə" strategiyasının tərkib hissəsidir.

Rusiya qoşunları Xersondan geri çəkiləndən sonra Ukrayna ordusu əhəmiyyətli qüvvələr azad etmiş oldu. Hazırda Ukrayna Silahlı Qüvvələri üçün ən əhəmiyyətli strateji hədəf Rusiyanın Krıma gedən quru dəhlizini bağlamaq üçün cənuba - Melitopol və ya Berdyanska istiqamətlənməkdir. Bu, Ukrayna üçün böyük qələbə olardı, ona görə də rusiyalılar Melitopolu möhkəmləndirirlər.

Ukrayna üçün başqa bir variant Svatovodur. USQ-nin ordakı uğurları Rusiya cəbhə xəttinin bütün şimal cinahını təhlükə altına atacaq.

Ancaq əsas sual budur ki, hazırda Ukrayna qüvvələrinin hansı hissəsi hücuma hazırdır, yeni briqada və korpusların formalaşdırılması və döyüş hazırlığıyla bağlı general Zalujnının masasında necə bir qrafik var; şəxsi heyət, zirehli texnika və ağır silahlar da dail olmaqla, onlar nə vaxt hazır olacaqlar - bir, iki, yoxsa üç aydan sonra?

Bu sualın cavabını şaxtalar düşəndə biləcəyik. Onda müharibənin necə bitəcəyini anlamaq indikindən bir az asan olacaq.

BBC bu məqalə üçün ekspert seçimində hərbi təcrübə fakoruna və müxtəlif mövqelərin əks etdirilməsi prinsipinə əsaslanıb.

BBC.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.